Onun azad, demokratik və çagdaş Azərbaycan arzusu bizim də arzumuzdur!

Nəcəf Nəcəfov... bu ad çağdaş dövrümüzdə azad mətbuatın bir rəmzidir. O, təkcə "Azadlıq" qəzetinin yaradıcısı kimi xatırlanmır. Azadlıq və demokratiya ugrunda mübarizəsi onun qəbrini  and yerinə çevirib. Onun xatirəsi ölməzdir...

Nəcəf Nəcəfov Fondu

www.nnf.az 

 

ANA SƏHİFƏ
NƏCƏF NƏCƏFOV
FOND
LAYİHƏLƏRİMİZ
MEDIADA BIZ
Press-relizlər
KİTABXANA
PRESSA
ƏLAQƏ
Linklər

"İlk xatirələr" kitabı "Yoxluğun..." kitabı Fotoalbom

Nəcəf Nəcəfov "Şöhrət" ordeninə layiq görüldü

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərancamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi munasibətilə Azərbaycan jurnalistikasının inkişafindaki xidmətlərinə görə Nəcəfov Nəcəf Adil oglu (ölümündən sonra) "Şöhrət" ordeni ilə təltif olunub. 

Şərəfli ömür yolu

Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Xalq hərəkatının öncüllərindən biri, Azərbaycan demokratik mətbuatının banilərindən olan Nəcəf Adil oğlu Nəcəfov 1955-ci il iyunun 24-də Bakı şəhərində anadan olmuşdur.
O 1962-72-ci illərdə Nərimanov rayonundakı 202 saylı orta məktəbdə oxumuşdur. Məktəbi bitirdikdən sonra SSRİ Dövlət Bankı Azərbaycan Kontorunun mətbəəsində çapçı işləmişdir (VIII.1972-IV.1973). 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsinə girərək 1977-ci ildə oranı bitirmişdir. Həmin ilin avqustundan o, təyinatla adı çəkilən bankın indiki Xətai rayon şöbəsində iqtisadçı işləməyə başlamış, dekabrda sözügedən Kontorda baş iqtisadçı vəzifəsinə keçirilmişdir. 1978-ci ilin iyununda o, öz ərizəsinə və SSRİ Dövlət Bankı İdarə Heyətinin yazılı razılığına əasən həmin işdən çıxmış və curnalist fəaliyyətinə başlamışdır. Belə ki, o 1978-ci ilin iyunundan 1979-cu ilin fevralınadək Azərbaycan Dövlət Teleradio Komitəsində ştatdankənar müxbir işləmiş, radionun rus və türk redaksiyaları, televiziyanın rus redaksiyası üçün materiallar hazırlamışdır.
Nəcəf Nəcəfov 1979-cu ilin fevralında "İnşaatçı-Stroitel" qəzetinə tərcüməçi götürülmüş, həmin qəzetdə 1981-ci ilin martından baş müxbir, 1982-ci ilin aprelindən isə redaktor müavini əvəzi işləməyə başlamışdır.
1984-cü ilin aprelindən N.Nəcəfov "Vışka" qəzetində sənaye şöbəsinə müdirlik etmiş, 1985-ci ilin iyunundan təbliğat və kommunist tərbiyəsi şöbəsinin müdirliyinə keçirilmişdir.
N.Nəcəfov 1970-1983-cü illərdə ÜİLKGİ, 1984-1990-ci illərdə Sov.İKP üzvü olmuşdur. 1984-cü ilin yanvarından SSRİ Jurnalistlər İttifaqının üzvü idi.
Yüksək intellektual səviyyəsinə və təşkilatçılıq bacarığına görə o, respublika rəhbərliyinin diqqətini cəlb etdi və 1986-cı ilin 28 aprelində "Molodyoc Azerbaydjana" qəzetinin redaktoru təyin edildi. "Molodyoj Azerbaydjana" onun rəhybərliyi altında qısa müddətdə respublikanın ən tanınmış mərkəzi mətbu orqanlarından birinə çevrildi. Dağlıq Qarabağ probleminin süni surətdə ortaya atıldığı 1987-1988-ci illərdə respublikanın bir çox kütləvi informasiya vasitələrindən fərqli olaraq "Molodyoc Azerbaydjana" qəzeti erməni separatçılarının Azərbaycana qarşı həyata keçirdiyi siyasətin mahiyyətini ifşa edərək öz səhifələrində onlara tutarlı cavablar verirdi. Azərbaycanın o zamankı kommunist rəhbərliyi Nəcəf Nəcəfovun həmin illərdə ortaya qoyduğu əsl vətənpərvərlik mövqeyindən təşvişə düşərək ondan açıq narazılıq bildirməyə başladı. Bu işdə respublika komsomolunun rəhbərliyi də ciddi canfəşanlıq göstərirdi. 1988-ci ilin noyabrında 19 günlük möhtəşəm Meydan epopeyası başlayanda Nəcəf Nəcəfov "Molodyoj Azerbaydcana" qəzetini xalqın ruporuna çevirdi və bununla da Mərkəzi Komitə rəhbərliyinin qəzəbinə tuş gələrək Azərbaycan MK bürosunun 5 dekabr, Azərbaycan LKGİ MK bürosunun 22 dekabr 1988-ci il tarixli qərarları ilə vəzifəsindən kənarlaşdırıldı.
"Bakinski raboçi" qəzetinin sosial siyasət şöbəsinə müdir keçirilsə də (23.XII.1998 - 24.VII.1989) o artıq öz həyat yolunu müəyyənləşdirmişdi - Azərbaycan Xalq hərəkatını seçmişdi. Qısa bir müddətdə (iyul-dekabr 1989) "Azərbaycan" jurnalında əmək müqaviləsilə ədəbi işçi vəzifəsində çalışsa da o artıq bütün vaxtını siyasətə həsr edirdi.
1989-cu ilin 16 iyununda Azərabycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü seçilən Nəcəf Nəcəfov həmin ilin 5 dekabrında "AXC bülleteni" və "Azadlıq" qəzetinin redaktoru təyin edildi və bu qəzet tezliklə ümummilli mətbuat orqanına çevrildi. Yeri gəlmişkən, göstərək ki, N.Nəcəfov "Turan" informasiya agentliyinin də təsisçilərindəndir.
Daim siyasi proseslərin mərkəzində olan Nəcəf Nəcəfov həmişə əsl vətəndaşlıq mövqeyindən çıxış etmiş, kütlələri azadlıq və demokratiya uğrunda mübarizəyə çağırmışdır. 20 Yanvar faciəsi günlərində o, özünün xalq yolunda qurban getməyə hazır olduğunu əyani şəkildə göstərmişdir. Belə ki, o, rus qoşunlarının qarşısını kəsmiş əliyalın soydaşlarının ilk cərgəsində dayanmış və aldığı zərbədən gecə səhərədək huşsuz qalmış, yalnız təsadüf nəticəsində ölümdən qurtulmuşdur.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə Nəcəf Nəcəfovun siyasi fəaliyyətinin ana xətti idi. O 1990-1995-ci illərdə Azərbaycan parlamentinin - Milli Məclisinin üzvü, millət vəkili olarkən də həmişə məhz bu xəttə sadiq qalmışdır. Sevindiricidir ki, 18 oktyabr 19991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edənlərdən biri də məhz Nəcəf Nəcəfov olmuşdur.
Nəcəf Nəcəfov müstəqil Azərbaycan dövlətinin qurulması və dövlətçiliyimizin möhkəmləndirilməsində də sanballı xidmətlər göstərmişdir. Azərbaycan prezidenti Əbülfəz Elçibəy 1992-ci ilin oktyabrında onu prezidentin mətbuat xidmətinin rəhbəri, bir qədər sonra ARDNŞ Direktorlar Şurasının üzvü (20 noyabr) və prezidentin müşaviri (26 noyabr) təyin etdi. Bu vəzifələrdə o, özünü bacarıqlı təşkilatçı və təşəbbüskar dövlət xadimi kimi göstərdi. 1993-cü ilin 18 mayında o, prezident Elçibəyin sərəncamı ilə ARDNŞ-nin ictimaiyyətlə əlaqələr və mətbuat üzrə vitse-prezidenti təyin edildi. Həmin ilin iyununda Elçibəy hakimiyyəti silahlı qiyam nəticəsində devrildikdən sonra N.Nəcəfov də vəzifəsindən uzaqlaşdı və uzun müddət Kələkidə prezident Elçibəyin yanında yaşadı.
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təsisçilərindən biri və Fondun vitse-prezidenti olan Nəcəf Nəcəfov həm də qurumun nəşr etdirdiyi "Məşvərət" bülleteninin redaktoru idi (1997-ci ildən).
1998-ci ildə Nəcəf bəy ağır xəstəliyə tutuldu. O, Almaniyada 2 dəfə müalicə olunsa da amansız xəstəlikdən qurtula bilmədi və 1999-cu ilin 17 dekabrında haqq dünyasına qovuşdu.
Nəcəf bəy Azərbaycan xalqının yaddaşında Günəş tək işıq saçan bir şəxs kimi əbədi yaşayacaqdır.
 

ANA SƏHİFƏ | NƏCƏF NƏCƏFOV | FOND | LAYİHƏLƏRİMİZ | MEDIADA BIZ | Press-relizlər | KİTABXANA | PRESSA | ƏLAQƏ | Linklər |                                      

2005. Nəcəf Nəcəfov Fondu.