Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi layihəsi üzrə monitorinq qrupunun hüquqi analiz üçün təqdim etdiyi materialdan təhlil edilib seçilmiş məqalələr

Dekabr-2007

Hüquqşünas Ələsgər Məmmədli

Media Hüququ üzrə ekspert

2007-ci il dekabr ayını əhatə edən onlarla həftəlik və günlük qəzetlər və jurnallardan seçilmiş yüzlərlə məqalə hüquqi baxımdan analiz edildi. Bu Məqalələrdə diffomasiya (qarayaxma) baxımından məhkəmə perspektivi olub-olmaması araşdırıldı. Söz azadlığının və mətbuat azadlığının geniş tutulması əsas götürülərək, bir çox məqalə Azərbaycanın mövcud qanunvericiliyi baxımından ciddi şəkildə analiz edilmiş, Avropa İnsan Hüquqları Məhkəməsinin prisedent hüququ da diqqətə alınaraq mülki və cinayət hüququ baxımından müəyyən edilən pozuntular seçilmişdir. Bu xüsusiyyətlər nəzərə alınaraq, Azərbaycan qanunvericiliyinin pozulduğu ehtimal edilən 25 məqalə təqdim edilmişdir. Bunlar aşağıdakı qəzetlərdən seçilən məqalələrdir:

  1. Müasir Müsavat 9 məqalə
  2. Səs 4 məqalə
  3. Xural 3 məqalə
  4. Paralel 2 məqalə
  5. Xalq Cəbhəsi 1 məqalə
  6. Reytinq 1 məqalə
  7. Azadlıq 1 məqalə
  8. İdeal 1 məqalə
  9. Bizim yol 1 məqalə
  10. Yeni Müsavat 1 məqalə
  11. İki Sahil 1 məqalə

Ekspertiza zamanı 25 məqalənin 9-da birbaşa diffomasiya olduğu qənaətinə gəlinmişdir. Bunlar Hal-hazırda qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin 147.1 və 147.2 (Böhtan), habelə 148 (Təhqir) maddələrinin pozulması faktı kimi qiymətləndirilə bilər. Digər, 16 məqalədə isə cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və Kütləvi İnformasiya Vasitələri haqqında Qanununa zidd olan, bəzi şəxslərin mənafelərinə, işgüzar nüfuzuna, şəxsi həyatına toxunan ifadələr vardır.

Cinayət hüququ baxımından;

25 qəzet yazısının 9-da ehtimal edilən cinayət məcəlləsinin pozulması halları Hal-hazırda qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin 147.1 və 147.2 (Böhtan), habelə 148 (Təhqir) maddələrinin tələblərinin kobud şəkildə pozulması faktı kimi qiymətləndirilə bilər. Bu yazılarda müəlliflər, haqqında yazdıqları şəxslərin şərəf və ləyaqətinə, habelə nüfuzuna ziyan vurmaq məqsədi ilə yalan olduğunu bildiyi halda böhtan və təhqirə yer vermiş, həmin şəxsləri qaralamaq, nüfuzuna ziyan vurmaq yolunu tutmuşdur.

Bunlar aşağıdakı qəzetlərdə olan məqalələrdir:

  1. Müasir Müsavat – 7 (78%)
  2. Səs – 1 (11%)
  3. İki Sahil – 1 (11%)

Mülki hüquq baxımından;

25 yazının 16-da cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və Kütləvi İnformasiya Vasitələri haqqında Qanununa zidd olan, bəzi şəxslərin mənafelərinə, işgüzar nüfuzuna, şəxsi həyatına toxunan ifadələr vardır. Bu yazılar aşağıdakılardır:

  1. Xural -3
  2. Səs -3
  3. Müasir Müsavat -2
  4. Paralel -2
  5. Azadlıq - 1
  6. Reytinq - 1
  7. Yeni Müsavat -1
  8. Bizim yol -1
  9. Xalq Cəbhəsi – 1
  10. İdeal -1

Həmin yazılarda Tərəfli, qərəzli, obyektivlikdən uzaq və balansı olmayan, aşağılayicı və yalan ifadələrə yer verildiyi müşahidə edilmişdir. Jurnalist etikasının pozulması, yalan ifadələrlə şəxslərin nüfuzuna toxunulduğu, təhqiramiz ifadələrin işlədildiyi görülmüşdür.

Bu da öz növbəsində Konstitusiyamızın 32-ci maddəsində nəzərdə tutulan Hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi həyata müdaxilənin yolverilməzliyi, Konstitusiyanın 46-cı maddəsində təminat altına alınan “Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz” prinsipləri və eyni zamanda Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan “Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz” müddəalarının ciddi şəkildə pozulması kimi qiymətləndirilə bilər. Bununla bərabər Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 10-cu maddəsində nəzərdə tutulan Kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyini əhatə edən, “vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, ... materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmirmüddəasının kobud şəkildə pozulması müşahidə edilmişdir. Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 60-cı maddəsinə görə vətəndaşların şəxsi həyatına qəsd etdikdə, qanunvericiliyi pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət yaranır.

Belə olan halda mülki Məcəllənin 23-cü maddəsində şəxslərə verilən Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi imkanından zərər çəkən tərəflərin istifadə etmək hüququ yaranır.

Mülki Məcəllənin 23-cü maddəsi imkan verir ki, “Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb etsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.

Mülki Məcəllənin 23-cü maddəsinin şərh edildiyi Konstitusiya Məhkəməsinin qərarı ilə 23-cü maddə hüquqi şəxslərin də qorunmasını əhatə edir.

Hüquqi baxımdan analiz edilərək pozuntu olduğu müəyyən edilən 25 yazının cinayət hüququnun pozulması faktları da (9 fakt) daxil olmaqla 25-də də, yazıdan zərər çəkən tərəflərin Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsini təmin etmək üçün məhkəməyə müraciət etmək imkanı yaranır.

Peşə davranış Qaydaları baxımından;

Pozuntuların olduğu müəyyən edilən 25 yazının hər birində 15 mart 2003-cü ildə Təsis edilən Mətbuat Şurasının təsis Qurultayında qəbul edilən “Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydaları”nda nəzərdə tutulan 4 Prinsipdən 3-ü bu və ya digər formada pozulub.

Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydalarının 1-ci Prinsipində nəzərdə tutulan Həqiqətə xidmət, dəqiqlik və obyektivlik, 2-ci Prinsipində nəzərdə tutulan İnformasiya qaynağına sayğılı yanaşma və 3-cü Prinsipində nəzərdə tutulan Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı qaydalarının pozulduğu açıq formada müşahidə edilmişdir.