Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi layihəsi üzrə monitorinq qrupunun hüquqi analiz üçün təqdim etdiyi materialdan təhlil edilib seçilmiş məqalələr

Noyabr-2007

Hüquqşünas Ələsgər Məmmədli

Media Hüququ üzrə ekspert

2007-ci il noyabr ayını əhatə edən qəzetlərdən yüzlərlə seçilmiş məqalə hüquqi baxımdan analiz edildi. Bu Məqalələrdə diffomasiya (qarayaxma) baxımından məhkəmə perspektivi olub-olmaması araşdırıldı. Söz azadlığının və mətbuat azadlığının geniş tutulması əsas götürülərək bir çox məqalə Azərbaycanın mövcud məhkəmə tətbiqində problemli ola biləcəyinə baxmayaraq, biz daha kobud qanun pozuntuları olma ehtimalı olan 35 məqaləni ayırdıq. Bunlar aşağıdakı qəzetlərdən seçilən məqalələrdir:

  1. İdeal qəzeti 6 məqalə
  2. Səs qəzeti 6 məqalə
  3. Bizim yol qəzeti 5 məqalə
  4. Xural qəzeti 4 məqalə
  5. Olaylar qəzeti 3 məqalə
  6. Azərbaycan qəzeti 3 məqalə
  7. Paralel qəzeti 2 məqalə
  8. Kaspi qəzeti 1 məqalə
  9. Xalq qəzeti 1 məqalə
  10. Mərkəz qəzeti 1 məqalə
  11. İki sahil qəzeti 1 məqalə
  12. Yeni Azərbaycan qəzeti 1 məqalə
  13. Reytinq qəzeti 1 məqalə
  14. 24 saat qəzeti 1 məqalə
  15. Alternativ qəzeti 1 məqalə

Cinayət hüququ baxımından;

Ekspertizadan keçirilən 35 qəzet yazısının 23-də birbaşa diffomasiya- vardır. Bunlar Hal-hazırda qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin 147.1 və 147.2 (Böhtan), habelə 148 (Təhqir) maddələrinin pozulması faktı kimi qiymətləndirilə bilər. Bu yazılarda müəlliflər haqqında yazdıqları şəxslərin şərəf və ləyaqətinə, habelə nüfuzuna ziyan vurmaq məqsədi ilə yalan olduğunu bildiyi halda böhtan və təhqirə yer vermiş, həmin şəxsləri qaralamaq, nüfuzuna ziyan vurmaq yolunu tutmuşdur.

Bunlar aşağıdakı qəzetlərdə olan məqalələrdir:

  1. Bizim yol - 5
  2. Xural – 4
  3. İdeal -3
  4. Səs -3
  5. Olaylar -3
  6. Paralel -2
  7. Azərbaycan – 1
  8. İki sahil -1
  9. Mərkəz -1
  10. Alternativ -1
  11. Yeni azərbaycan -1

Mülki hüquq baxımından;

35 yazının 12-də cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və Kütləvi İnformasiya Vasitələri haqqında Qanununa zidd olan, bəzi şəxslərin mənafelərinə toxunan ifadələr var. Bu yazılar aşağıdakılardır:

  1. İdeal -3
  2. Səs -3
  3. Azərbaycan -2
  4. Xalq -1
  5. Reytinq - 1
  6. Kaspi -1
  7. 24 saat -1

Həmin yazılarda Tərəfli, qərəzli, obyektivlikdən uzaq və balansı olmayan, aşağılayicı və yalan ifadələr var. Jurnalist etikası pozulub, yalana yer verilib, təhqiramiz ifadələr işlədilib.

Bu da öz növbəsində Konstitusiyamızın 32-ci maddəsində nəzərdə tutulan Hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi həyata müdaxilənin yolverilməzliyi, Konstitusiyanın 46-cı maddəsində təminat altına alınan “Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz” prinsipləri və eyni zamanda Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan “Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz” müddəasının ciddi şəkildə pozulmasıdır. Bununla bərabər Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 10-cu maddəsində nəzərdə tutulan Kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyini əhatə edən, “vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, ... materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmirmüddəasının kobud şəkildə pozulmasıdır.

Belə olan halda mülki Məcəllənin 23-cü maddəsində şəxslərə verilən Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi imkanından zərər çəkən tərəflərin istifadə etmək hüququ yaranır.

Mülki Məcəllənin 23-cü maddəsi imkan verir ki, “Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb etsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.

Hüquqi baxımdan analiz edilən 35 yazının cinayət hüququnun pozulması faktları da (23 fakt) daxil olmaqla 35-də, yazıdan zərər çəkən tərəflərin Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsini təmin etmək üçün məhkəməyə müraciət etmək imkanı yaranır.

Yuxarıda qeyd edilən 23 məqalə cinayət hüququ baxımından perspektivi olmaqla bərabər, hər bir məqalədə hüququ pozulan şəxslərin və qurumların Mülki hüquq baxımından məhkəmə perspektivi var.

Belə ki, Konstitusiyamızın 32-ci maddəsində nəzərdə tutulan Hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi həyata müdaxilənin yolverilməzliyi, Konstitusiyanın 46-cı maddəsində təminat altına alınan “Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz” prinsipləri və eyni zamanda Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan “Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz” müddəası ciddi şəkildə pozulmuşdur.

Diffomasiya təşkil edən yazıların hamısı Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 10-cu maddəsində nəzərdə tutulan “vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, ... materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir

Müddəasının kobud şəkildə pozulmasıdır. Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 60-cı maddəsinə görə vətəndaşların şəxsi həyatına qəsd etdikdə, qanunvericiliyi pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət yaranır.

Peşə davranış Qaydaları baxımından;

Analiz edilən 35 yazının hər birində 15 mart 2003-cü ildə Təsis edilən Mətbuat Şurasının təsis Qurultayında qəbul edilən “Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydaları”nda nəzərdə tutulan 4 Prinsipdən 3-ü bu və ya digər formada pozulub.

Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydalarının 1-ci Prinsipində nəzərdə tutulan Həqiqətə xidmət, dəqiqlik və obyektivlik, 2-ci Prinsipində nəzərdə tutulan İnformasiya qaynağına sayğılı yanaşma və 3-cü Prinsipində nəzərdə tutulan Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı qaydaları pozulmuşdur.