Onun azad, demokratik və çagdaş Azərbaycan arzusu bizim də arzumuzdur!

Nəcəf Nəcəfov... bu ad çağdaş dövrümüzdə azad mətbuatın bir rəmzidir. O, təkcə "Azadlıq" qəzetinin yaradıcısı kimi xatırlanmır. Azadlıq və demokratiya ugrunda mübarizəsi onun qəbrini  and yerinə çevirib. Onun xatirəsi ölməzdir...

Nəcəf Nəcəfov Fondu

www.najafovfund.org 

 

ANA SƏHİFƏ
NƏCƏF NƏCƏFOV
FOND
LAYİHƏLƏRİMİZ
MEDIADA BIZ
Press-relizlər
KİTABXANA
PRESSA
ƏLAQƏ
Linklər
FORUM

"İlk xatirələr" kitabı "Yoxluğun..." kitabı Fotoalbom

Nəcəf Nəcəfovun əziz xatirəsinə ithaf edilir

Yoxluğun hər zaman duyulur

 

 

Şərəfli ömür yolu

 zərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan xalq hərəkatının öncüllərindən biri, Azərbaycan demokratik mətbuatının banilərindən olan Nəcəf Adil oğlu Nəcəfov 1955-ci il iyunun 24-də Bakı şəhərində anadan olmuşdur.

O, 1962-72-ci illərdə Nərimanov rayonundakı 202 saylı orta məktəbdə oxumuşdur. Məktəbi bitirdikdən sonra SSRİ Dövlət Bankı Azərbaycan Kontorunun mətbəəsində çapçı işləmişdir (VIII. 1972 – IV. 1973). 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsinə girərək 1977-ci ildə oranı bitirmişdir. Həmin ilin avqustundan o, təyinatla adı çəkilən bankın indiki Xətai rayon şöbəsində iqtisadçı işləməyə başlamış, dekabrda sözügedən Kontorda baş iqtisadçı vəzifəsinə keçirilmişdir. 1978-ci ilin iyununda o, öz ərizəsinə və SSRİ Dövlət Bankı İdarə Heyətinin yazılı razılığına əsasən həmin işdən çıxmış və jurnalist fəaliyyətinə başlamışdır. Belə ki, o, 1978-ci ilin iyunundan 1979-cu ilin fevralınadək Azərbaycan Dövlət Teleradio Komitəsində ştatdankənar müxbir işləmiş, radionun rus və türk redaksiyaları, televiziyanın rus redaksiyası üçün materiallar hazırlamışdır. Nəcəf Nəcəfov 1979-cu ilin fevralında “İnşaatçı-Stroitel” qəzetinə tərcüməçi götürülmüş, həmin qəzetdə 1981-ci ilin martında baş müxbir, 1982-ci ilin aprelindən isə redaktor müavini əvəzi işləməyə başlamışdır.

1984-cü ilin aprelindən N.Nəcəfov “Vışka” qəzetində sənaye şöbəsinə müdirlik etmiş, 1985-ci ilin iyunundan təbliğat və kommunist tərbiyəsi şöbəsinin müdirliyinə keçirilmişdir.

N.Nəcəfov 1970-1983-cü illərdə ÜİLKGİ, 1984-1990-cı illərdə Sov.İKP üzvü olmuşdur. 1984-cü ilin yanvarından SSRİ Jurnalistlər İttifaqının üzvü idi.

Yüksək intellektual səviyyəsinə və təşkilatçılıq bacarığına görə o, respublika rəhbərliyinin diqqətini cəlb etdi və 1986-cı ilin 28 aprelində “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru təyin edildi. “Molodyoj Azerbaydjana” onun rəhbərliyi altında qısa müddətdə respublikanın ən tanınmış mərkəzi mətbu orqanlarından birinə çevrildi. Dağlıq Qarabağ probleminin süni surətdə ortaya atıldığı 1987-1988-ci illərdə respublikanın bir çox kütləvi informasiya vasitələrindən fərqli olaraq “Molodyoj Azerbaydjana” qəzeti erməni separatçılarının Azərbaycana qarşı həyata keçirdiyi siyasətin mahiyyətini ifşa edərək öz səhifələrində onlara tutarlı cavablar verirdi. Azərbaycanın o zamankı kommunist rəhbərliyi Nəcəf Nəcəfovun həmin illərdə ortaya qoyduğu əsl vətənpərvərlik mövqeyindən təşvişə düşərək ondan açıq narazılıq bildirməyə başladı. Bu işdə respublika komsomolunun rəhbərliyi də ciddi canfəşanlıq göstərirdi. 1988-ci ilin noyabrında 19 günlük möhtəşəm Meydan epopeyası başlayanda Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzetini xalqın ruporuna çevirdi və bununla da Mərkəzi Komitə rəhbərliyinin qəzəbinə tuş gələrək Azərbaycan KP MK bürosunun 5 dekabr, Azərbaycan LKGİ MK bürosunun 22 dekabr 1988-ci il tarixli qərarları ilə vəzifəsindən kənarlaşdırıldı.

“Bakinski raboçi” qəzetinin sosial siyasət şöbəsinə müdir keçirilsə də (23.XII.1988 – 24.VII.1989) o artıq öz həyat yolunu müəyyənləşdirmişdi - Azərbaycan Xalq hərəkatını seçmişdi. Qısa bir müddətdə (iyul-dekabr 1989) “Azərbaycan” jurnalında əmək müqaviləsi ilə ədəbi işçi vəzifəsində çalışsa da o artıq bütün vaxtını siyasətə həsr edirdi.

1989-cu ilin 16 iyulunda Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü seçilən Nəcəf Nəcəfov həmin ilin 5 dekabrında “AXC bülleteni” və “Azadlıq” qəzetinin redaktoru təyin edildi. “Azadlıq” qəzetinin ilk sayı 24 dekabrda 200 min tirajla dərc edildi və bu qəzet tezliklə ümummilli mətbuat orqanına çevrildi. Yeri gəlmişkən, göstərək ki, N.Nəcəfov “Turan” informasiya agentliyinin də təsisçilərindəndir.

Daim siyasi proseslərin mərkəzində olan Nəcəf Nəcəfov həmişə əsl vətəndaşlıq mövqeyindən çıxış etmiş, kütlələri azadlıq və demokratiya uğrunda mübarizəyə çağırmışdır. 20 Yanvar faciəsi günlərində o, özünün xalq yolunda qurban getməyə hazır olduğunu əyani şəkildə göstərmişdir. Belə ki, o, rus qoşunlarının qarşısını kəsmiş əliyalın soydaşlarının ilk cərgəsində dayanmış və aldığı zərbədən gecə səhərədək huşsuz qalmış, yalnız təsadüf nəticəsində ölümdən qurtulmuşdur.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə Nəcəf Nəcəfovun siyasi fəaliyyətinin ana xətti idi. O, 1990-1995-ci illərdə Azərbaycan parlamentinin – Milli Məclisinin üzvü, millət vəkili olarkən də həmişə məhz bu xəttə sadiq qalmışdır. Sevindiricidir ki, 18 oktyabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edənlərdən biri də məhz Nəcəf Nəcəfov olmuşdur.

Nəcəf Nəcəfov müstəqil Azərbaycan dövlətinin qurulması və dövlətçiliyimizin möhkəmlənməsində də sanballı xidmətlər göstərmişdir. Azərbaycan prezidenti Əbülfəz Elçibəy 1992-ci ilin oktyabrında onu prezidentin mətbuat xidmətinin rəhbəri, bir qədər sonra ARDNŞ Direktorlar Şurasının üzvü (20 noyabr) və prezidentin müşaviri (26 noyabr) təyin etdi.  Bu vəzifələrdə o, özünü bacarıqlı təşkilatçı və təşəbbüskar dövlət xadimi kimi göstərdi. 1993-cü ilin 18 mayında o, prezident Elçibəyin sərəncamı ilə ARDNŞ-nin ictimaiyyətlə əlaqələr və mətbuat üzrə vitse-prezidenti təyin edildi. Həmin ilin iyununda Elçibəy hakimiyyəti silahlı qiyam nəticəsində devrildikdən sonra N.Nəcəfov da vəzifəsindən uzaqlaşdı və uzun müddət Kələkidə prezident Elçibəyin yanında yaşadı.

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təsisçilərindən biri və Fondun vitse-prezidenti olan Nəcəf Nəcəfov həm də bu qurumun nəşr etdirdiyi “Məşvərət” bülleteninin redaktoru idi (1997-ci ildən).

1998-ci ildə Nəcəf bəy ağır xəstəliyə tutuldu. O, Almaniyada 2 dəfə müalicə olunsa da amansız xəstəlikdən qurtula bilmədi və 1999-cu ilin 17 dekabrında haqq dünyasına qovuşdu.

Nəcəf bəy Azərbaycan xalqının yaddaşında Günəş tək işıq saçan bir şəxs kimi əbədi yaşayacaqdır.

 Nəcəf bəyin irsindən 

N.Adiloğlu

S.Qriqoryants

 

HƏQİQƏT VƏ SİYASƏT 

Bu məqalə dərc olunana qədər biz onu redaksiyada geniş müzakirə etmişik, müəlliflər həmkarlarının bir sıra iradlarını nəzərə alıb. Hamımızı bir sual qayğılandırırdı: “Oxucular bizi düz başa düşəcəklərmi? Kimlərsə bu yazını Sumqayıt faciəsinin üstünü ört-basdır etməyə cəhd kimi qəbul etməyəcək ki?” Ola bilsin ki, belə adamlar tapılacaq. Lakin onların naminə həqiqəti deməyəkmi? Yox, biz qərara gəldik ki, susmayaq. Çünki susmaq məqaləmizin əsas ideyasının əleyhinə olardı. Siyasət naminə həqiqəti təhrif etmək, onu gizlətmək olmaz. Ona görə də oxucu auditoriyasının çox az bir hissəsinin bizi başa düşməyəcəyindən çəkinsək də, “M.A.”-nın əsas oxucu auditoriyasına arxalanıb, bu materialı dərc etmək qərarına gəldik.

Avqustun 11-də Sumqayıt Şəhər Komsomol Komitəsinin (ŞKK) plenumu oldu. Plenum birinci katib Eldar Məmmədovu başqa işə keçməsilə bağlı vəzifəsindən öz xahişi ilə azad etdi. “M.A.” əməkdaşlarının fikrincə, bu hadisəyə ona qədərki proseslər və həmin proseslərə münasibətdə Azərbaycan LKGİ MK-nın büro üzvlərinin həqiqət və siyasət arasında uyğunsuzluqlara yol verməsi səbəb olub.

 HADİSƏLƏRİN XRONİKASI

3 may

olodyoj Azerbaydjana” qəzetində F.İsmayılovanın “Qarşıdurma” məqaləsi dərc olunub. Bu yazı Sumqayıt şəhər komitəsinin faciəli fevral günləri zamanı gördüyü işlər barədədir. Qəzetin həmin sayında şəhər komsomol komitəsinin üzvləri, komitəyə namizədlər və təftiş komissiyasının məktubu dərc olunub. Həmin məktubun altında 51 nəfərin imzası var. Məktubda Azərbaycan LKGİ MK-nın aprelin 26-da onların liderlərilə bağlı çıxardığı qərarın düzgünlüyü şübhə altına alınır:

“...gənclərin böyük bir hissəsinin faciəli fevral hadisələrində iştirak etməsi komsomol komitəsinin katibinə qarşı çox ciddi, lakin qəti arqumentdir. Bizə elə gəlir ki, dəqiq analiz tələb olunan yerdə plyus, minus kimi quru riyazi hesablamalar çətin kara gələ bilər. Katibin yalnız bir ildən bir qədər artıq, özü də durğunluq dövrünün vərəsəliyi və çətin bir şəhərdə işləməsini nəzərə almadan hadisələri təhlil etmək, yəqin ki, doğru deyil...”.

3-4 may

Bu yazı dərc olunan kimi Azərbaycan LKGİ MK-nın nümayəndələri Sumqayıt şəhər komsomol şəhər komitəsinə yollanıblar. Onlar məktubu imzalamış şəxslərin hər biri ilə görüşmək arzusunda olduqlarını bildiriblər. MK nümayəndələri məktubu imzalayanların hər biri ilə ayrı-ayrılıqda söhbət ediblər. Bu söhbətlər bəzən 1-1,5 saat çəkib.

MK üzvlərinin dediyinə görə, bu söhbətlərdə onların yalnız bir məqsədi olub: doğrudanmı həmin adamlar məktuba imza atıblar.

Şəhər komitəsi üzvlərinin fikrincə isə, nümayəndə heyətinin məqsədi onları öz mövqelərini dəyişməyə sövq etmək olub.

 5 may

 Həmin gün Sumqayıt şəhər komitəsinin plenumu keçirilib.

 Saat 6-ya yaxın plenum iştirakçıları N.Nərimanov adına kluba yığışıblar. Onlar iki saat yarım ərzində LKGİ MK-nın nümayəndələrinin də iştirak etdiyi şəhər komsomol komitəsi bürosunun iclasının nəticəsini gözləyiblər.

 Plenum iştirakçılarının təkidlərindən sonra azad komsomol təşkilatlarının katibləri və şəhər qəzetinin əməkdaşı iclas zalına buraxılıb.

 Plenumun protokolu 30 səhifəlik olub. Qeyd edək ki, şəhər komsomol komitəsinin üzvləri özlərinin rəhbərini müdafiə ediblər, Azərbaycan LKGİ MK-nın nümayəndələri isə mövqelərində qalıblar.

 Gecə saat 12-yə 15 dəqiqə işləmiş səsvermə başlayıb. Protokola əsasən 2 nəfər LKGİ MK bürosunun qərarının lehinə səs verib, 9 nəfər bitərəf qalıb, 31 nəfər isə həmin qərarın əleyhinə səs verib. 

6 may

 Azərbaycan LKGİ MK bürosunun iclası olub. Büro aprelin 26-dakı qərarını qüvvədə saxlayıb.

 7 may 

“Molodyojka”da LKGİ MK-nın büro üzvü, “28 aprel” Dəniz Kəşfiyyat İdarəsinin buruq ustasının köməkçisi Etibar Məmmədovun məqaləsi dərc edilib. Həmin məqalədə Azərbaycan LKGİ MK-nın mövqeyi açıqlanıb. Bu məqalə mayın 3-dəki yazıya cavabdır və belə adlanır: “Qarşıdurma? Kim-kimə qarşı dayanmışdı?”.

 Mayın 5-dən başlayaraq...

Redaksiyaya mayın 3-də dərc olunmuş “Qarşıdurma” məqaləsi ilə bağlı 40-dan artıq oxucu redaksiyası daxil olub. Oxucular bu məsələyə münasibətlərini teleqrafla, məktubla bildiriblər, yaxud da özləri redaksiyaya gəliblər.

 Bu mətnlərin bənzərliyi adamı təəccübləndirir. Məktubların məzmunu isə çox oxşardır. Əvvəlcə qrif: “Surəti Azərbaycan LKGİ MK-ya”. Sonra isə birinci cümlədə göstərilir ki, məqalə ilə tanış olublar. İkinci cümlədə Sumqayıt ŞKK-nın hərəkəti pislənir, LKGİ MK-nın mövqeyi isə müdafiə olunur. Bəzi hallarda isə 3-cü cümlə də yazılır və həmin cümlələr məktubların hamısında təkrar olunur.

“Azəryollayihə” institutu komsomol təşkilatının katibi R.Məmmədovun və “Ümumittifaq Su-Kanallayihə” İnstitutunun katibi N.Serosyanın məktubları eyni məzmunludur. Hər iki institut Nəsimi rayon ərazisində yerləşir. Təkcə müəllif dairələrində yox, həm də oxucular arasında plagiatlıq yaxşı iş sayılmayıb. Yox, əgər köçürmüsənsə, heç olmasa gərək istifadə etdiyin mənbənin adını göstərəsən. Bu halda bizi, yəqin elə oxucuları da mənbə maraqlandırardı.

Bizim məqaləmizə gələn cavablar arasında çox az oxucu Sumqayıt ŞKK-nı müdafiə edir. Bunlar Sumqayıtdakı Eyvazovlar ailəsi, Sumqayıtın 22 saylı məktəbinin 10 “b” sinif şagirdləri, EA Fizika İnstitutunun kollektivi və başqalarıdır. Həmin məktublar azdır, lakin bir-birini təkrar etmir.

 Şübhəli görünən nədir... 

Mücərrəd bir mənzərəni təsəvvür edək: iki nəfər mübahisə edir. Siz isə mübahisənin predmetinin nə olduğunu bilməsəniz də, tərəflərdən birinin düzgün mübahisə etmədiyini müşahidə edirsiniz. Yəqin ki, siz burada nəyinsə təmiz olmadığını fikirləşəcəksiniz...

Sumqayıtın komsomol işçiləri ilə bağlı qapılar arxasında və uzun-uzadı danışıq aparmaq (axı şəhər komitəsi üzvlərinin adə çəkilən məktubu imzalayıb-imzalamamalarını müəyyənləşdirmək üçün bir neçə dəqiqə kifayət edərdi. Onları bir yerə yığıb bu işi görüb-görmədiklərini soruşmaq olardı. Biz hələ onu demirik ki, bu məsələni aydınlaşdırmaq nə dərəcədə vacib idi), sələflərinin nöqsanlarının hamısını E.Məmmədovun boynuna atmaq, fevralda xuliqanlarla mübarizənin əhəmiyyətini kiçiltmək, Azərbaycan LKGİ MK bürosunun qənaətini təkzib edən faktları qulaqardına vurmaq, şəhər komitəsinin ekstremal şəraitdə qəbul etdiyi qərarı bu günün mövqeyindən qiymətləndirmək, azad komsomol komitəsi rəhbərlərinin bir hissəsini əvvəlcə zala buraxmamaq və s. kimi məsələlər suallar doğurur. Yalnız elə bu sualları sadalamaq kifayətdir ki, LKGİ MK-nın qərarının düzgünlüyü şübhə altına alınsın. Lakin şübhələri yoxlamaq lazımdır. Gəlin yoxlayaq.

 ...Və bu şübhələri nə möhkəmləndirir?

 MK-nın aprelin 26-da qəbul etdiyi qərarın ifadə tərzinə diqqət yetirək: “İşdə buraxdığı ciddi nöqsanlara, özündənrazılıq və məsuliyyətsizlik etdiyinə, gənclərin faciəylə nəticələnmiş qanunazidd hərəkətlərinin qarşısının alınmasında əməli və vaxtında tədbir görmədiyinə, eləcə də Azərbaycan LKGİ MK bürosunda özünü yaxşı aparmadığına görə yoldaş Məmmədov Eldar Əhməd oğlu Sumqayıt Şəhər Komsomol Komitəsinin birinci katibi vəzifəsindən azad edilsin. Ona şəxsi işinə yazılmaqla töhmət elan edilsin”.

 Bu ifadənin məzmununu ətraflı təhlil edək.

 “İşdə yol verdiyi ciddi nöqsanlara görə”

 Sumqayıtda çoxlu nöqsanların olması barədə mübahisə etməyə lüzum yoxdur. Respublikada, o cümlədən də ölkədəki nöqsanlardan burada da var. Ola bilsin ki, bu nöqsanlar Sumqayıtda bir qədər çox, yaxud azdır. Komsomol işində də çatışmazlıqlar boldur. Lakin rəhbərin bu məsələdə günahının nə dərəcədə olması ilə bağlı həmin nöqsanları sadalamaq yox, onları müqayisə etmək lazımdır: bu nöqsanlar indiki rəhbərin dövründə azalıb, ya çoxalıb. Əks halda razılaşmalıyıq ki, bir adam ildən bir az artıq dövrdə illərlə yığılıb qalmış problemləri həll edə bilər. Biz nə respublika komsomol komitəsinin, nə də digərlərinin timsalında belə bir hadisənin şahidi olmamışıq.

Bununla belə MK bürosu yalnız problemləri təsvir etmək yolunu tutub, Sumqayıt ŞKK üzvlərinin həmin problemlərin son dövrlərin prizmasından təhlil edilməsi barədə fikirlərinə məhəl qoymayıb və bütün günahları şəhər komsomol komitəsinin, onun liderinin boynuna yıxıb. Bununla razılaşmaq cətindir.

Sumqayıt komsomolunu o nöqsanlarda günahlandırırlar ki, dünənə kimi biz onu görmürdük. ŞKK-nın beynəlmiləlçilik tərbiyəsi sahəsində apardığı işə bu cür xarakteristika verilib: komsomol komitələri əksər hallarda gənclərin millətlərarası münasibətlər və beynəlmiləl tərbiyəsi sahəsində mədəniyyətin formalaşmasına birtərəfli yanaşırlar; komsomol işçilərinin əksəriyyəti bu məsələlərdə problemin olmaması kimi yanlış fikirdədir.  Bu isə gənclərlə bağlı gedən proseslərin üzdən təhlil olunmasına səbəb olub, bu proseslərin mahiyyətini başa düşməyə imkan verməyib... Ola bilsin ki, bu, belədir. Lakin yalnız Sumqayıtdamı?

Ötən il respublika komsomolunun qurultayı keçirilib. Millətlərarası problem qurultayda təhlil edilmək üçün çox ciddi məsələdir. Belə bir analiz edilibmi? 1988-ci ilin fevralından bir qədər əvvəl həmin qurultayda biz təntənəli şəkildə deyirdik: “Hesabat dövrü ərzində sıralarında 75 millətin nümayəndələrini birləşdirən Azərbaycan komsomolu gənclərin milli vətənpərvərlik və beynəlmiləl tərbiyəsinə diqqətini azaltmayıb... Moskvanın, Tbilisinin, Yerevanın və Bakının gənclərinin ənənəvi yarışları dostluq, qardaşlıq, qarşılıqlı əməkdaşlıq ruhu ilə doludur...”.

 Millətlərarası problemlərlə bağlı bir söz də deyilməyib.

 Yuxarıda deyilənləri əsas gətirərək Sumqayıtda, bəlkə də DQMV ətrafında baş verən hadisələrlə bağlı xəbərdarlıq etmədiklərinə görə qurultay nümayəndələrini ittiham etmək gülüncdür. Biz doğurdan da bu problemləri görmürdük. Təkcə Sumqayıtda yox, hər yerdə. Bu məsələlərdə yalnız Sumqayıt şəhər komitəsini qınamaq nə dərəcədə doğrudur?  

“...MƏSULİYYƏTSİZLİK VƏ ÖZÜNDƏNRAZILIQ ETDİYİNƏ GÖRƏ...” 

Bu sərt qiyməti təsdiq edən büronun arqumentləri hansılardır? Müəyyən mənada bu arqumentlər ümumi xarakter daşıyır: şəraitin ciddiliyini qiymətləndirə bilməyiblər... M.S.Qorbaçovun müraciətində və digər sənədlərdə əks olunan göstərişlər əksər hallarda formal və başdansovdu yerinə yetirilib..., şəhər komitəsi sayıqlığın artırılması ilə bağlı fəal tədbirlər həyata keçirməyib, izahat işi ilə bağlı fəallarını səfərbər edə bilməyib..., təxribatçı şayiələrə və çağırışlara qarşı konkret izahat işləri apara bilməyib.

 Bu arqumentləri təkzib etmək çətindir. Çünki onlar korrekt deyil. Elə ona görə də onlara inanmaq çətindir.

 Şəhər komitəsini konkret faktlarla günahlandıranda da onlar inandırıcı görünmür.

 Büro hesab edir ki, martın əvvəllərinə qədər yaşayış massivlərində, yataqxanalarda, idarə və müəssisələrdə növbətçilik təşkil edilməyib.

 Şəhər komitəsinin üzvləri əks arqument gətirirlər. Büro bununla bağlı göstərilən sənədləri yetərli saymır. Ola bilər. Lakin gəlin mənbəyə müraciət edək. Həmin mənbə şübhə altına alına bilməz. Azərbaycan LKGİ MK-nın təlimatçısı Yuri Kolesnikov yanvarın 27-dən başlayaraq bir ay müddətində şəhərdə olub və xidməti qeydlər edib. O yazır: “Fevralın 27-də drujina dəstələri yaratdıq... Şəhərin fəhlə və tələbə yataqxanalarında qanun-qaydanın gözlənilməsi üzrə nəzarəti həyata keçirdik. Bunun üçün həmin yataqxanalarda yaşayanlardan ibarət növbətçilik təşkil etdik. Bütün yataqxanalarda izahedici və təşviqat işləri apardıq. Hər yataqxanaya uyğun sənaye və ali təhsil müəssisəsinin komsomol komitəsinin üzvlərini təhkim etdik. İzahedici işlər aparmaq üçün nümayişçilər arasında təşviqat qrupu yaratdıq. Onlar iki gün ərzində - fevralın 27 və 28-də mitinqçiləri inandırmağa çalışdılar. Lakin hiddətlənmiş kütlənin qarşısını almaq üçün gördüyümüz tədbirlər arzuolunan nəticəni vermədi...

Təbliğat işləri şəhərin 1, 12, 11, 13, 9, 6-cı mikrorayonlarında aparılırdı. Məktəblərin, texniki-peşə məktəblərinin şagirdləri arasında izahat işi görülürdü. Bunun üçün “Qayğı” qərargahı yaradıldı, erməni şagirdlərinin hər biri fərdi qaydada komsomol komitəsi fəallarının himayəsinə verildi...”.

 Aprelin 26-da MK bürosu bildirib ki, faciə baş verdikdən sonra da işlər əsasən azad komsomol təşkilatının köməyi ilə aparılıb. Bu işlərə komsomol aktivinin çox az hissəsi cəlb olunub. Onlar isə gənclərlə ideya-siyasi işlər aparmaq əvəzinə, şəhər komitəsi tərəfindən operativ dəstələrin tərkibinə daxil edilib və öz təşkilatlarından ayrı düşüblər. Beləliklə, büro hesab edir ki, xuliqanlarla mübarizə aparan operativ dəstələrin tərkibində olanlar gərək izahat işini əvvəlcədən aparaydılar və gənclərin hərəkətlərinin xuliqanlığa keçməsinə imkan verməyəydilər. Y.Kolesnikovun xidməti qeydlərindən gördük ki, belə bir iş aparılıb, lakin uğursuzluqla nəticələnib. Büro tez-tez Bakı və Ağdama istinad edərək bildirir ki, bu işlər həmin ərazilərdə aparıldığına görə iğtişaşların qarşısını almaq mümkün olub. Lakin aprelin 26-dan sonra Bakıda bir neçə mitinq olub. Həmin aksiyalar ümumən dinc keçirilib, lakin mitinqdən sonra lokal iğtişaşlar və tutulanlar olub... Ağdamda komendant saatı tətbiq edilib. Fikrimizcə, bütün bu hadisələrdən sonra razılaşmaq olar ki, yataqxanalarda, əmək kollektivlərində və s. aparılan ideya-tərbiyə işləri effektsiz ola bilər.

 Bununla belə büronun haqqı var hesab etsin ki, bu cür şəraitdə başqa cür hərəkət etmək lazım idi. İki aydan sonra hər şey daha aydın görünür. Axı həmin günlər qərarlar ekstremal şəraitlərdə qəbul edilirdi. Həmin günlər Sumqayıtın komsomol aktivləri o işi yerinə yetirirdilər ki, onların fikrincə (təkcə onların yox) əsas idi. Burada biz general Krayevə istinad edək. Krayev bildirmişdi ki, Sumqayıt komsomolçularının vəzifəsi xalq drujinalarının yaranmasıdır.

 Həmin faciəli dövrdə Sumqayıtın komendantı olmuş general Krayevin mövqeyi bizimçün daha səriştəli görünür, nəinki hadisələrdən iki ay sonra qərar çıxaran MK bürosunun mövqeyi.

 Belə bir sual da qaçılmazdır: əgər şəhər komitəsinin və onun liderinin özündənrazılığı Sumqayıtdakı hadisələrə qədər şəraiti qiymətləndirməyə imkan vermirdisə (MK bürosunun rəyi belədir), onda növbəti faktı necə qiymətləndirmək olar? Fevralın 19-da tələbələrin Bakıdakı nümayişindən dərhal sonra MK bürosunun iclası çağırılıb. Bir neçə ali təhsil müəssisəsinin katiblərinin işini darmadağın etdikdən sonra büro qərarın üçcə sətrində bildirib ki, gənclər arasında vəziyyəti normallaşdırmaq üçün DQMV komsomolu nə etməlidir. Eyni həcmli göstəriş Bakı komsomoluna da verilib; büro MK-da daimim sutkalıq növbətçilik barədə qərar da qəbul edib. Biz MK bürosunun bu sənədinin qiymətli olması barədə fikirlərə etiraz etmirik. Lakin nəyə görə həmin sənəddə ölkənin digər şəhər və rayonlarının komsomol orqanlarına tövsiyələr nəzərdə tutulmayıb? Və nəyə görə aprelin 26-da büro E.Məmmədovdan  həmin sənədi əsas kimi götürmədiyinin səbəblərini soruşanda bu sualdan qaçır: niyə büronun fikrincə qiymətli sənəd qəbul edildikdən 4 gün sonra Sumqayıta göndərilib, bir gün sonra isə - fevralın 24-də Sumqayıta çatıb?

 Yox, biz heç də demək istəmirik ki, MK bürosu da arxayınlaşmağı özünə rəva görüb. Sadəcə nə MK bürosu, nə Sumqayıt ŞKK, nə də digər rayon komsomol komitələri peyğəmbər deyillər. Siyasi proqnozlaşdırma peşəsinə isə biz hələ öyrəşməmişik. Ona görə də tez-tez uduzuruq.

Deməli, bu halda da biz günahların hamısını bir adamın belinə yükləmək istəyirik.

 Bütün bu yuxarıda deyilənlərdən sonra icazə verin büronun aşağıdakı ifadəsinin üzərində ətraflı dayanmayaq: “...gənclərin faciəylə nəticələnmiş qanunazidd hərəkətlərinin qarşısının alınmasında əməli və vaxtında tədbir görmədiyinə, eləcə də Azərbaycan LKGİ MK bürosunda özünü yaxşı aparmadığına görə...”. “Tədbir görmədiyinə görə” – biz gördük ki (görülməyən işlər istisna olmaqla), söhbət hansı işlərin görülməsindən gedir.

 O ki qaldı onun özünü büronun iclasında aparması məsələsinə, yəqin razılaşarsınız ki, kiminsə mövqeyində israr etməsini özünü yaxşı aparmamaq kimi qələmə vermək düz deyil.

 

YENƏ DƏ METODLAR BARƏDƏ

 Bu metodlara (yuxarıda deyilənlərdən, eləcə də bu yazının xronoloji hissəsindən doğan nəticədən başqa) MK bürosunun üzvü Etibar Məmmədovun bizim qəzetdəki çıxışının birbaşa dəxli var. E.Məmmədovun faktlara əsaslanmayan fikirləri “yarlık” kimi qiymətləndirilə bilər. “Molodyojka”nın mayın 7-dəki sayına baxan oxucular bu barədə özləri müstəqil qənaətə gələ bilərlər. Lakin həmin yazıda bəzi yerlər var ki, onun üzərində dayanmağa dəyər. Müəllif şəhər komitəsinin fəaliyyətinə yersiz istehzayla yanaşır: “...şəhər komsomol komitəsinin bütün fəaliyyəti ona yönəldilib ki, azad komsomol komitəsi işçilərinin hamısını ŞKK-ya yığsınlar və “xüsusi təyinatlı” operativ dəstələr düzəltsinlər. Özü də o zaman ki, şəhərdə komendant saatı elan olunmuşdu, o zaman ki, şəhərdə ictimai asayişin qorunmasıyla ordu məşğul olurdu. “Xüsusi təyinatlı” operativ komsomol dəstələri isə hərbçilərin şəhərin bu və ya digər yerlərinə getməsinə bələdçiliklə məşğul olurdu (?). Elə buna görə də general Krayev onlara təşəkkür edib”.

 Şəhər komsomol komitəsinin nə ilə məşğul olması barədə biz həm indiki, həm də mayın 3-də dərc olunmuş məqalədə göstərmişik. Həmin işlər barədə yenidən Q.Kolesnikovun xidməti qeydlərinə nəzər salaq. Y.Kolesnikov yazır: “Zorakılıq halları barədə məlumat alan kimi “əhalinin xilas edilməsi üçün 12 qrup yaradıldı. Hadisə müddətində 30 erməni ailəsi, 90-dan yuxarı qadın və uşaq xilas edildi. 40-dan yuxarı cinayətkar orqanlara təhvil verildi. 10-dan yuxarı mənzilin qarət edilməsinin qarşısı alındı... Komsomol fəallarını şəhər sakinlərindən ibarət müdafiə dəstələri yaratmağa təhkim etdik. Sutka ərzində daim işləyən telefon və etimad stolu yaratdıq. 200-dən artıq şikayət və müraciət daxil oldu”.

 Bizə bir şeyi dəqiqləşdirmək qalır – general Krayev nəyə görə şəhər komsomolçularına təşəkkür edib. Yəqin ki, bunu onun özündən başqa heç kim dəqiq deyə bilməz. Vladimir Stepanoviç məmnuniyyətlə bunları söylədi:

 - Mən Sumqayıt komsomolçularına yalnız bizim hərbçiləri şəhərin kvartallarına apardıqlarına, onlara bələdçilik etdiklərinə görə təşəkkür etmədim. Onların başlıca vəzifəsi xalq drujinaları yaratmaq idi. Komsomolçular bu işin öhdəsindən qısa bir zamanda gəldilər. Həmin drujinalar şəhərin o yerlərində növbə çəkirdilər ki, ilk zamanlar bizim ora qüvvəmiz çatmırdı.

 Komsomol fəallarının bizə köməyi çox yararlıydı. O ki qaldı birinci katib Məmmədova, o, çox fəal işləyirdi və aktivliyi yetərincə nəzərə çarpırdı...

 Krayev əlavə edib ki, Sumqayıt fəhlələrinin çoxu gənclərdən ibarətdir. Ən çətin günlərdə də müəssisələr işləyirdi. Bu məsələdə komsomolun xidmətlərini yüksək qiymətləndirirəm.

- Ədalət naminə qeyd edim ki, şəhərin tələbələri, peşə məktəbi və yuxarı sinif şagirdləri arasında sosial aktivlik şəhərin fəhlə gənclərinə nisbətən aşağı idi. Onlar xalq drujinalarına həvəslə qoşulmurdular. Bax, bu kateqoriyadan olan gənclər arasında komsomol işinin zəifliyi hiss edilirdi...

 Sumqayıt komsomolçularına təkcə general Krayev yox, həm də həyatları xilas olunmuş adamlar təşəkkür ediblər. Daha bir məqam. Şəhər komitəsinin avtomobili gözü qızmış insanlar tərəfindən mühasirəyə alınıb və yandırılıb. Bu barədə polkovniklər Ryabkovun, Filippovun, Kadurinin aktı var. Göründüyü kimi bu şəraitdə bələdçilərin hərbçilərlə getməsi elə də təhlükəsiz deyilmiş.

Bəzi nəticələri qeyd edək. Onlar sizə düşünməkdə davam etməyə imkan verəcək. MK bürosunu nə məcbur edir ki, öz mövqeyində israr etsin, bununla da getdikcə həqiqətdən uzaqlaşsın? Gəldiyimiz nəticələri, yəni MK bürosunun mövqeyinin motivlərini ortaya qoymağa çalışaq.

 MOTİVLƏR HANSILARDIR?

 Bu məqalənin müəlliflərindən biri MK bürosunun 26 aprel iclasında iştirak edib. Əvvəlcədən hiss olunurdu ki, hər şey bu qərara doğru gedir: ciddi ittiham etməli, vəzifədən azad etməli. E.Məmmədov hadisələrə qiymət verilməsinin ləngidilməsinin xeyrinə sübutlar gətirirdi, lakin bunlar qəbul edilmədi. Büro üzvlərinin dilindən eşidilən replikalardan ehtimal etmək olurdu ki, Sumqayıt faciəsi günahkarlarından kimsə günahlandırılmalıdır, bu, komsomol xəttiylə həyata keçirilməlidir. Bir neçə dəfə büronun iclasında təxminən bu fikirlər eşidilirdi: “məgər sən bilmirsən ki, Sumqayıtda nələr olub – adam ermənilərin üzünə baxmağa utanır”, “32 adam ölüb – sən bilən heç kim günahkar deyil?”, “bütün dünyada biabır olmuşuq – məgər günahkar yoxdur?”.

 Ehtimal hələ inam deyil. Lakin hadisələr inkişaf etdikcə birinci ikinciyə çevrilməyə başladı. “M.A.”-ya məktubdan sonra həmin məktubu imzalayanlarla söhbət zamanı müəlliflər tənbeh olunurdu: “Respublikanı biabır etdiyiniz az deyil, hələ bir özünüzü də belə aparırsınız!?”. Həmin vaxt MK bürosu üzvlərindən biri belə replika da atmışdı: “Əgər sizin “M.A.”-dakı məktubunuzu “Komsomolskaya pravda”da dərc etsək, bütün Sovet İttifaqı sizə nifrət edər”.

 Şəhər komitəsinin plenumundan əvvəl büro çağırıldı, orada yenə də bu fikir səsləndi: biz təkcə şəhər barədə yox, həm də ölkə barədə fikirləşməliyik. Plenumda da buna oxşar fikirlər bildirildi. Şəhər komsomol komitəsinin mayın 5-də keçirilmiş bürosunda Sumqayıt partiya komitəsinin birinci katibi Z.Hacıyevin fikirləri özünəxasdır: “Niyə sizlərdən heç kim həlak olmayıb? Əgər sizlərdən kimsə ölsəydi, biz ona heykəl qoyardıq, üstünə çiçəklər səpərdik... İndi adamların üzünə necə baxaq?”.

 Fikrimizcə, büronun mövqeyinin motivləri elə bu sözlərdə gizlənir.

 Sumqayıt faciəsi bizi kədərləndirir, utandırır. Bizdə mənəvi məsuliyyət hissi, hardasa günahkarlıq hissi yaradır – dəxli yoxdur, istər bakılı olsun, istər kəlbəcərli, lənkəranlı və s... Bu şəraitdə elə adamlar tapıldı ki, bütün dünyanı inandırsın ki, bu mövqe, siyasət bir xalqın digər bir xalqa münasibətidir. Bu qədər ağır ittihamların təsiri nəticəsində bəzilərində fikir yaranıb ki, səmimi kədər hissi izhar etməkdən başqa həm də ona hansısa formada kəskin münasibət bildirilməlidir – Sumqayıt komsomol komitəsinin və onun liderinin fəaliyyətinə verilmiş sərt qiymət kimi.

 Qeyd edək: bu cür istəyi ilk reaksiya kimi başa düşmək olar. Sumqayıt hadisələrindən sonra hər bir azərbaycanlı öz erməni dostlarının, qonşularının üzünə baxmağa utanırdı. Sumqayıtda baş verən dəhşət təkcə ermənilər üçün yox, həm də azərbaycanlılar üçün faciədir. Hər ailənin bir eybəcəri var, böyük ailənin isə eybəcərləri. Ailə öz eybəcər üzvünün hərəkətlərinə cavabdeh deyil, lakin mənəvi məsuliyyət daşıyır. Bir daha qeyd edək: MK bürosunun baş verənlərə ilk reaksiyasını bir insan kimi başa düşmək olar. Lakin sonradan onların tutduğu mövqeyi qəbul etmək çətindir.

 Bəli, elə insanlar olub ki, faciədən siyasi dividendlər götürməyə çalışıb. Elələri vardı ki, həm soydaşlarını, həm də bütün dünyanı inandırmağa çalışırdı ki, bu işlər bir xalqın əməlidir. Emosiyaların ağlı üstələdiyi zamanlar onlar kimlərisə inandıra bilirdi. Lakin insanların, elə ermənilərin də əksəriyyəti başa düşürdü ki (hələ M.Qorbaçovun iyulun 18-dəki çıxışına qədər), bu, bir xalqın işi deyil, baş vermiş hadisələrdə şərait, konkret insanlar günahkardır. Onlar Sumqayıt hadisələrindən sonra azərbaycanlılar üçün necə ağır olduğunu başa düşürlər. Lakin buna baxmayaraq baş vermiş hadisənin kölgəsi çox genişdi və təkcə cinayətkarların üstünə düşmürdü. Bu məqalənin müəlliflərindən biri illərlə dostluq etdiyi ermənilərin baxışlarından hiss edirdi ki, onlar vəziyyəti başa düşürlər və həmin baxışları heç zaman yadından çıxara bilməz. Onların bu baxışlarını, inamlarını MK bürosunun hansısa qərarı ilə kompensasiya etmək olmaz. Bu, onlara təhqir olardı.

 Siyasi mülahizələr həqiqəti üstələyib. Düzü, bu mülahizələr heç mübarizə aparmayıb da. Bu, durğunluq illərindən bəri belədir: siyasi mülahizələr əsasında hər şey etmək olar. Həmin siyasətə əməl etməklə nəyə nail olduğumuz göz qabağındadır. Axı V.İ.Lenin də deyib: “Həqiqət nə qədər acı olsa da onun gözünə dik baxmaq lazımdır. Bu şərtə əməl etməyən hər bir siyasət məhvə məhkumdur”.

 İnanmışıq – məhvə məhkumdur. İndi də inanırıq.

 Nəticələri dərk edək

 E.Məmmədov birinci katib təyin olunduqdan sonra Sumqayıt komsomolçuları həqiqi lider qazandılar. Bu, şəhər ŞKK üzvlərinin hamısının mövqeyidir. Görülmüş işləri içərisində onların qiymətləndirdiyi və birinci yerə qoyduqları bunlardır:

“O, bizi komsomola inanmağa məcbur etdi. O inandırdı ki, komsomolçu olmaq təkcə üzvlük haqqı verməklə bitmir. Biz bir yerdə olanda güclüyük və çox şeyə qadirik”. MK bürosunun aprelin 26-da, həm də mayın 6-da qəbul etdiyi qərar bu inamı sarsıtdı. Büronun avqustun 11-dəki qərarı həmin inamı bir qədər bərpa etdi.

 LKGİ MK şəhər komitəsi plenumunun qərarını tamamilə saya salmır. “Yuxarı orqanların qərarı aşağılar üçün vacibdir” fikri konkret şəraitdə şübhəlidir. Bundan sonra MK-nın komsomolun demokratikləşməsi barədə çağırışlarının səmimiliyinə inanılacaqmı? Digər çağırışların da səmimiliyinə şübhə etməyəcəklərmi?

 Məktuba imza atmısanmı? Onu sənə kim verib? Məktubu kim yazıb? Bu hadisə nə cür baş verib? Nəticələr haqqında fikirləşmisənmi? Sənin inadının Eldara yalnız ziyanı olacaq. İşsiz qalacaqsan... Bütün bu sualları “M.A.”-ya məktub göndərənlərlə söhbət edən MK bürosu üzvləri verib.

 “Bu, istintaqdır... Əclaflıqdır. 37-ci ilin müasir variantıdır. Bundan sonra komsomol işçisi olmaq mənimçün çətindir”. Bunu da söhbətə çağırılmış şəhər komsomol komitəsi üzvləri deyiblər. MK nümayəndələri hədələrin olmadığını deyir. Lakin hələ yüksək nüfuzu olmayan komsomol işçisinə ziyan vurulub fikriylə hamımız razılaşmağa məcburuq.

 Bu hadisələr komsomolçuların özlərinin qəlbində hansı izlər qoyub? Təkcə o adamların yox ki, bizə oxşar məktub və teleqramlar göndəriblər. Axı komsomol işçiləri arasında məsələnin mahiyyətindən az qala hamı xəbərdardır. Bizim əməkdaşlarla gizli söhbətlər zamanı onlar etiraf edirlər ki, E.Məmmədov siyasi maraqlara qurban verilib. Özünəhörmət məsələsinu hara qoyaq?

 MK bürosu Sumqayıt ŞKK-nın işində müsbət və mənfiləri obyektiv hesablamayıb. Əksinə, onun işində yalnız mənfiləri görmək ŞKK üzvlərinin mövqeyində özünütənqid hisslərini kənara atıb. Nəticədə Eldarın günahının düzgün müəyyən edilməməsi üstündə israr edən şəhər komsomolçuları öz işlərinə tənqidi yanaşmağı unudublar.

 Fikrimizcə, bu siyasətin başlıca uğursuzluğu ondan ibarətdir ki, gələcəkdə çox mənfi nəticələrə səbəb ola, digər region komsomolçularının fəaliyyətinə təsir edə bilər. Burada bəzi məqamlara aydınlıq gətirməyə ehtiyac var.

 Yenidənqurma inqilabi bir prosesdir. Biz hamımız boynumuza almalıyıq ki, istənilən inqilab kimi yenidənqurma da bizə çətin məqamlar, münaqişələr bəxş edəcək. Nümunə üçün qeyd edək ki, Sov.İKP MK-nın 1988-ci il iyul plenumunda gözlənilməz hadisələrin mümkünlüyü zamanın predmeti kimi müzakirə edilirdi. “Ola bilər ki, biz yenidənqurmanın doğrudan da inqilabi bir proses olduğunu hələ indi dərk etməyə başlayırıq. Bundan əlavə, yoldaşlar, mən inanıram ki, hərəkatımızın təzəliyi bizə yeni-yeni sürprizlər, gözlənilməzliklər verəcək – deyə M.S.Qorbaçov plenumda bildirib. Sonra əlavə edib: İndi neyləyək, panikaya düşək, hadisələrə tələm-tələsik qiymət verək? Yox, yoldaşlar, biz həyatı olduğu kimi dərindən öyrənməli, təmkin göstərməli, cəmiyyətimizin, sosializmin mənafeyi naminə dəqiq təhlillər əsasında düzgün, müdrik qərarlar qəbul etməliyik”.

 Büronun hazırkı siyasəti nəticəsində bir necə zəmanət verə bilərik ki, hər hansı fövqəladə vəziyyətlərdə komsomol lideri məsuliyyəti öz üzərinə götürüb çevik, standart olmayan qərarlar qəbul edə bilər? Biz öz hərəkətimizlə onu az səmərəli, lakin “yuxarılar” qarşısında hesabat verməyə layiq variantlara əl atmağa sövq etmirikmi?

 Bu gün E.Məmmədov başqa vəzifədədir. O, şəhər komsomol komitəsinin üzvlərini inandıra bilib ki, baş verənlərdən sonra əvvəlki vəzifəsində qala bilməz. O, öz mövqeyini belə əsaslandırıb ki, cinayət məsuliyyətinə cəlb olunmuş 94 nəfərin 18-i komsomolçudur və indən sonra şəhərin komsomol komitəsinə rəhbərlik etməsi üçün mənəvi haqqı yoxdur. E.Məmmədovun mövqeyi əvvəldən belə idi və bu dəfə uşaqları inandıra bilib.

 Epiloq əvəzi

 V.İ.Lenin deyib: “Öz səhvlərini açıq şəkildə etiraf etmək, onun səbəblərini öyrənmək, onu doğuran şəraiti təhlil etmək, səhvləri düzəltmək üçün düzgün üsul seçmək – bax, bu, ciddi partiya deməkdir, öz vəzifəsini yerinə yetirmək, əvvəlcə sinfi, sonra isə kütləni tərbiyə etmək, öyrətmək deməkdir”. 

(“Molodyoj Azerbaydjana”, 13 oktyabr 1988).

 

 
 

N.Adiloğlu

 XALQI NƏ NARAHAT EDİR?

 Noyabrın 17-sində dövlətimizin banisi V.İ.Leninin adına meydanda Bakı zəhmətkeşləri və tələbələrinin mitinqi olmuşdur.

 Ölkədə baş verən yenidənqurma, cəmiyyətin demokratikləşməsi və hüquqi dövlətin yaradılmasına yönəlmiş istiqamət Azərbaycan xalqı tərəfindən bəyənilir. Özünü konkret əməllərlə büruzə verən bəyənmə və dəstəyə səbəb olur. Lakin bu proseslərə qarşı çıxış edən qüvvələrin fəallaşması da narahatlıq doğurmaya bilməz. Məhz bu qüvvələr iki xalq arasında olan münasibətlərdə gərginlik yaratdılar, məhz onlar gərginliyi artırmaqda davam edirlər. Təəssüf ki, DQMV və Ermənistanda bu qüvvələr Azərbaycan ərazisinin bir hissəsinin ondan ayrılması, azərbaycanlıların tarixən yaşadıqları yerlərdən qovulması və onların şəxsiyyətinin masqaraya qoyulmasını tələb etmək mövqeyi tutan bir çoxlarını arxasınca aparmağa müvəffəq oldular.

 Və mitinqin nəyin lehinə və nəyin əleyhinə yönəldiyi haqqında qısaca desək, bu, belə səslənəcək: yenidənqurmanın lehinə, yenidənqurmaya qarşı çıxan qüvvələrin əleyhinə. 

Müxbirlərimiz mitinqdə olmuşlar (o, Sabir bağında başladı, sonra onun iştirakçıları milis tərəfindən qoyulmuş və heç də həmişə düzgün olmayan maneələri aşaraq respublikanın baş meydanına üz tutdular). Adamlarla, ilk növbədə cavanlarla aparılan söhbətlər bu gün onları ən çox nəyin narahat etməsini daha dəqiq anlamağa imkan verir. Narahatlıq üçün çoxlu səbəb var. Ona görə də eşitdiklərimiz və gördüklərimiz haqqında informasiya mübadiləsi apararaq biz onları aşağıdakı materialda ümumiləşdirmək qərarına gəldik. Burada mitinq iştirakçılarının ən səciyyəvi mülahizələri verilir. Biz adları çəkməməyi qət etdik, əsasən ona görə ki, onların dedikləri, bir daha qeyd edək, demək olar ki, danışdığımız bütün adamlar üçün səciyyəvidir. Məhz buna görə vasitəsiz nitqi ayıran durğu işarələri buraxılmışdır. Aşağıda çap edilmiş materialı mahiyyətcə mitinq iştirakçılarının monoloqu kimi müəyyənləşdirmək olar.

 Hər şeydən çox vəziyyətin davamlılığı və qeyri-müəyyənliyi narahat edir. O, əsəbilik doğurur və işləməyə və oxumağa mane olur. Ağıllanmaq və istənilən adamı ağıllandırmaq üçün doqquz ay kifayət qədər uzun müddətdir. Lakin bütün bu müddət ərzində böhran dərinləşir, yalnız yüksək səviyyələrdə aparılan fəal siyasi müzakirələr zamanı ləngidilir. Keçmiş müddət ərzində ölkədə ictimai rəy Azərbaycanın ziyanına formalaşdırılıb. Azərbaycan isə bu vaxta qədər heç kəsdən ərazi tələb etməyib. DQMV-nin sosial-iqtisadi səviyyəsinin Azərbaycan və Ermənistandan aşağı yox, hətta orta hesabla yüksək olmasına baxmayaraq İttifaq vəsaitindən 450 mln. Ayrılması ilə DQMV-nin inkişafı haqqında məlum fərman Azərbaycan xalqı tərəfindən mərkəzi hakimiyyətin münaqişəsini aradan qaldırmaq üçün atdığı addım kimi qəbul edilmişdir. Ona görə də bu addımı alqışladıq. DQMV-də erməni əhalisinin milli maraqlarına toxunan məsələlərin uzun müddət həll olunmaması faktının ciddi şübhə doğurmasına baxmayaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul fərmanı anlaşılma ilə qəbul edilmişdir. Lakin bu növbəti kompromis də Azərbaycanda anlaşılma ilə qarşılandı: növbəti dəfə “günahsız günahkarlara” çevrildilər, lakin o ümidlə ki, indi böhran zəifləyəcək, vəziyyət nizamlanacaq və tədricən iki xalq arasında münasibətlər normal məcraya düşəcək: əvvəl mehriban qonşuluq münasibətləri, vaxtı gəldikdə isə ənənəvi dostluq münasibətlərinə keçəcək. Azərbaycan məhkəmələrindən Sumqayıt işlərinin qəti etirazsız verilməsi də həmin kompromislər sırasındandır. Azərbaycanın vəziyyətin normallaşması üçün bu halda etdiyi daha bir sıra güzəştləri saymaq olar. Lakin bu güzəştlər nəticəsində vəziyyət normallaşmır, Azərbaycanın maraqlarına hücum etməkdə davam edilir, DQMV və Ermənistanda azərbaycanlılara qarşı münasibət daha da dözülməz olur.

 Azərbaycanın maraqlarına əhəmiyyət verməyən hadisələr zəncirində növbəti halqa Şuşa yaxınlığında Topxana adlı yerdə meşənin qırılması və Ermənistan müəssisəsi işçilərinin apardığı tikinti işləri oldu. Bu aksiyanın qeyri-qanuniliyi ilə əlaqədar qəti etirazlara baxmayaraq bu iş bütün mümkün həyasızlıqla davam etdirilir. Mitinq iştirakçılarının fikrincə belə hərəkət vəziyyəti daha da gərginləşdirmək, qanlı toqquşmalara təhrik etməyə çalışmaq məqsədi güdə bilər, sonra da növbəti dəfə səs-küy salınar ki, milli azlıq nümayəndələrinin Azərbaycanda yaşaması mümkünsüzdür.

 DQMV və Ermənistanda azərbaycanlıların evlərini yandıranlar və dağıdanların, Xocalı hadisələrini törədənlərin cəzalandırılıb-cəzalandırılmaması haqqında informasiyanın olmaması narahatlıq doğurur. Əgər özgə ərazisini tutmaq arzusu demokratiya nümunəsi kimi göstərilirsə (və susmağa görə, bəzən də mərkəzi mətbuatda qərəzli işıqlandırmaya görə müvəffəqiyyətlə) evlərin yandırılması faktları, azərbaycanlıların döyülməsi, onların işə buraxılmaması, kütləvi surətdə işdən azad edilməsi hələ ki demokratiya sayılmır, onlar cinayət, lakin cəzalandırılmamış cinayət olaraq qalır.

 Elə bir təsəvvür yaranır ki, Azərbaycan onun ayrılmaz hissəsi olan DQMV-nin taleyi ilə bağlı olan məsələlərin həllindən kənarlaşdırılıb, bizim rəhbərlik və xalqımız öz evlərinin sahibi deyil. Elmlər Akademiyasında keçirilən mitinqlər zamanı bura bəzən rəhbər işçilər gəlirdilər; onlar başqa kollektivlərlə görüşlərə də gəlirdilər. Lakin aydın suallara onlar məzmunu yox, yalnız intonasiyası nikbin olan uzun cavablar verirlər. Yoldaş Vossun sədrliyi ilə SSRİ Ali Soveti komissiyasının işinin təfərrüatı bizə məlum deyil və biz istəmirik ki, sabah Azərbaycan xalqı onun xəbəri olmadan və onun maraqları hesabına növbəti kompromis faktı qarşısında qoyulsun. Azərbaycanlıların vəziyyəti DQMV-də gündən-günə pisləşirsə A.İ.Volski öz vəzifələrini necə yerinə yetirir?

 İttifaq rəhbərliyinin vəzifəli şəxslərin məsuliyyətsiz bəyanatlarına siyasi qiymət verməməsi narahatlıq doğurur. Sov.İKP MK mövcud milli-ərazi quruluşuna yenidən baxılmasına yönəlmiş tələb və hərəkətlərə öz münasibətini bildirərək bunu Azərbaycan və Ermənistan zəhmətkeşlərinin maraqlarına zidd olan, millətlərarası münasibətlərə xələl gətirən bir hal kimi qiymətləndirdi. Bununla belə həm DQMV-nin, həm də Ermənistanın partiya rəhbərləri milli-ərazi quruluşuna yenidən baxılması üzərində təkid etməkdə davam edir, lakin kütləvi informasiya vasitələrinin mərkəzi orqanları riyakarcasına “ədalətli” adlandırılan bu tələbləri mahiyyətcə susmaqları ilə işıqlandıraraq buna şərh vermədən ölkə və dünya xalqlarının nəzərinə çatdırır. “Qarabağ məsələsi”ni – DQMV-nin Ermənistana verilməsi məsələsini şişirtməkdə davam edənlər partiyaya qarşı mövqedə dururlar, lakin görünür ki, bu mövqeyin miqyasına görə lazımi səviyyədə heç kəs bunları belə adlandırmağa cəhd etmir. İlk növbədə bundan azərbaycanlılar zərər çəkir, onlara qarşı cəzasız zor işlədilir, iki xalq arasında münasibətlərin perspektivi də bundan zərər çəkir. Demokratikləşmənin anarxiyaya çevrilməsini və cəzasız cinayətlərə göz yumulmasını gördükdə öz taleyini, ümidlərini yenidənqurma ilə bağlamış adamların inamı da ziyan çəkir. Beləliklə, qayda-qanunun yaradılması haqqında tələblər elə yenidənqurmanı “anarxiya” damğasından qorumaq tələbləridir.

 Milli-ərazi quruluşuna yenidən baxılması haqqında tələblər çox səxavətlə M.S.Qorbaçovun çıxışlarından gətirilən sitatlarla “qüvvətləndirilir”. Bu xüsusilə böyük narahatlıq doğurur,  belə ki, bu ad bizdə yenidənqurma ilə bağlıdır. Baş katibin adının mahiyyətcə siyasi təcavüz xassəli tələblər və hərəkətlərlə yanaşı hallandırılması zəhləmizi tökür, ən yaxşı hisslərimizi təhqir edir.

 SSRİ Ali Soveti Rəyasət Heyətinin adı çəkilən fərmanında regionda mövcud milli-ərazi quruluşuna yenidən baxılması çağırışları əsassız, siyasi cəhətdən təhlükəli kimi səciyyələndirilmişdir. Buna baxmayaraq bu çağırışlar qüvvədə qalmaqda davam edir, onlara xüsusilə DQMV vilayət soveti daim müraciət edir. Bu antikonstitusion çağırışlar və onlardan doğan hərəkətlər də qiymətləndirilməmiş və antikonstitusion qərarların qəbul edilməsinə istənilən vasitələrlə nail olmağa cəhd edənlərə qarşı uyğun tədbirlər görülməmiş qalır.

 On minlərlə azərbaycanlı Ermənistandan, Stepanakertdən qovulmuşdur: artıq qışdır, bəs qayıtmaq?.. – Doğma obada onların həyatı təhlükə altındadır; çoxlarının qayıtmağa yeri yoxdur: bir qisminin evi yandırılmış, başqalarında erməni ailələri yaşayır. Təkcə evlər yox, həm də bağlar, mal-qara, ev şeyləri zay olmuşdur. İnanmaq olmur ki, bu, buz əsirliyinə düşmüş iki balinanın dərdinə qalan Sovet ölkəsində baş verir. Sovet İttifaqının beynəlxalq yardımı bu gün Azərbaycana Əfqanıstana lazım olduğundan daha çox lazımdır və SSRİ Ali Soveti vasitəsilə ölkənin qardaş xalqlarına müraciət etmək lazımdır ki, onlar da burada nə baş verdiyini bilsinlər.

 Azərbaycan rəhbərliyinin möhkəm mövqeyi hiss olunmur. Bilirik ki, onun üçün çox çətindir: respublikada çoxlu problemlər yığılıb qalmışdır. Burada korrupsiyaya uğramış klanlar, mafiya var, onlar Ermənistanda özlərinə bənzərlərlə ümumi dil tapıblar. Görünür ki, Ermənistanda bu klanlar xalqı öz arxasınca apara, onları azərbaycanlı və Azərbaycana qarşı pis niyyətli, bəzən qanunazidd hərəkətlər etmək yoluna təhrik edə bildilər. Respublikamızda da belə cəhdlər edilir. Məhz buna görə də bizə yüksək sayıqlıq, səbir və xalqın əməllərinin birliyi lazımdır. Bizim fikrimizcə, Ermənistanda xalqın aldadılmasına, milliyyətçi şüarlarla onda Azərbaycan xalqına qarşı şahidi olduğumuz həmin münasibətin yaradılmasına baxmayaraq biz burada əks vəziyyətə yol verilməməsi üçün hər şey edəcəyik. Sumqayıt faciəsinin iki respublikanın korrupsiyaya uğramış klanlarının toqquşması nəticəsində mümkün olduğunu hiss etmək üçün əsaslandırılmış fərziyyələr mövcuddur. Hələ bizim xalqları qan tökmək yoluna sövq edən cəhdlər də mümkündür və burada bizim hər iki xalq birlikdə öz təmkinini göstərməlidir, hər şeydən başqa onu yadda saxlamaq lazımdır ki, nəinki biz, bizim uşaqlar, nəvələr də yanaşı yaşamalı olacaqlar.

 Xalq respublika partiya təşkilatının yeni rəhbərinə öz etibarını bildirdi. Lakin istəyirik ki, o, bu etibardan daha çox istifadə etsin, daha çox xalqa arxalansın. Biz bilmirik respublikada böhranı dəf etmək konsepsiyası varmı; əgər varsa DQMV-də, Ermənistanda azərbaycanlıların sıxışdırıldığı halda o nə dərəcədə düzgündür? Görünür ki, başqalarının maraqları hesabına bəzilərini sakitləşdirən daha möhkəm mövqe tutmaq lazımdır.

 ...Bütün bunlar, həm də bir çox başqa şeylər adamları narahat edən səbəblərdir. Yeganə narahatlıq doğurmayan, lakin təəccüblü olsa da bir çox “sakitləşdirici təminatların” istiqamətləndiyi DQMV-nin ərazi mənsubiyyətidir. DQMV-nin verilməsi məsələsi ən əvvəldən aydın idi: Azərbaycan öz ərazisini heç kəsə bağışlamağa hazırlaşmır və heç kimin torpağında gözü yoxdur. Hadisələrin başlanğıcında Sov.İKP MK-nın söylədiyi mövqe bu inamı daha da möhkəmləndirdi.

 Biz müsahiblərimizi dinləyir, özümüz isə qeyd edirik ki, keçmiş mitinqlərdən fərqli olaraq bu mitinqdə ruslar, ləzgilər, tatarlar, Azərbaycanda yaşayan digər millətlərin nümayəndələri də iştirak edirdilər. Bu insanları yenidənqurmanın taleyi üçün narahatlıq birləşdirir. Demokratikləşmə prosesinin daxildən sarsıdılaraq geri döndərilməsinə yol vermək olmaz.

 Adamların əhval-ruhiyyəsi mitinqin tələblərində də öz əksini tapır – onun iştirakçılarının bir qismi tələblərə münasibət bildirilmədən meydanı tərk etməmək qərarına gəlmişdir. Tələblərin mahiyyəti isə, qısaca desək, aşağıdakından ibarətdir: DQMV-də Sovet hakimiyyətini bərpa etmək, orada partiya mövqelərinin bərpa edilməsinə nail olmaq, daha qətiyyətli ölçülər tətbiq etməklə Ermənistan və DQMV-də azərbaycanlıların təhlükəsizliyini təmin etmək, Azərbaycanın dəqiq mövqe tutması və SSRİ Ali Sovetinin qarşıdan gələn sessiyasında onu ifadə etməsi.

(“Molodyoj Azerbaydjana”, 19 noyabr 1988).

 

 

N.Adiloğlu

 XALQ ÖZ SÖZÜNÜ DEYİR

 Hər şeyin öz səbəbi var. Noyabrın 17-də V.İ.Lenin adına meydanda başlamış və respublikanın bir çox şəhər və rayonlarının qoşulduğu çoxgünlük ümumşəhər mitinqinin səbəbi xalqın artıq tükənmiş səbrindədir. 

Belə bir partlayışı əvvəlcədən ehtimal etmək olarmı? Bunu ehtimal etməmək olmazdı. Hər şey buna doğru aparırdı. Bir sıra hallarda həqiqətin Azərbaycanın maraqlarının əleyhinə olaraq diskriminasiyası uzun sürə bilməzdi. Həqiqətin dəfələrlə təhrif edilməsi bugünkü böhrana gətirib çıxarmışdır. Lakin Lenin xəbərdarlıq etmişdi: “Həqiqət nə qədər acı olsa da onun gözünə dik baxmaq lazımdır. Bu şərtə əməl etməyən hər bir siyasət məhvə məhkumdur”. Biz indi elə bir siyasətin nəticəsini dadırıq ki, o dürüst deyilmiş sözü yox, bağırtını həqiqət hesab edir.

 Elə ilk anlardan bir sıra hallarda güc təzyiqi üsulları işə keçir, həqiqət isə tez-tez qapı dalında qalırdı. Azərbaycan xalqı çox dözdü, lakin bu dözümün də həddi-hüdudu vardır. Xalqımız özünü görməməzliyə vurub “şorbanı süfrəyə kimin dağıtdığını” görməyə bilər (Çexova görə), hətta onun bilərəkdən süfrəyə yaxıldığını görəndə arxa çevirə də bilər, lakin bu “mədəniyyəti” onun ayağına yazanda, o dözməyəcəkdir.

 Güc təzyiqi üsullarının qınanmaması, onun nəticələri belə üsullara rəvac verilməsi deməkdir. Təəccüblü deyil ki, Azərbaycanda da, nəhayət, bu yola əl atıldı, minlərlə insan iş yerlərini tərk edib meydanlara axışdı. Bununla da ümummilli tətilə çağırışın fit səsləriylə deyil, alqışlarla qarşılanması üçün zəmin yarandı.

 BƏS ÇIXIŞ YOLU NƏDƏDİR? Azərbaycanın etdiyi güzəştlər heç bir nəticə vermədi. Xalq meydanda belə bir radikal təklif – DQMV-nin statusunun ləğv edilməsi istiqamətində müəyyən addımların atılmasını təklif edir. Yaranmış şəraitdə muxtar vilayətin statusu milliyyətçi və yenidənqurmaya qarşı olan qüvvələrin əl-qolunu “açır”, onlara insanları aldadaraq arxalarınca aparmağa imkan yaradır.

 Mitinqdə yenidənqurmanı dəstəkləmək məqsədilə Xalq Cəbhəsinin yaradılması haqqında səslənmiş çağırış çox böyük rəğbətlə qarşılandı. Korrupsiyaya uğramış klanlar, yenidənqurmaya qarşı olan başqa qüvvələr Azərbaycanın digər yerlərində də yox deyildir. Onların çox güclü mövqeləri vardır. Yaxşı təşkilatlanmış ümumxalq dəstəyi olmadan bizim rəhbərlik onların öhdəsindən gələ bilməz.

 Bəs Azərbaycan xalqını onun ərazisinə, suverenliyinə, yenidənqurmanı inkişaf etdirmək cəhdlərinə edilən təcavüzdən KİM qoruyacaq? SSRİ Konstitusiyasının 81-ci maddəsində deyilir: “Müttəfiq respublikaların suveren hüquqları SSR İttifaqı tərəfindən qorunur”. Yaranmış vəziyyətdə SSRİ Konstitusiyası niyə belə zəiflik nümayiş etdirir? Azərbaycan Sovetlər İttifaqına deyil, kimə müraciət etməlidir?

 İyulun 18-də biz DQMV məsələsini qaldırmış qüvvələrin tapdalamaq istədikləri dövlətçilik maraqlarının, SSRİ Konstitusiyasının ən yüksək səviyyədə müdafiə olunmasının şahidi olduq. Mitinqdə Azərbaycanın səlahiyyətli nümayəndələrinin ölkə və partiya rəhbərliyi ilə görüşüb onlara yaranmış vəziyyət haqqında həqiqətləri, rahat yaşamağa imkan verməyən mətləbləri çatdırması barədə daha bir prinsipial təklif səsləndi.

 Nəzərə almaq lazımdır ki, ölkədə yenidənqurma uğrunda mübarizə gedir, lakin yenidənqurmanın əleyhdarları da az deyildir. İki xalq arasındakı “duru suyu” məhz onlar bulandırmışlar. Onların hadisələrin gələcək cərəyanına da müdaxilə edəcəkləri istisna olunmur. Biz mitinqdə səslənmiş daha bir çağırışa mütləq səs verməliyik. Bu çağırış ondan ibarətdir ki, hərə öz kollektivində yığışıb respublikadakı vəziyyəti müzakirə etsin, insanların rahat yaşayıb işləməsinə mane olan səbəblər araşdırılsın, sakitcə düşünüb vəziyyətin əsaslı surətdə dəyişilməsi və normallaşması üçün təkliflər versin.

 XALQ öz sözünü qətiyyətlə dedi! İndi hər şeyi saf-çürük edib bu sözə cavab vermək lazımdır. Digər tərəfdən, hadisələr təhlükəli xarakter almışdır. Çoxsaylı insanlar arasında xuliqanlıq hərəkətlərinə yol verənlər də tapılır. Görəsən, şəhərin küçələri ilə avtomobillərdə ucadan siqnal verə-verə yüksək sürətlə şütüyən cavanlar özlərini vətənpərvərmi sanırlar? Belə hərəkətləri ilə onlar nəinki özlərini, həm də havada dalğalandırdıqları respublika bayrağını da təhqir edirlər. Öz ünvanımıza deyildikdə tərəfimizdən rəğbətlə qarşılanmayan şüarlarsız keçinmədiyimizə görə də utanmalıyıq.

 Qeyz və şaşqınlıq üçün nə qədər əsasımız olsa da emosiyalara qapılmağa haqqımız yoxdur. Bizi ən pis hərəkətlərə təhrik edə bilərlər, lakin biz buna getməməliyik. Kirovabadda, Naxçıvanda olmuş qarışıqlıqlar, Sumqayıtda baş vermiş dəhşət bizim üçün dərs olmalıdır.

 (“Molodyoj Azerbaydjana”, 24 noyabr 1988-ci il, ¹140).

  

“HÜRRİYYƏT OLAN YERDƏ DƏ İNSANLIQ OLUR”

 AXC-nin sədri Əbülfəz Əliyevlə müsahibə

 ƏBÜLFƏZ ƏLİYEV: 52 yaşın içindədir. 1962-də universitetimizin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1963-1964-də Misirdə tərcüməçi işləyib. 1968-də ADU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasında aspiranturanı bitirib. 1969-dan tarix elmləri namizədidir. Universitetdə bir neçə il Şərq ölkələri tarixindən dərs deyib. 1975-76-cı illərdə Azərbaycan SSR CM-in 67-ci maddəsi üzrə həbsdə olub. Onu millətçilikdə ittiham etmiş, SSRİ-də milli siyasətin Lenin prinsiplərinin pozulduğu, rus dilinin imperiya siyasətinin vasitəsi kimi işlədilməsinin rus xalqının özünə qarşı mənfi münasibət yaratdığı haqqında və başqa fikirlərində mövcud quruluşa qarşı cinayət tapmışdılar. Həbsdən sonra bir müddət işsiz qalıb. 1977-də Akademiyanın Əlyazmalar İnstitutunda elmi işçi (indi aparıcı elmi işçi) işləyir. Evlidir, bir oğlu, bir qızı var. Allaha inanır.

 NƏCƏF NƏCƏFOV: Əbülfəz bəy, gəlin söhbətimizi Azərbaycan Xalq hərəkatının keçmişi, indisi və gələcəyi üzərində quraq. Aydındır ki, AXC müəyyən bir tarixi prosesin nəticəsidir. Çoxları isə bu fikirdədir ki, AXC ancaq yenidənqurmanın başlanmasından sonra yaranıb. Sizcə, AXC hansı tarixi-siyasi prosesin nəticəsidir?

 ƏBÜLFƏZ ƏLİYEV:  Adətən SSRİ-dəki dəhşətli vəziyyətin səbəbkarını “inzibati-amirlik sistemi” adlandırırlar. Bu ad bir az yumşaldılmışdır. Mən “hərbi polis sistemi” deyərdim. Bu sistemdə hər şey yuxarıdan aşağıya verilən əmrlər əsasında həll olunur. “Partiya etikası” deyilən bir ifadə icad ediblər. Partiya etikası əslində aşağıdakıların yuxarılar qarşısında susması və əmrə sözsüz tabe olması deməkdir ki, bu da hərbi polis sisteminin əsasını təşkil edir. Bu sistemdə vətəndaş azad olmur. Azadlığın boğulması isə insanı məhv edir, bütün fəaliyyəti dondurur, hər şeyi çürüdür. Böyük Sabirimiz demişkən: “hürriyyət olan yerdə də insanlıq olur”. Yəni azadlıq olmayan yerdə insanlıq da yoxdur.

 İnsanlığı məhv edən belə bir sistemə qarşı əvvəllər də mübarizə gedirdi. Bu mübarizəni isə əsasən vicdanlı olan titullu adamlar, məşhur yazıçılar apara bilirdi. İnzibati orqanlar gəncliyi, tanınmamış adamları bütün vasitələrlə mübarizədən kənarda saxlamağa, boğmağa çalışırdı. Elə mənim özümə də istər inzibati orqanlar, istərsə də yaxın adamlarım belə məsləhətlər verirdilər: “get, elminlə məşğul ol. Əvvəlcə ad-san, titul qazan, sonra danışarsan”. Bir sözlə, söz demək, mübarizə aparmaq üçün mövqe tələb olunurdu. Həmin mövqeni qazanmaq üçün isə imkan verilmirdi. Buna baxmayaraq, mübarizə aparılırdı. İnsanın fəaliyyətinin boğulması bir tərəfdən də iqtisadiyyatı zəiflətdi.

 N.N.: Hərbi polis sistemində hərbi özü də zəiflədi. İqtisadiyyatın zəifliyi hərbini qüvvədən saldı, nəticədə ölkə nüfuzunu itirməyə başladı... 

Ə.Ə.: Doğrudur, hərbi polis sistemi öz köhnə işini yenə də davam etdirərdi, lakin iqtisadiyyatın dağılması ona imkan vermədi. Cəmiyyət belə yaşaya bilmədi, o, artıq demokratiyaya möhtac və hazır idi. Yuxarıların məcburiyyət qarşısında “demokratiya verməsi” xalq üçün bəhanə oldu. Demokratiya verilən kimi müəyyən qruplar sözünü deməyə başladı. Və yenə də ilkin olaraq sözünü ziyalılar, titullu şəxslər, məşhur yazıçılar dedi.

 Ümumən siyasi mübarizə maarifçilikdən başlanır, onun daxilində doğulur. Azərbaycan mühitində 1960-70-ci illərin maarifçilik hərəkatında siyasi xətt hazırlanırdı. 80-ci illər maarifçilikdən siyasi mübarizəyə keçid anı idi. Çünki artıq maarifçilər bütün işi davam etdirə bilmirdi. Aşağıdan başlanan kütləvi hərəkat inqilabi xarakter daşıyırdı. Bu hərəkatı idarə edən cəmiyyətlər, partiyalar yaranmalı idi. Həmin zərurət Pribaltikada Xalq Cəbhələrinin nümunəsində özünü göstərdi.

 Azərbaycanda da Xalq Cəbhəsinin yaranmasını arzulayan müxtəlif qüvvələr var idi. Misal üçün, “Çənlibel” birliyi onun yaranmasını arzu edirdi. Ondan sonra meydana gələn “Varlıq” adlı ictimai-siyasi təşkilat Xalq Cəbhəsini yaratmağı öz proqramının başlıca məqsədi hesab edirdi və s. Nəhayət, 1988-ci ilin Noyabr hadisələri başlandı. Bütünlüklə ayağa qalxmış xalq elə meydandaca XC-nin yaradılmasını tələb etdi. Lakin bu baş tutmadı. Çünki xalq ideyanı qəbul etmişdi, təşkilat formasını isə bilmirdi. Düşünən qüvvələr meydana izah etməyə başladı ki, Xalq Cəbhəsi strukturdur, düzümdür, ayrı-ayrı təşkilatlar birləşib mexanizm təşkil etməlidir və o, meydanda yaradıla bilməz. 

Əgər noyabr-dekabr hadisələri məğlubiyyətlə bitməsəydi AXC daha tez yaranacaqdı. Həbsxanalar, repressiyalar, təzyiqlər onu ləngitdi. Nəhayət, mart ayında “Çənlibel”, “Varlıq”, “Gənc alimlər” kimi təşkilatlardakı sağlam qüvvələr seçildi. AXC-nin təşəbbüs qrupu yaradıldı. Proqram və Nizamnamə bir daha yoxlanıldı. Xalq Cəbhəsi ideyası həyata keçirilməyə başlanıldı. Bir sözlə, AXC-ni Azərbaycan ictimai hərəkatının özü doğurdu.

 N.N.: Əbülfəz bəy, bugünkü demokratik hərəkatda Azərbaycan milli hərəkatlarının ənənəvi rolu varmı?

 Ə.Ə.: Sözsüz ki, var və geniş şərh tələb edir. Mən qısaca bir faktı xatırladım. AXC təzəcə yaradılırdı. Amma o artıq Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağını özünün simvolu kimi qəbul etmişdi. Bu niyə belə oldu? Nə üçün yenisini yaratmadı, tarixən mövcud olan hazır rəmzi qəbul etdi?

 XX əsrin əvvəllərindəki hərəkatlar: istər 1905-1907-ci, istərsə də 1918-20-ci illərdəki hərəkatlar monarxiyalara qarşı çevrilmişdi. Monarxiyalar zəiflədikləri üçün demokratik hərəkatların hamısının qarşısını ala bilmədilər, onların gücünü müharibələrə yönəltdilər. Bu müharibələrdə istər rus, istərsə də İran monarxiyası məğlub oldu və həm Şimali, həm də Cənubi Azərbaycanda demokratiya uğrunda mübarizə gücləndi. Bu mübarizələrdən qorxan imperiyalar Azərbaycanda gedən demokratik hərəkatları boğdular, onu yarımçıq qoydular, donmuş vəziyyətə gətirdilər. O zaman donmuş hala salınan mübarizə bugünkü demokratiya uğrunda hərəkatda öz ənənə rolunu oynayır. Bu, elə donmuş mübarizə yaddaşının yenidən başlaması deməkdir.

 N.N.: Əbülfəz bəy, 1918-1920-ci illər hərəkatının başına gətirilən fəlakətlər bugünkü demokratiya uğrunda mübarizənin də başına gətirilə bilərmi?

 Ə.Ə.: Məncə, yox, Azərbaycan Demokratik Respublikası ona görə məğlub edildi ki, o, bütün dünyada gedən çaxnaşma və müharibə dövrünə düşdü. İndiki demokratik hərəkat isə dinc şəraitdə başlayıb və bütün dünyada demokratiyanın yüksələn dövrünə düşüb. Ola bilsin ki, nə isə təzyiqlərə, repressiyalara əl atılsın, lakin artıq demokratiya uğrunda mübarizənin qabağını saxlamaq olmaz. Əks təqdirdə dövlətin çevrilişi ilə nəticələnə bilər.

N.N.: Yadınızdadırsa rəsmi orqanlar AXC adını qəbul etmir, bizə müxtəlif adlar təklif edirdilər: “El birliyi”, “Milli qurtuluş birliyi” və b…

 Ə.Ə.: Bəli, yadımdadır. Biz bu təşkilatın adını dəyişə bilməzdik, çünki xalq Xalq Cəbhəsi ideyasını qəbul edib, bu adın arxasınca gedirdi. Adı saxlamaqla biz ideyanı qoruyub saxladıq.

 N.N.: İndi də belə bir fikir var ki, Azərbaycan xalqının demokratik hərəkatı artıq milli hərəkat xarakteri daşımağa başlayıb. Sizin bu fikrə münasibətiniz? 

Ə.Ə.: Mən bu fikrin tamamilə əleyhinəyəm. Bizim hərəkatımız ümumxalq hərəkatıdır, onun içərisində iki xətt var: demokratik və milli xətt. Milli xəttin özü də demokratik əsaslarla aparılır. Bəzi qüvvələr var ki, hərəkatın demokratik əsasda aparılmasına hazır deyil, ona görə də daha çox çığır-bağıra əl atırlar. Bunlar demokratik hərəkatın ruhunu dəyişə bilməz. Sadəcə olaraq, “Qarabağ məsələsi” bu hərəkatda milli xətti daha qabarıqlaşdırır. Hətta “Qarabağ məsələsi”ni də, yəni torpağımızın taleyini də biz qırğınlar, qan tökmək yolu ilə yox, demokratik yolla həll etməyə çalışırıq. AXC Azərbaycanda yaşayan və onun qanunlarına hörmət edən heç bir xalqın əleyhinə deyil. O, ölkədəki bütün demokratik hərəkatları müdafiə edir. Azərbaycandakı hərəkat insan haqqı uğrunda mübarizə hərəkatıdır və s. Bütün bunlara görə mən belə hesab edirəm ki, Azərbaycan xalqının bugünkü mübarizəsi demokratik hərəkatdır.

 N.N.: AXC mart ayında formalaşmağa başlayıb. Ötən müddət ərzində xeyli iş görülüb. Bu dövrü Siz necə qiymətləndirirsiniz?

 Ə.Ə.: AXC-nin mart ayında yaradılmış təşəbbüs qrupu xalq hərəkatından geridə qalırdı. Bir tərəfdən də yuxarılardan amansız təzyiq və təqib var idi. Xalq inadla tələb edirdi ki, AXC yaradılsın və elan olunsun. Ona görə də biz iyul ayının 16-da təsis konfransı keçirməyə məcbur olduq ki, AXC hüquqi şəxsə çevrilə bilsin. Bu, böyük siyasi addım və qələbə idi. Bundan sonra AXC sürətlə mübarizənin önünə keçdi. Oktyabr ayından sonra yenə onu fəaliyyətində ləngimə başladı. Məncə, bunun səbəbi odur ki, mübarizənin, hərəkatın özü rəngarəngləşmiş və mürəkkəbləşmişdi. Köhnə mexanizm artıq bu mübarizəni idarə edə bilmirdi. Misal üçün bir faktı götürək. Rayonlarda bürokratiyaya qarşı mübarizə dəstələri yaranmışdır. Onlar raykom katiblərini, azğınlaşmış idarə rəhbərlərini qovur, yaxud dəyişdirilməsini tələb edirlər. AXC bu mübarizəyə başçılıq edə bilmir. AXC həmin mübarizə aparan adamları təzyiq və repressiyalardan qoruya bildi. Köhnə mexanizmlə onları idarə etmək olmur, yeni mexanizmin olmaması isə narazılığa və fikir ayrılığına gətirib çıxarır.

 N.N.: Əbülfəz bəy, indi AXC-nin fəaliyyətindən narazı adamlar var. Çünki AXC-nin adından istifadə edərək çirkin işlər görürlər: restoranda yeyib-içərək pulunu vermirlər, alver edirlər, başqa millətdən olanları döyürlər və s. Mən belə fikirləşirəm ki, onların içərisində qəsdən öyrədilmiş adamlar da var, şüursuzluqdan, kor-koranə şəkildə AXC adından istifadə edənlər də.

Siz nə fikirləşirsiniz? Burada obyektiv, qanunauyğun bir prosesin əlamətlərini görə bilirsinizmi?

 Ə.Ə.: Nəcəf bəy, mən burada üç əsas xətti götürürəm:

 1.       Azərbaycanda olan işsizlik əyri ünsürlərə qoşulmaq üçün şərait yaradır. Bu ünsürlər də nədənsə, kiminsə adındansa istifadə etməlidirlər. Vaxtilə oğrular, əyrilər forma geyib milisin adından istifadə edirdilər, indisə Xalq Cəbhəsinin. Və dövlət, hüquq orqanları da bunu qəsdən qabarıqlaşdırırlar, şişirdirlər.

2.       AXC-ni nüfuzdan salmaq üçün dövlət tərəfindən öyrədilən qüvvələr çirkin işlərini bizim adımıza bağlayırlar. Milis  orqanları qəsdən belə hadisələrin qabağını almırlar. Məsələn, kimlərsə rus qadınını döyür və deyirlər ki, bunu bizə Əbülfəz və Etibar tapşırıb. Beləliklə də, süni surətdə narazılıq yaratmağa çalışırlar.

3.       Bir sıra qüvvələr də var ki, onlar AXC-yə yaxın buraxılmır. Belə olanda onlar özləri mitinq təşkil edir, təşəbbüsü öz əllərinə keçirmək istəyir. Qəribədir ki, bu qüvvələrin bir hissəsində həsəd, paxıllıq hissi var, bir hissəsi köhnə xidmətlərinin əvəzində İdarə Heyətində olmaq istəyənlərdir. Ona görə də bu qüvvələr AXC-ni və onun seçkili orqanlarını nüfuzdan salmaq üçün hər şeydən istifadə edirlər.

 N.N.: AXC indi çətin dövrünü yaşayır. Sizcə, onun gələcəyi necə ola bilər?

 Ə.Ə.: AXC elə bir təşkilatdır ki, xalqın ona həyati marağı var. Buna görə də AXC-də parçalanma ola bilməz. Biz birinci mərhələni keçirmişik. Çünki xalqın siyasi həyatı fəallaşdıqca AXC-nin strukturu da dəyişməli, onun seçkili orqanlarına yeni qüvvələr gəlməlidir. Biz indi ikinci mərhələnin astanasındayıq. Yanvar ayında keçiriləcək konfransda yeni İdarə Heyəti və Məclis seçiləcək. Qurultaya qədər yeni qüvvələr yetişəcək, həyat yeni mexanizm diqtə edəcək. Biz o zaman qurultay çağıracağıq. Bu isə AXC-nin fəaliyyətində üçüncü mərhələ olacaq.

 N.N.: Bəziləri bu fikirdədir ki, AXC daimi olmayacaq, tezliklə dağılacaq.

 Ə.Ə.: Təbii ki, AXC daimi ola bilməz, çünki hər hansı bir aparat cəmiyyətdə təkbaşına aparıcı olduqda və köhnəldikdə diktaturaya çevrilir. Ona görə də müxalif partiyaların yaranması labüddür. Ola bilsin ki, bu partiyalar müstəqil yaşamaq gücünə malik ola bilməsin. Belə olduqda onlar öz aralarında birləşib yeni tipli cəbhə yarada bilər.

 N.N.: Mən də belə hesab  edirəm. Amma qorxuram ki, siyasi mədəniyyətin lazımi səviyyədə olmaması ucundan partiyaların ayrılığı xalqın parçalanmasına aparsın.

 Ə.Ə.: Əvvəla, gəlin “siyasi mədəniyyət” yox, “siyasi bacarıq” deyək. Sizin dediyiniz qorxu da ola bilməz; hər bir partiya proqram tutanda millətin müstəqilliyini, xilasını nəzərdə tutacaq. Burada onlar birləşəcək. Məqsəd eyni olacaq, gedişlər müxtəlif. Onlar düşmənə yox, ciddi rəqibə çevriləcəklər. İslamda bir-birinə zidd təriqətlər mübarizə aparıb, hətta qan töküblər. Amma bu, islamı məhv etməyib, inkişaf etdirib. Kommunist Partiyası bu ziddiyyətə, rəqabətə imkan vermədiyi üçün iflic olub.

 N.N.: Əbülfəz bəy, M.S.Qorbaçov haqqında sizin fikrinizi bilmək maraqlıdır. Bizdə bir çoxları ona münasibətdə “Qarabağ məsələsi”ni meyar götürürlər. Məncə, o, böyük şəxsiyyətdir.

 Ə.Ə.: Qorbaçov demokratik hərəkatda müsbət adamdır. O, tarixə ya böyük islahatçı kimi, ya da (demokratiya uğrunda mübarizəsi böyük nəticələr versə) böyük demokrat kimi daxil olacaq. Amma Qorbaçov iki nöqtədə uduzur: birincisi, “Qarabağ məsələsi”ndə. O, çıxışlarının birində deyirdi ki, Qarabağ problemi yenidənqurmaya arxadan vurulan zərbədir... Zərbəni vuranlar isə asudə yaşayır və işlərini davam etdirirlər. İkincisi, SSRİ-də yaşayan müsəlman və türkdilli xalqlara münasibətdə. O bu respublikalara gəlib yenidənqurmanın taleyi ilə maraqlanmalıdır. Məncə, Qorbaçovun ən böyük nöqsanı odur ki, o, SSRİ-nin rəhbəri olduğu halda üzü Avropayadır. Avropa ilə siyasi əlaqələr onu daha çox maraqlandırır. O deyəndə ki, Avropa bizim ümumi evimizdir, Asiya və Şərqin ondan inciməyə haqqı var. Bəs onda Asiya hansı evə daxildir? Məncə, dediyim bu cəhət bir siyasi xadim kimi onun çatışmayan cəhətidir.

 (“Azadlıq” qəzeti, 24 dekabr 1989-cu il, ¹1)


NƏCƏF BƏYİN AİLƏSİNƏ MƏKTUBU

 Mənim əzizlərim, salam!

 Mən əlayam və mənim haqda az da narahatsınızsa – çox nahaq. Birincisi, ona görə ki, dərd məlumdursa və onun çarəsi varsa və o çarə əldədirsə - burada nə narahatçılıq? Sən demə, dünyada bu xəstəliklər üzrə ən məşhur yer elə bura imiş ki, mən də buradayam. Ondan başqa, məndə olan xəstəliyin müalicəsi artıq adi bir xəstəliyin müalicəsi səviyyəsindədir, yalnız vaxtı bir qədər uzundur. Amma onun da öz üstünlüyü, hər halda mənim üçün: çoxdandı bir əməlli istirahət edə bilmirdim, əlimə fürsət keçib. Sağ olsun dostlarım, bu gözəl şəraiti mənim üçün yaratdılar.

 Şəhər özü gözəl, çox böyük olmayan – cəmi 120 min əhali. İnsanlar da gözəl, xeyirxah, alicənab. Əsas nəqliyyat – velosiped, hər binanın qarşısında onlarca dayanıb. Ona görə camaatı sağlam – biz palto geyəndə bunlar yüngül gödəkçə ilə gəzirlər. İctimai nəqliyyat da çox dəqiq işləyir. Dayanacaqda yazılmış vaxtdan bir dəqiqə də olsun nəqliyyatın gəlişi fərqlənmir.

 Havalar iki gündür açılıb. Ondan əvvəl hər an yağış ya yağırdı, ya gözlənilirdi. İndi daha gəzməyə gedəndə heç zontik də götürmürük. Gəzirik, yorulanda giririk bir kafeyə və əhvala uyğun olaraq bir şey götürüb istirahət edirik. Həkimlər mənə heç də qadağan etməyiblər – nə yeməyə, nə içməyə. Hərdən özləri deyirlər: nə oturmusan, get bir pivələ, ya qlüveyn iç. Qlüveyn – bizim ədvalarla onların qızdırılmış qırmızı şərabıdır. Sərin havada canı yaman qızdırır.

 Qəşəng yeməkləri var. Amerikadan fərqli olaraq bunlar bu işi yaxşı bacarırlar. Bizim ənənəvi “xammal”dan elə şeylər bişirirlər ki, qalırsan mat-məəttəl. Hələ demirəm ki, bunların “xammal”ları bizimkilərdən qat-qat genişdir. Kolbasalara da ki, söz ola bilməz, ətrindən yanından keçmək olmur. Hələ bulkaxanaları və “konditerski”ləri demirəm: hər tində bir “nemetski konditerski” var ki, içində onlarla bulka-pirojna, peçenni-marojna – dayanmaq “nevazmojna”!

 Yaxşı, keçim yavaş-yavaş şəkillərə. Onları izahla sizlərə təqdim edim. Demək olar ki, həyatımızın bir hissəsi elə bu şəkillərdə öz əksini tapır.

 Şəkil 1. Hər səhər saat 7.30-da tibb bacıları bizi oyadırlar (otaqda iki nəfər qalırıq, adətən mən o vaxta qədər oyanıram – Bakıda bu, 10.30 deməkdir). Mən hərarətimi ölçənə kimi yerimi (hər səhər!) dəyişirlər (şəkildə mənim yerim sağdadır, pəncərəyə yaxın). Sonra qan təzyiqimi və pulsumu ölçürlər (şəkil 2). Bu üç göstəricini (temperatur, təzyiq, puls) gündə üç dəfə ölçürlər. Gündə bir dəfə də çəkimi.

 Ayrıca bir xidmətçi hamamı, əl yumaq yerini təmizləyir. Sonra başqası yerləri və əl dəyən yerləri silir.

 O vaxta kimi hava işıqlaşır və pəncərədən gözəl mənzərələr görünür. Bir tərəfdə dağlar, bir tərəfdə qədim binalar. Düz pəncərənin altında, həyətdə (uzağa getməyəndə elə oradaca gəzirik) bu cür payız xalçası (şəkil 3). Gördüyünüz pəncərələr alman kilsəsinindir, hansı ki, düz bizim dördmərtəbəli binamızla üzbəüzdür.

 Şəkil 4. Bu, səhər yeməyimdir (saat 8.00-8.15-də) Bir bulka ağ, biri boz (üstü təmizlənmiş tum), bir yağ, bir qab cem, bir qab xama (çay və kofe gün ərzində istədiyin qədər). Bulkalar daimidir, cemlər də, lakin xama əvəzinə tez-tez pendirlər, kolbasalar olur. Ümumiyyətlə, yeməyə aid: istənilən qədər və istənilən tərkibdə ala bilərsən. Hər həftəyə ayrıca menyu paylanılır, səhər, günorta və axşam yeməkləri üçün üç cür yemək növü təklif olunur, onlardan biri vegetarian. Lakin o menyuya öz əlavələrini də eləyə bilərsən. Mən hələ eləməmişəm, görüm bunlar haçan naharları təkrar başlayacaqlar...

 Şəkil 5. Bu xanım hər səhər mənim qanımı sorur – laboratoriya üçün. 8.30-da götürülən qan saat 10.00-a qədər müayinədən keçir və həkimlər “müşahidə yürüşü”nə (yəni abxoda – özüm bu ifadəni tapmışam, iraq dilçi Ədalət bəyin gözündən) çıxanda, artıq göstəricilər əllərində olur.

 Sizi təəccübləndirə bilər ki, bu xanım qanı niyə barmaqdan yox, az qala ürəkdən götürür. Bunun öz tarixi var.

 Diaqnoza kimi qan götürmə də, sistem qoşma da vena vasitəsilə olunurdu. Onu da deyim ki, sistemin adama heç maneəsi də yox idi: çarxın üstündə dartırsan özünlə. İynəni də venaya elə bərkidirlər ki, heç çıxmaq qorxusu yox. Lakin uzun müddət müalicə olanlara təklif edirlər ki, bir əməliyyat keçirsin. Dərinin altına düymə boyda bir qurğu yapışdırırlar, onun bir ucunu da qoşurlar birbaşa venaya. O biri ucu isə (başında kran kimi bir şey) bayırda və ona bütün dərmanları tökürlər: həm kimyəvi terapiya olanda, həm adi. Yaman rahat şeydir: çiməndə çim, gəzəndə ucunu aç və get gəz. Əsas odur ki, venalar korlanmır və dərman qısa yolla yerinə çatır. Bütün əməliyyat (düyməni dəri altına salmaq) çəkir 20 dəqiqə, elə bilirsən hələ hazırlaşırlar, bir də eşidirsən ki: “sleduyuşi” (almanca).

 Bu qansoran xanımı (həkimdir, “bizim dil”lə desək, internaturadadır) yola salandan sonra Lalə gələnə kimi ya mürgüləyirəm, ya TV-yə baxıram (şəkil 6), ya da savadımı artırıram (şəkil 7).

 Saat 9-da Lalə gəlir (şəkil 8), bir stəkan (fincan) çaydan, kofedən içir, qonşumnan söhbət edir, təmiz paltarları mənə təhvil verir, bir az qulluq edir (o gələn kimi mən verirəm özümü çarpayıya – əslikar mənəm, yoxsa yox?).

 Saat 10-10.30 gəlib çıxırlar həkimlər, başda baş həkim olmaqla (şəkil 9). Şəkildə o, soldadır – professor Xo, dünyada qan üzrə tanınmış mütəxəssisdir, son 14 ili Almaniyada işləyir, ondan əvvəl isə Amerikada. Mərkəzdəki qadın və sağdakı kişi də professordurlar. (Burada deyəndə “professor”, bu, əstəğfurullah, Allah kimi bir şeydir). Sağdan ikinci xanım tibb bacısıdır, soldan ikinci kişi isə “adi” həkim: burada həkim olmaq üçün üst-üstə 12 il oxumalı olursan. Cavan görünmələri sizi çaşdırmasın: yaşayış elədir ki, bəlkə mən də cavanlaşdım.

 Şəkillər 10-15. Bu adətən gəzdiyimiz yerləri əks etdirir. 10-12 mərkəzi Xaufştrasse küçəsidir ki, burada maşınlar getmir – gəzinti və bazarlıq yeridir. Qalan üç şəkildə isə (13-15) onlara çıxan küçələrdəndir. Buraları gəzməklə doymuruq – çox gözəldir. Bu bazar günü Raulun rəfiqəsi bizi gəzməyə dəvət edib şəhərin ən məşhur yerinə – yerli İçərişəhərə aparır (onu siz Lalə yazdığı otkritkada görə bilərsiniz).

 Şəkil 16. Qonşum professor Klaus Nöbus, məndən 2 gün əvvəl gəlib bura. Kimya (kimya dedim yadıma düşdü: qonşulara salam) terapiyasından sonra (iki-üç gün keçmişdi) yaman pis günə düşmüşdü. Bir gün isə tamam apardılar (burada aparmaq çox asandır – çarpayı çarx üstündə, bir yetim salır qabağına, sürür liftə), sonra da şeylərini. Dedim: kişi cavan getdi... İki gündən sonra dingildəyə-dingildəyə, nanay çala-çala (alman dilində) gəlib çıxdı. Sən demə, başqa şöbədə idi. Son günlər isə mən mədəni surətdə, qanuni xanımla qol-qola gəzintiyə çıxanda, bu dul da harasa yoxa çıxır...

 Həmin şəkildə ən maraqlısı qonşumun yanındakı qurğudur. Bu, “sistem” deyilən şeydir. Canımıza vurulası dərmanlar asılır qurğunun üstünə, saatda neçə millilitr axmalıdır – tapşırırlar qurğuya. Sonra azadsan: istəyirsən gəz (qurğu çarxlar üstündə), istəyirsən yat. O boyda qurğudan canımıza gedən yalnız bir dənə şılanqdır ki, qoşulub həmin dəri altındakı düyməyə. Fikir versəz şəkildə də görərsiz – sviterin altına gedir.

 Şəkil 17. Səhər gəzintisindən gəlib istirahət edirəm. Diqqət yetirsəz çarpayıya, görərsiz ki, yastıqaltı hissə qalxıb. Sağ qoltuğun altındakı pultla onu istənilən şəklə salmaq olur. O cümlədən ayaq hissə də qalxıb-düşür. Başımın üstündən asılan üçbucaq və pult haqqında. Birinci şəkildə onlar daha dəqiq görünür. Üçbucaq: gecə bir tərəfdən o biri tərəfə çönəndə və yaxud qalxmaq istəyəndə tutmaq üçündür. Sarı olan pultda isə düymələr var: tibb bacısını çağırmağa, başın üstündə olan işığı yandırmağa. Birinci düymə hələ istidir, indicə tibb bacısından bir pürrəngi çay xahiş elədim ki, nahardan əvvəl bir iştah gəlsin. Menyuya baxdım ki, bu gün nə var. Sən demə: sup – I göbələkdən; II təzə dana ətindən şnisel, fantastik sousun içində, qarnir də ki, 2 cür: biri tərəvəzdən, biri knedliklər (qarğıdalı unundan, əlavələrlə, yumru bir şeydir); III iki cür yoğurt (biri içində hansısa meyvə, biri mənim xahişimlə qatışıqsız) və 0,5 litr süd; IV meyvə. Hə, salat yaddan çıxdı. Çörək günorta (12.30-13.00) vermirlər və yaxşı da eləyirlər (istəsən verərlər).

 Yeməkdən ki söz düşdü, axşamı da deyim. Adətən 2-3 cür kolbasa, bir bağlama (25 qram) yağ, pendir, çörək. Gecə yatanda mən günorta yeyib qurtara bilmədiyim qatığı və meyvəni yeyirəm.

 Hər çərşənbə günü toyuq, hər cümə günü balıq verilir. Tibb bacısını çağırmaq üçün 2 düymə var. İstərsən kökü gəlsin (şəkil 18) – sol düymə, arığın istəsən (şəkil 19) – sağ düymə. (İnandınız?!)

 Şəkil 20. Yanımdakı bir başqa bakılı, Ramiz Əhmədovdur. Böyük tennis üzrə Azərbaycan çempionu, bir dəfə (1979) SSRİ çempionu. Burada məşqçi işləyir. O da xəstə idi, saçı tam tökülmüşdü. Xəbər tutub ki, Bakıdan kimsə var o müalicə alan klinikada, durub gəlib. 1-2 saat söhbət etdik, getdi məşqçiliyə.

 Biz də yığışıb Laləylə çıxdıq şəhərə və çayın sahilində sizlərlə vidalaşırıq (şəkil 21).

 Hamınızı öpürük, qucaqlayırıq.

 Nəcəf.

 Haydelberq şəhəri, 18 noyabr 1998-ci il, gecə yarı

.

 Nəcəf bəy haqqında ürək sözləri

MİLLƏTİN FƏXR ELƏMƏYƏ HAQQI VAR

(Əbülfəz Elçibəyin 24 iyun 1999-cu ildə ad günündəki çıxışından)


Burada olan bütün xanımları, bəyləri yaxşı tanıyıram. Bədii çıxmasın, hər biri bir güldür. İnsan fəxr edir ki, millətində bu qədər böyük ideallar daşıyan böyük şəxsiyyətlər var. Gözəl, bacarıqlı, vətənini qəlbində daşıyan xanımlarımız, bacılarımız var.

Mən əvvəlcədən demişdim ki, bunu mənim ad günüm kimi eləməyin. Azərbaycanda geniş yayılmış bir ifadə var, o ifadədə deyir ki, bunların hamısı yarı görmək üçün bir bəhanədir. Sadəcə, bu gözəl insanların bir-birini görməsi üçün bəhanə axtarırdıq. O bəhanəni də fırlatdılar-fırlatdılar, başqa cür tapa bilmədilər, axırda gətirib mənim üstümdə düyünlədilər. Mən də fikirləşdim ki, fərq etməz, gətirib mənim üstümdə düyünləsələr də, mən də fırladıb salacağam Nəcəf bəyin üstünə.

Nəcəf bəy mənim çox sevdiyim, doğrudan-doğruya qardaşımdır. Nəcəf bəy mənim kənddəki ağır günlərimdə 24-ü kəndə gəlirdi və deyirdi ki, mən sənin ad gününə gəlməmişəm, gəlmişəm kənddə öz ad günümü qeyd edim. Bu, Nəcəf bəyə xas incə ifadələrdir, incə üsullardır. Nəcəf bəylə yüzlərimiz, minlərimiz fəxr edirik və millətin fəxr eləməyə haqqı var. Nəcəf bəy Azərbaycanda azad mətbuatın banisidir. Bunu ürəklə demək olar.

Burada dedilər ki, biz bu gün mediamıza minnətdar olmalıyıq, əgər o olmasaydı Azərbaycanda doğurdan da totalitarizm, quldurizm, nə bilim nə -izm inkişaf edib gedəcəkdi. Bunun qarşısını siyasi partiyaların fəaliyyəti, insanlarımız və media aldı, Azərbaycanda diktaturanın tam qələbəsinə imkan vermədi və inşallah da verməyəcək. Biz bu gün fəxrlə deyə bilərik ki, mətbuatımızda çox böyük bir ordu, əliqələmli, iradəsi olan, mübariz ordu yetişibdir. Mən onun ali komandanını Nəcəf bəy hesab edirəm və bunu düz hesab edirəm və bununla fəxr edirəm.

Nəcəf bəy sakit hallarda çox görünməz, çəkilir durur bir kənarda, ha axtarırsan, tapa bilmirsən. Elə ki millətin ağır vaxtı olur, o zaman Nəcəf bəy oradadır. Hamı bilir ki, Nəcəf bəy Yanvar hadisəsində tankların içərisində, o atəşin işərisindəydi. Və Nəcəf bəy bir an da olsun ön cəbhədən geri çəkilməmişdi. Orada böyük hadisələr baş vermişdi. Bunu çoxunuz bilirsiniz. Nəcəf bəyin papağı düşmüşdü meydandan yuxarıda, lap o şəhərin girəcəyində, onun ətrafına gül qoymuşdular ki, bu da bir şəhidin papağıdır. Mən Nəcəf bəyə dedim ki, Nəcəf bəy, bəlkə onu götürəsən, dedi: “Fərqi nədir, bir şəhidin adına gedirsə o da gözəldir” və Nəcəf bəy doğrudan-doğruya taleyinin qismətindən qurşundan qurtarıblar. O da şəhidlərimizdən birisi ola bilərdi.

Nəcəf bəyin bir böyüklüyünü də deyim. Nəcəf bəyə o vaxt Amerikaya səfir və ya BMT-yə getməyi təklif etdim. Əvvəl getməyi fikirləşdi, sonra dedi ki, atam yaşlı adamdır, mən onu qoyub gedə bilmərəm. Ha dedim, razı olmadı. “Yaşlı kişidir, birdən xəstələndi, onda mən neyləyərəm?”.

Nəcəf bəy atasına ləyaqətli bir oğul, ailəsinə ləyaqətli bir örnəkdir.

Nəcəf bəy, qardaşım, səni bir daha təbrik edirəm.


NƏCƏF BƏYİN ƏZİZ XATİRƏSİNƏ BİR NEÇƏ SÖZ

Azərbaycanın yoxluğu hər zaman duyulacaq dəyərli aydınlarından biri dünyasını dəyişdi. Xalq hərəkatı başlanandan Nəcəf Nəcəfov adı Azərbaycanda demokratik mətbuatın təməlini qoyan bir şəxsiyyət kimi ardıcıl və səmimi mübarizəsi ilə bütün hərəkat iştirakçılarının rəğbətini qazandı. Ən ağır vəziyyətlərdə, ən dərin ziddiyyətli məqamlarda barışdırıcı bir şəxs olaraq hamının üz tutduğu Nəcəf bəy hərəkatımızda ən ədalətli və səmimi liderlərdən biri kimi sevilən bir mövqe qazanmışdı. 1989-cu ilin sonlarında Nəcəf bəyin təməlini qoyduğu “Azadlıq” qəzetinin işıq üzü görməsi Azərbaycanın demokratik mətbuatı tarixində ən unudulmaz hadisələrdən idi. Bununla o indiyə qədər də mətbuat tariximizdə xüsusi hörmətlə xatırlanan Nəcəf Nəcəfov məktəbinin təməlini qoyub. 20 Yanvar faciəsinin baş verdiyi günlərdə zahirən mülayim adam təsiri bağışlayan Nəcəf bəy həyatını riskə qoyaraq sovet ordusunun törətdiyi vəhşiliklər haqqında bilgilərin dünyaya çatdırılmasında, Yazov və Primakovların caynağında məhv edilmək qarşısında qalan Xalq Cəbhəsinin haqlı davasının müdafiə olunmasında xüsusi fədakarlığı ilə seçildi. Azərbaycan Xalq Cəbhəsi sıralarından millət vəkili seçilərək parlamentdə öz sözü və hörməti ilə hətta Xalq Cəbhəsinə qarşı olan qüvvələr tərəfindən rəğbətlə qarşılanan Nəcəf Nəcəfov SSRİ-nin saxlanması ilə bağlı referenduma etiraz olaraq aclıq aksiyasında fədakarlıqdan tutmuş Azərbaycanın müstəqillik aktının qəbul olunmasında oynadığı rola qədər cəmiyyətin yaddaşında dərin iz buraxdı. 1992-93-cü illərdə prezidentin müşaviri kimi də öz vəzifəsini vicdanla yerinə yetirərək demokratik dövlət quruculuğu işində bütün enerjisi ilə çalışdı. Sonrakı dövrlərdə də Nəcəf bəy Azərbaycanda demokratik dəyərlərin yerləşməsi, aydınların millətin haqlı davasına sahib çıxması işinin təşkilində ciddi işlər görüb.

Nəcəf bəy yarandığı gündən AXC üzvü olsa da cəmiyyət üçün partiyalarüstü bir kimliyə sahib olub. Hər zaman Azərbaycan aydınlarının ən ləyaqətli təmsilçilərindən biri kimi qəbul olunub. O eyni zamanda səmimi və cəfakeş bir dost kimi insanların xatirəsində qalıb. Nəcəf bəyin haqq dünyasına qovuşması ilə bizlər öz yaxın dostumuz, mübarizə qardaşımızla yanaşı, həm də bir zaman örnək olaraq xatırlanacaq, sözün həqiqi mənasında mükəmməl bir Azərbaycan aydını ilə vidalaşdıq. Allah rəhmət eləsin, haqqını bizlərə halal etsin əzizimiz Nəcəf bəy!

Bir dost sevgisi və ağrısı ilə

ƏBÜLFƏZ ELÇİBƏY.

(“Azadlıq” qəzeti, 21 dekabr 1999, ¹-232)


LALƏ NƏCƏFLİNİN NƏCƏF BƏYİN XATİRƏ GECƏSİ İŞTİRAKÇILARINA MÜRACİƏTİ

Nəcəf xəstələnəndə və son günlərinə qədər özünü elə apardı ki, elə bil, bu xəstəliklə mənə xəyanət etmişdi. Bu, onun mənə baxışlarında, bütün davranışında sezilirdi. İndiyədək həmin baxışları gözlərimin qarşısına gətirəndə ürəyim göynəyir.

Mən bu dünyada, bu həyatda Nəcəfsizəm. Siz, Nəcəfi sevənlər də onsuzsunuz. Müəyyən mənada Nəcəf bizim hamımıza xəyanət edib. Amma bir Allah bilir, bir də mən, o necə də bunu etmək istəmirdi.

Nəcəf əbədiyyətə qovuşanda mən ona “ölümün mübarək” dedim. Çünki o, ölüm qarşısında əyilmədi. Ölümlə mehriban əl-ələ tutub getdi.

Bu gün isə mən bizim hamımıza “Nəcəfin anadan olduğu gün mübarək” deyirəm. Çünki bu gün mənə, sizə, bizim hamımıza Nəcəfi tanımaq xoşbəxtliyi verib. Bizə nəsib olmuş bu xoşbəxtlik həmişə bizimlə qalacaq, onu bizdən heç bir qüvvə ala bilməz.

Nəcəfi sevənləri sevərək

Lalə Nəcəfli.

London, 22.06.2000.

 

İsrail Musayev

BALIĞI AT DƏRYAYA...

“Yeni nəsil” Jurnalistlər Birliyi Azərbaycanın müstəqilliyi uğrunda ən fədakar jurnalisti müəyyənləşdirmək üçün sorğu keçirib. Sorğunun nəticəsi məni sevindirsə də, təəccübləndirmədi. Nədənsə, mən elə düşünürdüm ki, onsuz da, bu barədə kimdən soruşsam hamı əvvəlcə Nəcəf bəyin adını çəkəcək. Sonradan sorğunun oxucular arasında yox, siyasi partiyalar, tədris ocaqları, yaradıcı kollektivlər və kütləvi informasiya vasitələri rəhbərlərinin arasında keçirildiyini bildikdə xeyli təəccübləndikdən sonra sevincim birə-on artdı. İlin-günün bu vaxtında, vahimə yorğanını burnunun ucunacan çəkib cıqqırını çıxarmağa cürət etməyən ictimaiyyət Nəcəf bəyin əməyini etiraf etməyə özündə qüdrət tapırsa bu məmləkətdə yaşamağa da dəyər, üstəlik mübarizə aparmağa da. Və yadıma məni çox mütəəssir etmiş bir əhvalat düşdü. 93-cü ilin payızında avtomobili qeydiyyatdan çıxarmaq üçün Əli-Bayramlıya getmişdim. İyun qiyamından 4-5 ay keçirdi. Təbliğat maşını getdikcə güclənməkdəydi, cəbhəçilərin ünvanına aramsız böhtan və çirkab seli hamımızı məyus və mağmın etmişdi. Avtomobil müfəttişliyində işlərin necə olduğu haqda eşitdiklərim məni əmin etmişdi ki, iş rüşvətsiz ötüşməyəcək. Lazımi saydığım qədər pul götürmüşdüm. Amma yol uzunu dərd məni üzürdü: pulu nə sayaq verəcəyəm? Vallah, rüşvət alıb verməyi də bacarmıram. Əli-Bayramlı avtomobil müfəttişliyində sənədlərimə baxan kimi soruşdular ki, bəy, “Azadlıq” qəzetində işləmirsiz? Əvvəllər yazılarınız tez-tez olardı. Xeyli ürəkləndim. Rüşvət barədə utana-utana eyham etdim, “ayıbdır” dedilər. Mühərrikin nömrəsini yoxlayan zaman baş leytenantın gözü arxa oturacaqdakı qəzet topasına sataşdı. Bakıdan səhər çıxanda bütün qəzetlərdən almışdım ki, axşam qayıdanda qəzet olmayacaq. Utana-utana dedi ki, Əli-Bayramlıda qəzet tapmaq olmur və mümkünsə qəzetləri qoyum qalsın.
Xudahafizləşəndə dedim ki, vallah respublikada işlərin gedişinə baxdıqca adamın əli hər şeydən üzülürdü, amma rayon “QAİ”-sinin işçiləri ümumiyyətlə qəzet və xüsusən də “Azadlıq” qəzeti oxuyurlarsa biz mütləq bir yana çıxacağıq.

Və indi bu gün iqtidarın təyin etdiyi və ya iqtidara söykənən (mətbu, elmi, tədris, yaradıcı) müəssisə rəhbərləri, eləcə də müxalifətdəki siyasi partiyaların liderləri arasında (burada da ambisiyalardan doğan qısqanclıq amilləri var) keçirilən sorğuda “Molodyojka”nın, üsyankar “Azadlığ”ın ilk redaktoru böyük üstünlüklə birinci yerə çıxırsa heç kim gərək son 8 ildə çəkdiyi əzablara, məruz qaldığı təqib və məhrumiyyətlərə görə təəssüflənməsin. Çünki bu, adi məsələ deyil. Bu gün ictimai rəyi formalaşdıranlar və ən azı buna cəhd edənlərin fikrincə, Nəcəf bəy müstəqillik uğrunda ən fədakar jurnalistdirsə bu, o deməkdir ki, Nəcəf və onun simasında azadlıq və “Azadlıq” carçıları onlarda ictimai rəyi artıq formalaşdırıblar. Bu sorğunun nəticəsini təkcə Nəcəf bəyə yox, öz qələmi ilə həqiqətə sadiq qalmağa çalışan bütün jurnalistlərə verilən mükafat kimi qiymətləndirmək olar. Görünür, biz bəzən nəticə üçün tələsirik. Cəmiyyət öz inkişaf sürətini insan ömrünə uyğunlaşdırmaq fikrində olmasa da son 7 ildə azadlıqsevərlərin xeyrinə xeyli dəyişib. Bax, bu münasibətlə mən Nəcəf bəyi təbrik edirəm. Redaksiyanın veteranı kimi “Azadlığ”ın adından ona cansağlığı, uğurlar arzulayıram.

(“Azadlıq” qəzeti, 2 dekabr 1995, ¹78)


ADİL QAÇAYOĞLU

VİCDANLI ADAM


Bu sözlər Nəcəf müəllim haqqında deyilib.

Bu sözləri Nəcəf müəllim haqqında AXC-nin sədri Əbülfəz Elçibəy deyib.

Bu sözlərin deyilmə tarixi var və bir azdan mən bunun üstünə qayıdacağam. Hələlik isə yalnız bir məsələyə aydınlıq gətirmək istəyirəm: niyə bu sətirlərin müəllifi hər zaman, hər yerdə Nəcəf Nəcəfova “bəy” yox, məhz “müəllim” deyə müraciət edir?

Bu, ola bilsin ki, 98-ci ilin dekabr ayının oxucusu üçün o qədər də maraqlı olmasın. Amma 88-ci ilin qışının qəzet işçisi üçün çox böyük önəm kəsb edir. Beləliklə...

1988-ci ilin fevral ayında Qarabağ münaqişəsinin, daha doğrusu, Dağlıq Qarabağın Azərbaycandan ayrılması prosesinin, işğalının bünövrəsi qoyulurdu...

1988-ci ilin qışı 1998-ci ilin sonları deyildi. Bu tarixləri müqayisə etmək belə mümkün deyil. Mən ötən dövrləri yada salmaq, paralellər aparmaq iddiasında da deyiləm. Yalnız bir faktı bir daha xatırlatmaq istəyindəyəm.

1988-ci il. Fevral ayı. Stepanakertdə ilk mitinqlər. İlk “Miatsum” harayları. Və Bakıda lal sükut.

Yenə deyirəm, yaxın tarixin yaddaşında qalan (hələ münasibət prizmasını demirəm) bütün məqamlarına toxunmaq iddiasında deyiləm. Yalnız və yalnız “proletariatın dahi rəhbərinin” verdiyi qiymət və hələ o vaxt qüvvədə olan düsturla – “qəzet təkcə kollektiv təbliğatçı, kollektiv təşviqatçı deyil, həm də kollektiv təşkilatçıdır” prinsipi ilə fəaliyyət göstərən mətbuatın çox yox, cəmi 3-4 ildən sonra əsl müharibəyə, son nəticədə isə Azərbaycan üçün əsl fəlakətə çevriləcək hadisələrə münasibətini yada salmağı yerində sayıram...

Bax, burada daha bir qədər geriyə – 2 il əvvələ qayıtmağa zərurət duyuram.

Sakit bir dövr idi. Qurd quzu ilə otlayırdı. Düzdür, ən azı 7-8 ildir yağ, bir neçə ildir ki, ət və qənd talonla verilirdi, amma Qarabağ yerində idi...

Belə günlərin birində “Kommunist” nəşriyyatının 8-ci mərtəbəsində, o dövrdə bu sətirlərin müəllifinin çalışdığı “Azərbaycan gəncləri” qəzeti ilə yanaşı – bir mərtəbədə, ağız-ağıza çalışan “Molodyoj Azerbaydjana” (qısaca “Molodyojka) qəzetinə təzə redaktor təyin edildi.

Nəcəf Nəcəfov. “Stroitel”in (öz dövründə yetərincə tanınan “İnşaatçı” qəzetinin rus variantının) redaktor müavini, sonra “Vışka” qəzetinin şöbə müdiri.

Allahı olan heç kəs danmaz ki, 70-80-ci illərdə Azərbaycan SSR-də “Azərbaycan gəncləri”ndən populyar qəzet yox idi. Düzdür, nüfuz, daha doğrusu, dolanışıq baxımından daha sanballı “Kommunist”, “Sovet kəndi”, “Bakinski raboçi”, “Vışka” kimi qəzetlər fəaliyyət göstərirdi, amma “Gənclər” ayrı qəzet idi.

Belə günlərin birində, məhz belə günlərin birində böyrümüzdən çıxan, – qoy o dövrdə “Molodyojka”da çalışan heç bir dostum, heç bir həmkarım məndən inciməsin, – az qala çoxtirajlı qəzet səviyyəsində çıxan “Molodyoj Azerbaydjana” qəzetinə Nəcəf müəllim başçılıq etməyə başladı...

Bax, burada yazının lap əvvəlində toxunduğum, özü də çox böyük ehtiramla toxunduğum “müəllim” sözünün üstünə gəlmək istəyirəm.

Biz o dövrdə bəzən “müəllim” sözünü yeri gəldi-gəlmədi işlətmişik, düşdü-düşmədi, layiq oldu-olmadı hər yoldan keçənə müəllim demişik və bugünkü cavanlardan fərqli olaraq həmin günlər üçün xəcalət çəkməliyik və çəkirik. Amma Nəcəf müəllimə bir neçə ildən sonra “bəy” sözü necə yaraşırdısa, 1987-88-ci illərdə mənim fikrimcə, elə günü bu gün də və sabah da “müəllim” epiteti o dərəcədə yaraşırdı, yaraşır və yaraşacaq.

Düz söz bəzən (çox vaxt!) acı olur. O dövrdə həqiqətən zəif çıxan “Molodyojka” gözümüz görə-görə, ağlımız kəsə-kəsə dəyişməyə, başqalaşmağa, nəhayət, hamını ötməyə başladı. Qəzetdə yeni imzalar, təzə istedadlar peyda oldu. “Zavod qəzeti”nə oxşayan “Molodyojka” Azərbaycan SSR-in 1 nömrəli qəzetinə çevrildi.

Və məhz onda biz – “Gənclər”də işləyən cavan nəsil (əslində bu sətirlərin müəllifi qonşu qəzetin cavan redaktoru ilə həmyaşıddır) Nəcəf Nəcəfova “müəllim” deməyə başladıq.

“Molodyojka” dövrün stereotiplərini dağıdırdı...

“Molodyojka” vəzifəsindən, pulundan, arxasından asılı olmayaraq heç kəsdən çəkinmirdi.

“Molodyojka” haqqın tərəfində dayanırdı.

Rusdilli “Molodyojka” Azərbaycanın 1 nömrəli qəzetinə çevrilirdi və çevrilmişdi.

Bütün bunlar hələ 1985-ci ildə Moskvada başlayan yenidənqurmanın 1987-ci ildə heç küləyi nədir, mehi belə əsməyən Azərbaycanda bomba təsiri bağışlayırdı.

Və məhz bu günlərdə Azərbaycan jurnalistikasında belə bir şəxsiyyət peyda olmuşdu: “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru (onda qəzetlərdə baş redaktor vəzifəsi yox idi) Nəcəf Nəcəfov! Sadəcə, Nəcəf müəllim!

Üstündən 1 il keçəcəkdi. Qarabağ münaqişəsi başlayacaqdı. Bu dövr barədə çox danışmaq istəmirəm. Çünki az-çox meydana, azadlıq hərəkatına bağlı olan ən cavan həmkarlarım belə Azərbaycanda mətbuat, söz azadlığının başında duran, daha doğrusu, önündə gedən Nəcəf Nəcəfov haqqında təsəvvürə malik olmalıdır. Əgər bu gün özünü demokratik mətbuatın daşıyıcısı hesab edən qələm sahibi 1988-ci ilin Meydan hərəkatı dövründə “Molodyojka”nın və Nəcəf müəllimin xidmətləri haqqında az-çox məlumata malik deyilsə və bu barədə bilgi almağa cəhd göstərməyibsə bu, artıq bizlərin, yaşı qırxı haqlayan və adlayan, necə deyərlər, ortada qalan, “nə ondan, nə də bundan” olanların günahı deyil.

Bircə fakt deyim. Xeyli vaxt Rusiyada yaşayan və ömründə əlinə qələm almadığına şübhə etmədiyim bir dostum 1988-ci ilin ortalarında şanlı bir məktub göndərmişdi ki, bəs səndən heç nə istəmirəm, “Molodyojka”nın hər nömrəsini (bacarsan 5-10 nüsxə) göndər, mən burada ruslara başa salım ki, Qarabağ kimindir, bu münaqişədə haqlı kimdir və s. və i.

Ermənilərə yalnız “Molodyojka” tutarlı cavab verirdi.

Azərbaycan xalqına həqiqəti yalnız “Molodyojka” çatdırırdı.

“Molodyojka”nın “məsələsi” artıq Moskvada, Qorbaçovun yanında həll olunurdu...

Məhz həmin günlərdə mən həmyaşıdım Nəcəf Nəcəfova “müəllim” deməyə başladım və bu gün son 10 ilin meydana çıxartdığı adamların heç olmasa birindən yanılmadığıma sevinirəm.

Şəxsiyyətinə və qələminə hörmət etdiyim bir həmkarım isə ilk baxışda bir az da irəli getmişdi: “Nəcəf müəllim bizim günlərin Mirzə Cəlilidir!”.

Mən bu sözlərlə 10 il əvvəl də razı idim, bu gün də razıyam.

Yaddaş bəzən sözə baxmır.

Yaddaş bəzən adamı çaşdırır, səhv yola yönəldir.

Buna görə ayı, ili barədə konkret söz deməyəcəyəm. Amma o yadımdadır ki, AXC-də parçalanma təhlükəsi yaranmışdı. Xalqın bezdiyi quruluşdan can qurtarmaq üçün üz tutduğu, inandığı təşkilatda qəribə proseslər gedirdi. Hamı gözünü AXC-yə dikmişdi. AXC-də də əsl didişmə gedirdi.

Belə günlərin birində mənim dostum (bu sözün yükündən qorxmuram!), həmin dövrdə taksi sürücüsü işləyən Əli Əbülfəz Elçibəyi və iki silahdaşını maşınına götürür...

...Meydanın gur-gur guruldayan vaxtı ola, yanında milli azadlıq hərəkatının lideri otura, sükanın arxasında da özünü hərəkatçı (məhz hərəkatçı, cəbhəçi yox ha) sayan adam. Belə fürsəti əldən vermək olar?! Bir sual bu yandan, bir sual o yandan... “Bəy, bu işlərin axırı hara gedəcək?”, “Bəy, filankəsin mövqeyi biz qara camaata çatmır, Siz nə fikirləşirsiniz?” və s. və i.

Beləcə söhbət gəlib Nəcəf müəllimin üstünə çıxır. Əli sonralar danışırdı ki, bütün suallarıma hövsələ ilə, amma biz az könülsüz cavab verən Əbülfəz bəyin sifəti bir andaca işıqlandı:

- Nəcəf bəy bizim aramızda ən vicdanlı adamdır.

Və həmin söhbətdən sonra Nəcəf müəllim haqda söz düşəndə hər dəfə Bəyin bu qiyməti yadıma düşür: “Vicdanlı adam”.

Nəcəf müəllim barədə çox xoş sözlər (mərd, prinsipial, zəhmətkeş, istedadlı, təmiz və s.) demək olar və o, onların hər birinə layiqdir, amma mənim zənnimcə, “bizim aramızda ən vicdanlı adam” qiymətindən yüksəyini axtarmağa dəyməz. Bu gün bizim cəmiyyətdə xeyli savadlı, erudisiyalı siyasətçi var. Bizim aramızda bacarıqlı məmurlar da yetişir. İş bilən, pul qazanan biznesmenlərin sayı gündən-günə çoxalır. Amma vicdanlı adam...

Bu, biz az qəliz məsələdir.

Nəcəf Nəcəfov vicdanlı adamdır.

Bunları isə mən deyirəm (kaş bir az yekə çıxmasın, lovğalıq təsiri bağışlamasın): Nəcəf müəllim hərəkatın ilk dövründə çox şeyə tüpürüb (bilirəm ki, belə kobud ifadə heç vaxt Nəcəf müəllimin xoşuna gələ bilməz, amma...) meydana gəlmiş tək-tük adamlardandır. Bəlkə də yeganə belə adam idi...

“Molodyoj Azerbaydjana” kimi artıq çox populyar qəzetin redaktoru yaraşıqlı kabinet, xeyli imtiyazlar verən dövlət telefonu, qara “QAZ-24” (dövran hələ “Mersedes” dövranı deyildi), katibə, qulluğunda durmağa cəhd edən adamlar... Hələ onu demirəm ki, Nəcəf müəllimi meydandakı “küçə uşaqları”ndan ayırmaq üçün ona “Bakinski raboçi” qəzetinin redaktoru (o dövrdə Azərbaycan KP MK-nın orqanı olan “Bakrab”ın redaktorluğu Nəcəf müəllimə bir çox problemlərini qısa müddətdə həll etməyə imkan verərdi) və hətta Azərbaycan LKGİ MK-nın birinci katibi (bu isə avtomatik olaraq Azərbaycan KP MK üzvlüyünə namizəd seçilmək şansı və daha böyük imkanlar yaradırdı) vəzifələri təklif edilmişdi.

1988-ci ildə bu təklifləri rədd etmək hər kişinin işi deyildi.

1988-ci ildə bütün bunlara tüpürüb (yenə!) Meydana getmək yalnız vicdanlı adamın işi idi.

Sonralar da Nəcəf müəllimin belə addımları olacaqdı. Bəziləri özünü AXC İdarə Heyətinə dürtmək üçün dəridən-qabıqdan çıxdığı halda, Nəcəf müəllim “Azadlıq” qəzetinin redaktoru kimi müstəqilliyini itirməmək üçün oradan istefa vermişdi. 1992-93-cü illərin milli hakimiyyəti dövründə də Nəcəf müəllim, yəqin ki, aparatda, bütövlükdə dövlətin idarə olunmasında yol verilən səhvlərlə barışmayaraq prezidentin müşaviri vəzifəsini tərk edib ARDNŞ-nə getmişdi.

Bu addımları yalnız Vicdanlı adam ata bilərdi.

...Eşidəndə ki, Nəcəf müəllim xəstələnib və xaricdə müalicə olunmalıdır, hansı hissləri keçirmişəm, bu barədə danışmaq istəmirəm. Yalnız üzümü bizi Yaradana tutub ondan kömək diləmişəm, ondan pənah ummuşam.

Eşidəndə ki, Nəcəf müəllim ölkə başçısının göstərişi ilə dövlət hesabına Almaniyaya müalicəyə yola salınıb, yenə yadıma Əbülfəz bəyin sözləri düşüb: Vicdanlı adam!

İzah edim niyə?

Son dövrlərdə hey iqtidarla müxalifətin dialoqu barədə söz-söhbət gedir. Di gəl bu söz-söhbətlər söz-söhbətlərdən bir addım irəli getmir ki, getmir. Bu təklif edir, o susur, o təklif edir, bu susur...

Allahın işinə qarışmaq olmaz. Amma Nəcəf müəllim kimi vicdanlı adam öz xəstəliyi ilə də bu millətə, bu dövlətə xidmət edir.

Əgər ölkə başçısı bu çətin dövrdə Nəcəf müəllimin xaricə müalicəyə getməsi ilə bağlı bütün problemləri bir andaca həll edirsə və bundan reklam xatirinə istifadə edilmirsə (əksinə olsaydı, bu, insanlığa yaraşmazdı) Nəcəf müəllimin silahdaşları bu humanist addımı qiymətləndirməlidirlər.

Mən inanıram ki, Heydər Əliyev Nəcəf Nəcəfovun Azərbaycan üçün nə qədər gərəkli insan olduğunu çox gözəl bilir.

Mən inanıram ki, Əbülfəz Elçibəy 10 ildən sonra da Nəcəf müəllimi vicdanlı adam sayır və onun xətrinə istənilən hərəkətə hazırdır.

Kaş Allah kömək dura, Nəcəf müəllim sağalıb Vətənə qayıda. Və heç olmaza onda bizim iqtidarımızla müxalifətimiz bu vicdanlı adamın vasitəçiliyi ilə danışıq stolu arxasında otura. Heç bir şərtsiz-filansız. Millətin və dövlətin mənafeyi naminə. Ən azı Qarabağın, erməni tapdağı altında qalan torpaqlarımızın azad olması xatirinə.

Görün Nəcəf müəllim necə böyük şəxsiyyətdir ki, onun xəstəliyi də bu millətə, dövlətə birləşmək imkanı yaradır.

Sağalın, Nəcəf müəllim!

Qayıdın, gəlin Sizi istəyən doğmalarınızı, sizi unutmayan həmkarlarınızı sevindirin!

Ey yeri-göyü Yaradan, bizim dualarımızı qəbul et, yalvarışlarımızı eşit!

Allah, Sən hamıya, hamımıza kömək dur!

Allah, Sən Nəcəf müəllimin kürəyinin arxasında dayan!

P.S. Gözəl Novruz bayramı günündə – martın 20-də həyatımın mənası, dünyada ən çox istədiyim insan – anam bir anın içində, gözümün qabağında dünyasını dəyişəndən sonra əlim qələmə yatmırdı. Anamın xatirəsinə layiq nəsə yaza bilmədiyimə görə, qəzetçilərin dili ilə desək, ancaq “qaralama işi ilə” məşğuldum.

Düz doqquzuncu aydır ki, əzab çəkirəm. Di gəl saysız-hesabsız yuxusuz gecələrdə belə stolun arxasına keçmək, ürəyimi deşənləri, içimi göynədənləri kağıza boşaltmaq mənim üçün çox müşkül işdir. Ancaq Nəcəf müəllimin xəstələndiyini eşidəndə hər şey özümdən asılı olmayaraq baş verdi. Pisdi, yaxşıdı, bunu deyə bilmərəm, sadəcə olaraq Nəcəf müəllim haqqında düşündüklərimin, ürəyimdən keçənlərin tələm-tələsik qeydə alınan yüzdəbiridir.

Elə bilirəm ki, Nəcəf müəllim kimi vicdanlı adama sağlamlıq diləyi, kömək yalvarışıyla qələmə aldığım bu yazıya görə 66 illik ömrü boyu dünyada hamıya yaxşılıq arzulayan, yaxşılıq edən anamın ruhu məni bağışlayar...

(“Azadlıq” qəzeti, dekabr 1998)

ƏDALƏT TAHİRZADƏ

QAZİ VƏ XOŞBƏXT NƏCƏF BƏY

Çağdaş Azərbaycan demokratik mətbuatının ortaqsız, şəriksiz qurucusu, 1988-dən alovlanan milli-azadlıq çarpışmamızın qorxmaz öndərlərindən biri, yurdunu və elini sonsuz məhəbbətlə sevən millət vəkili, fərd və toplum üzvü olaraq etdiyi bütün hərəkətləri Allah sevgisindən qaynaqlanan, son dərəcə ləyaqətli insan Nəcəf bəy Nəcəfovu (24 iyun 1955 – 17 dekabr 1999) “şəhid” adlandırmağa və onun dünyadan yarımçıq getdiyini düşünməyə başlayıblar. Bu yazı həmin görüşlərin yanlışlığını bildirmək üçün qələmə alınıb.

Allah uğrunda canla və malla aparılan müqəddəs savaşa cihad, yaxud qəzavat, bu savaşın iştirakçılarından sağ qalanlara qazi, həlak olanlara isə şəhid deyilir. Nəcəf bəy doğrudanmı şəhid olub?

Allahı dərk etməklə kamillik zirvəsinə yüksələn insan öz həyatını başa vuraraq cismini tərk edir və əbədi səadətə, xoşbəxtliyə qovuşur. Artıq belə bir fəzilətə, mütləq xeyrə yiyələnmiş insan olan Nəcəf bəyin fani dünyadakı ömrünün 45, yoxsa 100 il sürməsi onun baqi səadətində nəyisə dəyişdirə bilərdimi?


O, ŞƏHİD YOX, QAZİDİR!

Nəcəf Nəcəfov 45 illik həyatını kəsilməz savaşlar, çırpışmalar içərisində keçirib. Çox amansız olan bu savaşlar həm zahirdə – hamının gözləri qarşısında, həm də içəridə – mənəviyyatında kimsənin xəbəri olmadan baş verib. Nəcəf bəy onların hamısında döyüş meydanından qalib kimi çıxıb!

Nəcəf bəy hansı savaşında həlak olub ki, onu şəhid sayaq?!

O, YALANA QALİB GƏLDİ

Cibində kommunist bileti daşıyan “Molodyoj Azerbaydjana” qəzetinin gənc redaktoru kommunizmin faşist mahiyyətini dərk edərək onun qurduğu yalan imperiyası ilə açıq savaşa girdi və ilk baxışdan sarsılmaz görünən bu yalan sisteminin çürüklüyünü xalqa açıb göstərdi.

Doğrudur, yalançılar onu işdən uzaqlaşdırdılar, ancaq Nəcəf bəyin GERÇƏK deyən dilini kəsmək mümkün olmadı. Çox keçmədən “Azadlıq” qəzeti Azərbaycanda HƏQİQƏT carçısına çevrildi. Nəcəf bəy üçün yalanı kimin söyləməsinin fərqi yoxdu – düşmən də, dost da yalan danışırsa HƏQİQƏT cavabını almalıdır! O, xalqı əsarətdə saxlamaq üçün söylənən yalanlarla nə qədər barışmazdısa, öz cəbhədaşlarının yalanlarına da o dərəcədə dözümsüzdü. “Azadlıq”ın ağ qalan səhifələri həm yalançı, qanlı cəllad Qorbaçova və onun yalançı generallarına, həm Bakıda rus tankı üstündə oturmuş Azteleradio şirkətinin sədri kimi yerli yalançı məmurlara, həm də orqanı olduğu Xalq Cəbhəsində doğru sözdən qorxub jurnalisti döyən yalançılara etirazdan yaranırdı.

Buna görə də ondan həm Moskvanın yerli nökərləri, həm də xalq hərəkatının idarəedici təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin bəzi öncülləri çəkinirdilər. Təsadüfi deyil ki, onların hamısı Nəcəf bəyi bu qəzetdən uzaqlaşdırmaqla onun HAQQ söyləyən dilini kəsməyə çalışırdılar.

Qarabağın kəndlərini, rayonlarımızı Bakı müəssisələrini gəzən AXC İdarə Heyətinin üzvü, sonralar millət vəkili Nəcəf Nəcəfov istər Azadlıq meydanı tribunasında, istərsə də parlament kürsüsündən yalnız GERÇƏYİ söylədi, heç vaxt YALANLA barışmadı. Onu prokurorla hədələyən respublika başçısı, kommunist Vəzirovun hədələrindən azacıq da çəkinməyərək parlament tribunasından ucadan bəyan etdi: “Üzr istəyirəm, bu adam YALAN danışır”!

Məhz Nəcəf bəyin cəsarəti sayəsində Azərbaycanda kommunist YALAN sistemi laxladı və sonra da dağıldı. Bu gün Azərbaycan keçmiş SSRİ arasındakı müsəlman dövlətləri içərisində yeganə azad mətbuatlı ölkə kimi mövcuddursa (bu azadlığın avtoritar rejimdən doğan çoxlu ciddi problemləri başqa söhbətin mövzusudur), buna görə Nəcəf Nəcəfova minnətdar olmalıyıq! Deməli, o bu savaşdan şəhid kimi yox, qazi kimi çıxıb!

O, ƏSARƏTƏ QALİB GƏLDİ

Gözlərim önündə 13 yanvar 1990 gecəsi canlanır. Azərbaycanda kütləvi qırğın törətməklə xalqın azadlıq mübarizəsinə son qoymaq istəyən Moskva yenə erməni kartından istifadə edərək Xanlar rayonunda Azərbaycan kəndlərini vertolyotlardan bombalayır. (Elə həmin gün Bakıda hakimiyyətin himayəsi altında erməni talanları da başladı). “Azadlıq” qəzetinin indiki Təbriz küçəsində yerləşən redaksiyasına tükürpədən həyəcanlı xəbərlər, telefon zəngləri gəlməkdədir. Redaksiyanın yerləşdiyi AXC qərargahı boşdur – İdarə Heyətinin üzvləri evlərindədirlər. Xanlarda isə kəndlərimiz şiddətlə bombalanmaqdadır. Nə etməli? Bu vaxt “Azadlıq”ın mülki redaktoru tərəddüdlərə son qoyaraq hərbi əməliyyata rəhbərliyi öz üzərinə götürdü və olduqca təmkinlə, eyni zamanda operativ şəkildə həm Xanların, həm də ətraf rayonların cəbhəçilərinə göstəriş verərək vəziyyətdən çıxış yollarını müəyyənləşdirdi. Cəsarətlə deyə bilərəm ki, o gecə Bakıdan Xanları qoruyan yeganə şəxs məhz Nəcəf Nəcəfov idi!

20 Yanvar gecəsi rus tanklarının, insanlığını itirmiş, vəhşiləşmiş rus əsgərlərinin qarşısını kəsən xalq kütləsinin ən birinci cərgəsində dayanan Nəcəf bəyin necə qorxmaz, eyni zamanda tədbirli olduğunu da Biləcəri aşırımında öz gözlərimlə görmüşəm. Başından zərbə alaraq möcüzə nəticəsində sağ qalan Nəcəf bəy səhərə yaxın öz evinə yox, məhz üsyankar xalqın içinə – Mərkəzi Komitə binası qarşısındakı mitinqə yollanmış, xalqı əsarətə boyun əyməməyə çağırmışdı.

“Azadlıq”ı hərbçilər bağlasa da, Nəcəf bəy silahdaşlarını səfərbər edərək 20 Yanvar gerçəkliyini əks etdirən sənədlərin dünya ictimaiyyətinə çatdırılması üçün əldən düşənəcən çalışırdı. O günlər onun arıqlamış, saqqal basmış üzünə baxmaq necə də çətindi...

1991-in avqustunda Moskvadakı “QKÇP” qiyamından sonra Azərbaycanda quduzlaşan Mütəllibov qoçuları AXC qərargahını dağıdarkən Nəcəf bəyi də xüsusi qəddarlıqla döymüşdülər. Ancaq onu belə şeylərlə qorxutmaq mümkünsüzdü. Məhz Nəcəf bəyin də dönməzliyi və əvəzsiz çalışmaları sayəsində elə həmin ilin 18 oktyabrında Milli Şuramız Azərbaycanın istiqlalı haqqında Konstitusiya aktını qəbul etdi.

Bu gün avtoritar rejimdə yaşamasına baxmayaraq, Azərbaycan həqiqətən müstəqildirsə, deməli, bu çarpışmadan da Nəcəf bəy qazi kimi çıxıb!


O, ÖZÜNƏ QALİB GƏLDİ

Dinimiz baxımından insanın öz nəfsi ilə çarpışması ən böyük cihaddır. Bu görüm bucağından yanaşdıqda da Nəcəf bəyin qaziliyi sözsüz qəbul edilir.

O nəfsini özünün qulu etməyi bacarırdı – həyatın ləzzətini yalnız Allahın buyurduğu yolla getməkdə görərək keçici maddi ləzzətlərdən imtina etdi, harama, rüşvətə nifrət bəsləyərək özünü ən təmiz ad yiyəsi kimi tanıtdı, şan-şöhrətdən uzaq qaçdı, ömrünü millətinə, möhtaclara, doğmalarına və dostlarına xidmət üstündə qurdu...

Əxlaqi təmizliyin etalonuna çevrilmiş Nəcəf Nəcəfov ömrünün son çağını bütünlükdə Allaha ibadətə həsr etdi. Bütün əsas duaları əzbərləyib namaz üsullarını öyrənsə də, təəssüf ki, səhhəti ona namaz qılmağa imkan vermədi. Ancaq Nəcəf bəy müntəzəm ibadətlə məşğul olmasa da, bütün ömrü boyu əsl Allah adamı olmuşdu, könlünü Uca Tanrıya bağışlamışdı. O, qəzetlərin redaktoru, millət vəkili, prezident müşaviri və başqa “pullu”, “yağlı” vəzifələrdə işləsə də, evinə heç zaman bir qəpik haram pul aparmadı, balalarına bir tikə də haram tikə yedirtmədi, ancaq halal qazanc ilə dolandı. Onun dövründə işləyən “Azadlıq” qəzetinin müxbirləri də düzgünlüyə “məhkum edilmiş”dilər – onlar ezamiyyətə gedəndə çörəklərini də özləri ilə götürür, heç bir hədiyyə qəbul etmirdilər, ancaq bunun əvəzində onlar respublikada ən yüksək maaş alırdılar. Məsələn, mən redaktor müavini olaraq 1340 manat əmək haqqı alırdım, halbuki onda Mərkəzi Komitənin orqanı “Kommunist” qəzetinin redaktorunun maaşı 600 manata yaxın idi. Nəcəf bəyin iş prinsipi həmişə belə olub – insanlara yüksək haqqı ver ki, onlar haram yola əl atmağa məcbur olmasınlar. Nəcəf Nəcəfov millət yolundakı, dost yolundakı bütün işləri təmənnasız, qarşılıq ummadan görərdi. Bu səbəbdən də o, şöhrətdən qaçar, özünün reklamına və təriflənməsinə imkan verməzdi. O, ətrafdakıların bir çoxu kimi tribuna, ekran, alqışlar xəstəsi deyildi. Hələ indiyədək heç kim hardasa ondan xüsusi intonasiyalı “mən Nəcəf Nəcəfovam” sözləri eşitməyib. O, AXC İdarə Heyətinin üzvlüyündən “Azadlıq” qəzetinin redaktorluğundan, Milli Məclisin üzvlüyündən, prezident müşavirliyindən... könüllü əl çəkmişdi, halbuki başqaları bu yerlər uğrunda inadla mübarizə aparırdılar.

Siyasətin şəxsi ehtirasları söndürmək vasitəsinə çevrildiyini görərək ona nifrət bəsləyən Nəcəf bəy 1993-dən sonra ondan bütünlüklə uzaqlaşdı, halbuki o da ən azı partiya yarada bilərdi və şəxsən mən böyük məmnuniyyətlə onun üzvü olardım. O heç vaxt çiyinlərini götürə bilməyəcəyi yükün altına verməyib və buna görə də yersiz lovğalığın cəzasını çəkməyib. Ancaq istər vəzifəli, istərsə də vəzifəsiz olanda ürəyindəkini açıb, güzəştsiz deməkdən heç vaxt çəkinməyib və dediklərini də hamı böyük ehtiramla qəbul edib.

Nəcəf bəy insani borcu şan-şöhrətə, vəzifəyə satanlardan deyildi. 1992-də AXC hakimiyyətə gələndə onu ABŞ-a səfir göndərə bilmədilər, çünki evdəki qoca atasını tək qoymaq istəmədi (axı o atasını hər gün özü uşaq kimi yuyundurur, əli ilə yedirdir və əzizləyirdi!).

Həyatda qazandıqlarının hamısı Nəcəf bəyin öz alın tərinin bəhrəsi idi. O heç kimdən nəyisə xahiş edərək minnət götürməyi sevməzdi. Onu işə düzəltmək xahişi ilə qapısına gələn neçə-neçə bivec qohumunu qovmuşdu. Ancaq neçə-neçə ləyaqətli insanlardan, faydalı işdən ötrü hətta zəhləsi gedən adamlara da dəfələrlə ağız açmışdı. İşlə birbaşa bağlı olan adam kimi deyə bilərəm ki, “Azadlıq” qəzetinin bu gün oturduğu bina da redaksiyaya məhz onun inadcıllığı sayəsində verilib. Çoxlarımız şahidik ki, bəziləri “Azadlıq” qəzetinin redaktoru Nəcəf Nəcəfovu ən mötəbər məclislərdə belə “mafiyaya işləyən” adlandırmışdılar. 18 dekabr 1999 günü aktyor evindəki matəm törənində həmin adamların Nəcəf bəyin cənazəsi yanında qürurla fəxri qarovulda dayandığını gördükdə məndə şübhə qalmadı ki, Nəcəf bəy öz mənəvi təmizliyilə həmin düşüncələri də məhv edərək böhtanlarla savaşdan qazi çıxıb.

O, ÖLÜMƏ QALİB GƏLDİ

Nəcəf bəy ölümdən qətiyyən qorxmur, onu mənzilinin bir otağından digərinə keçmək kimi sadə və asan iş sayırdı.

Kim nə deyir desin – onu qarşıda nəyin gözlədiyini hamıdan qabaq və hamıdan daha aydın məhz özü başa düşmüşdü və böyük ustalıqla ailəsini də, dostlarını da öz ölümünə hazırlayır, onları qəfləti sarsıntıdan qurtarmaq istəyirdi.

Bu ilin avqustunda Almaniyaya son müalicəyə getməzdən öncə bacısı Gülarə xanıma təmkinlə vəsiyyətlər, məsləhətlər vermiş, tək qaldıqda necə davranmağın yollarını göstərmiş, əslində bacısına onsuz yaşamağı bacarmağı təlqin etmişdi.

Sentyabrda Haydelberqdən – müalicədən dönən Nəcəf bəy dostu Sabit Bağırova bildirib ki, həkimlər ona “qalan vaxtını ailəsi ilə keçirməyi” məsləhət görüblər. Eyni zamanda o Sabit bəydən xahiş edib ki, dediyini ailəsindən gizli saxlasın. (Halbuki Almaniyayla yazışan Lalə xanım da həqiqəti öyrənib və bunu Nəcəf bəydən gizlətməyə çalışırdı).

Bir dəfə mənimlə söhbətində dedi ki, “cismani ölümdən qətiyyən çəkinmirəm, onsuz da Lalə uşaqlara məndən də yaxşı baxacaq, ancaq bacımın tək qalacağına, bir də Nərgizlə Leylanın ata nəvazişi görməyəcəklərinə təəssüflənirəm”. Bəli, bu səmimi etiraf anında da Nəcəf bəy zərrəcə öz dərdinə qalmır, yalnız doğmalarının halına acıyırdı!..

Ölümün anbaan yaxınlaşan addım səslərini duysa da Nəcəf bəy ondan azacıq da olsa çəkinmir, onu düşmən yox, dost kimi qarşılayır, onunla məhrəmanə zarafatlaşırdı. Onda gördüyüm halı indiyədək nə bir bədii əsərdə oxumuşam, nə də həyatda kimdəsə müşahidə etmişəm! Ölümündən 15-20 gün qabaq özündəki bir çox sənədləri mənə verərək onların “tədqiqatımda lazım olacağını” söylədi. Bəli, o, həyatla vida gününün yaxınlaşdığını da hamıdan həssas özü duyurdu... Nəcəf bəy, doğrudan-doğruya nəhəng şəxsiyyətdi, çox böyük ürək yiyəsi idi!

Ömür-gün yoldaşı Lalə xanım bir dəfə özünü saxlaya bilməyib “Bu zəhrimar xəstəlik səni haradan tapdı?” dedikdə Nəcəf bəy gülə-gülə onu “hədələmiş” və xahiş etmişdi ki, mənim möhtərəm xəstəliyimin kefinə dəymə. Nəcəf bəy Lalə xanıma söyləyib ki, bu xəstəlik məni Allaha daha yaxın etdi, Ona qovuşdurdu.

Bəllidir ki, Nəcəf bəyə tez-tez qan köçürülürdü və bunun təşkilatçısı Əlövsət Bayramovdu. Dekabrın ilk günlərində Əlövsət bəy onu görərkən “Nəcəf bəy bu gün iki nəfər də qan verəcək” söylədikdə Nəcəf bəy təbəssümlə “Bundan sonra qan lazım olmayacaq” cavabını vermiş və onun qəti cavabında yalnız nikbinlik görən Əlövsət bəy Nəcəf bəyin deyəsən, xəstəlikdən qurtulmaqda olduğunu güman etmişdi.

Ən ibrətlisi budur ki, Nəcəf bəy əcəl darvazasını uzaqdan gördükdə asiliyə, üsyankarlığa qapılmadı, əksinə, Allaha daha çox vuruldu, özü irəli yüyürüb Tanrı qapısını öz əlləri ilə taybatay açaraq Onun dərgahına yollandı. Beləliklə də ölüm onu yox, o ölümü məğlub etdi. Onun bu müvəqqəti dünyadan əbədiyyət mənzilinə cismani köçümünü ölüm adlandıranlar kökündən yanılırlar. Buna görə də Nəcəf bəy həyat savaşının da qazisidir.



O, NAKAM YOX, XOŞBƏXTDİR!

Doğrudur, Nəcəf Nəcəfov həyatdan çox erkən, vur-tut 45 yaşındaykən getmişdir və onun cismani yoxluğu millətimiz üçün ağır itkidir, ancaq bu çox kədərli hadisədə təsəlliverici mühüm bir məqamı unutmamalıyıq – Nəcəf bəy yalnız İNSAN məntiqilə baxdıqda ömrü yarımçıq qalmış, nakam görünə bilər, TANRI məntiqi ilə yanaşdıqda isə o, kamilliyə yetişmiş xoşbəxt, məsud bir şəxsdir! Kamil insanın cismani ömrününsə neçə il sürməsi önəmli deyil, ən başlıcası budur ki, o bütün mövcudatın və bütün arzuların son məqsədi olan MÜTLƏQ XEYİRƏ qovuşub, ƏN BÖYÜK SƏADƏTƏ çatıb.

Şərqin Pifaqor, Sokrat, Əflatun (Platon), Ərəstun (Aristotel) kimi yunan filosoflarından qaynaqlanmış İbn Sina, Qəzali, Biruni, Fərabi, Miskəvey, Nizamülmülk, Tusi, Füzuli kimi böyük ərəb-türk filosofları insan kamilliyinə və xoşbəxtliyə yetişməyə əxlaq elminin və ümumən fəlsəfənin mühüm mövzusu kimi yanaşmış, onun izahında bəzən tam uyğunlaşan, bəzən də daban-dabana zidd nəticələrə gəlmişlər. Adı çəkilən müsəlman alimlərinin görüşləri yunan fəlsəfəsinə nə qədər söykənsə də, onlar islamın tələblərindən qırağa çıxmır.

Qurani-Kərimdə Allah-taala (c.c.) həzrətləri buyurur (“Ey Məhəmməd!) yaxın qohuma, yoxsula, miskinə, (pulu qurtarıb yolda qalan), müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır!”. (“Rum” surəsi: 38)

Müqəddəs kitabımızda yenə deyilir: “O kəslər ki əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər, o kəslər ki, düzgün şəhadət verərlər və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər – məhz onlar cənnətdə ehtiram olunacaq, əzizlənəcək kimsələrdir!” (“Məaric” surəsi: 32-35). Nəcəf bəyin də məhz belə nicat tapmış və əzizlənəcək kimsələrdən olduğunu onun bütün yaşamı göstərməkdədir.

Həmin şərq filosofları cənnətdə əzizlənmə kimi düşünülə biləcək həqiqi səadət haqqında ayrıntılı fikirlər söyləmişlər. Onların bir bölümü bu düşüncədədir ki, bədənin səadətdə payı yoxdur, çünki bədənin təbiətdəki kəsafət, cismindəki nəcasət nəfsi də bulayır və nəfs yalnız onlardan təmizləndikdə öz xalis mahiyyətini üzə çıxarıb ülvi nur qəbul etmək bacarığını qazanır. Başqa sözlə desək, həqiqi səadət, yalnız ölümdən sonra mümkündür.

Dahi Məhəmməd Füzuli özünün doktorluq dissertasiyası sayılacaq “Mətləül-etiqad” əsərində yazır: “Ləzzətlərin ən kamili kamillik ləzzətidir... Bu ləzzətin dərk edilməsi ölümdən sonra olmalıdır. (...) Bədən nəfs üçün bilikləri əldə etməyə bir alətdir. Kamillik hasil olduqdan sonra isə alətə ehtiyac qalmaz. (...) Kamillik qazandıqdan sonra (nəfs) nə üçün də bədəndəki darısqallığı tərk edərək ondakı qabalıqdan yaxasını qurtarmasın, təcrid olaraq ilk başlanğıca qayıtmasın və əbədi ləzzət içərisində daimi qalmasın?”.

Məhz bu fəlsəfəyə söykənən Füzuli artıq tam kamilləşən – müqəddəs eşqin sayəsində artıq ruhən, şəxsən qovuşmuş, “hər birinin özgə canı” olmayan Leyliylə Məcnunu öldürür və onların məhz ondan sonra xoşbəxt olduqlarını Zeydin dilindən bildirir.

Bundan öncəki qeydlərimizdə də ortaya qoyduğumuz kimi, Nəcəf bəy də öz Allah sevgisi ilə (bu sevgi onun düşüncələrində və əməllərində aydın təzahür edir) kamillik mərhələsinə yetişmişdi və onun cismi (bədəni) artıq Allah dərgahına yollanmaqçün hazırdı.

Bəs kamilliyin özü nədir və o Nəcəf bəydə əksini necə tapıb?
Özündən qabaqkı bütün filosofların görüşlərini incələyən Nəsirəddin Tusi “Əxlaqi-Nasiri” əsərində bildirir ki, kamillik odur ki, insan “əsl məqsəd olan və bu varlıqlar orada sona çatan mütləq həqiqəti dərk etmək və bəlkə də ona qovuşmaq şərəfinə layiq olsun”. Bu dahi alimin fikrinə görə, “insan bu dərəcəyə, yəni kainatdakı kamal dərəcələrini küll halında bilmək dərəcəsinə çatdıqda... xalq arasında Yaradanın xəlifəsinə çevrilir, xüsusi ölyalar cərgəsinə daxil olar, tam mütləq insan dərəcəsinə yüksələr”.

Bu cür insanların cismani ölümünü fəlakət kimi qarşılayanlara acıyan Nəsirəddin Tusi yazır: “Ağılları bu dərəcəyə çata bilməyi təsəvvür edə bilməyən adamlar insan bədəni çürüyüb məhv olduqdan, tərkib hissələrinə parçalanıb dağıldıqdan sonra hər şeyin bitdiyini güman etmişlər, onun yaradıcılığı yerə qayıdacağı belə adamlara qaranlıq qalmışdır. Ona görə hamısı kef çəkməyə, şəhvani ehtiraslarını söndürməyə alüdə olmuşlar...”.
Yunan, ərəb, fars və türk dillərindəki qaynaqlarla incəliklə tanış olan, ancaq daha çox Aristoteli bəyənən və ona söykənən N.Tusi insanların bu dünyadakı səadətini nisbi olaraq göstərir: “Elə ki, o biri dünyaya köçdü, daha bədən səadətinə ehtiyacı olmur, onun səadəti həqiqi hikmət sayılan o müqəddəs və pak camalı müşahidə etmək, o böyük izzət sahibi mütləq kamalı öyrənmək və nəhayət, haqqın tərifə layiq cəlalı ilə bəzənmək şərəfinə, yəni səadətin ikinci mərtəbəsinə çatmış olar”. N.Tusi fikrini belə tamamlayır: “Tam səadət ikinci mərtəbədəkilərə qismət olar, çünki onlar... ilahi nur, insani şüur sayəsində saysız-hesabsız sirlərə vaqif olar, bu dərəcəyə çatansa səadətin də ən yüksək dərəcəsinə çatmış olar. Beləsi nə sevgilisinin fərağından kədərlənər, nə itirilmiş var-dövlətinin həsrətini çəkər, bütün dünya malı, o cümlədən ona ən yaxın olan bədəni də ona ağır yük olar; ondan xilas olub ona azadlıq verməyi böyük nemət hesab edər. ...O, Böyük Yaradanın iradəsi xilafına heç bir iş görməz”. Bəli, sanki bütün-bütünə Nəcəf bəy haqqında söylənilmiş sözlərdir!

Aldığı hər udum nəfəs, atdığı hər addım, dediyi hər söz, gördüyü hər iş MÜTLƏQ HƏQİQƏTƏ xidmətdən ibarət olan Nəcəf Nəcəfov hələ sağlığında ilahinin sevimlisinə çevrilmişdi. Xeyirli əməllərinə görə Tanrı onu millətin sevimlisi etmişdi.

Allah-taala (c.c.) buyurur: “Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (cənnət) vardır” (Zumər” surəsi: 10). Nəcəf bəyin bütün 45 illik yaşamı yaxşılıqlardan ibarətdir. O, millətinin, dostlarının və ailə üzvlərinin səadəti naminə öz sağlamlığını könüllü qurban verdi. Azərbaycan üçün nə etdikləri göz qabağındadır və hələ bəlli olmayan xidmətləri də zaman-zaman açıqlanacaq. Ayrı-ayrı adamlar üçün etdiyi fədakarlıqlar da üzə çıxacaq. Ancaq burada onun yetimlərə, kimsəsizlərə, yoxsullara sevgisi üzərində dayanmaq istərdim.

O, atasının ehsanını Mərdəkandakı 2 saylı internat məktəbdə vermişdi. Deyirdi ki, ehsanı evdə verəndə imkanlı adamlar yeyir, ancaq internatda verəndə yetimlərin qarnı doyur və Allaha xoş gələn də yetimi sevindirməkdir. Nəcəf bəy özünə iki nəzir vermiş və Almaniyada son müalicədə olarkən yenə Mərdəkandakı həmin məktəbdəki uşaqları iki dəfə sevindirmişdi. Onun şəhərdən göndərdiyi aşpazlar 300 nəfərə plov bişirmiş, uşaqlara çoxlu meyvə və şirniyyat paylanmışdı.

Allah-taala (c.c.) bu cür qayğıkeş, həssas, mübarizə yolundasa gerçəkcil, dönməz və barışmaz bir insan olan Nəcəf bəyi əbədi xoşbəxtliyə, səadətə qovuşdurmaq üçün ona xəstəlik göndərdi, ancaq bu zaman onun şiddətli əzablara uğramasını rəva görmədi. Adətən qan xərçənginə mübtəla olanlar arıqlayır, onlarda dayanmayan qanaxmalar, dözülməz ağrılar baş verir. Ulu Tanrı Nəcəf bəyi bunlarla sınamadı – qəfləti beyninə qansızma sonrakı əzabların qarşısını aldı. Son nəfəsində yanında olan, gözlərini və çənəsini bağlayan, məsciddə yuyulmasında iştirak edən bir adam kimi şahidlik edirəm ki, Nəcəf bəyin dünyadan köçməsi də bir neçə dəqiqənin içərisində və asanlıqla oldu. Özü də bu zaman onun meyiti də Allahın ona sevgisinin əlaməti olaraq öz şahanə görkəmini saxlamışdı! Onun üzündə elə bir rahatlıq duyulurdu ki, sanki harasa qonaq getməyə hazırlaşır...

Yazımı dahi Nəsirəddin Tusinin bu sözləri ilə bitirmək istəyirəm: “Mütləq səadət əbədi qalan, dəyişilib məhv olmayan təbəddülat və inhitata uğramayan, zamanını gərdişindən, fələyin dövranından qorxmayan səadətdir”. Nəcəf bəy məhz bu cür mütləq səadətə qovuşmuş xoşbəxt insanlardandır. Ulu Tanrıdan ona rəhmət diləyirik!

21-28 dekabr 1999

(“Azadlıq” qəzeti, 29, 30 dekabr 1999, ¹¹238-239)


Şahin Hacıyev

SƏNİN YOXLUĞUNU HƏMİŞƏ HİSS EDƏCƏYİK

Nəcəf Nəcəfovun ölümündən 40 gün keçir. Bu günlər ərzində onun həyatı, xidmətləri haqqında çox söz deyilib. İndiki material deyilənlərə yekun vurmaq, Nəcəfin həyatının indiyə qədər toxunulmayan məqamlarına nəzər salmaq cəhdidir.

Nəcəfin səhhəti Almaniyada aldığı ilk müalicədən sonra (1998-ci ilin sonu, 1999-cu ilin əvvəli) xeyli yaxşılaşmışdı. Bakıya qayıdandan sonra 6 ay demək olar ki, özünü çox yaxşı hiss elədi. Elə bil ki, həmişəki Nəcəfdi. Çoxumuz onun, ümumiyyətlə, xəstə olduğunu unutmağa başlamışdıq. Nəcəf özü isə gələcək üçün planlar cızırdı. Ötən ilin sentyabrından xəstəlik özünü yenidən göstərdi. Müalicəni xaricdə davam etdirmək məsələsi yenə gündəmə gəldi. Nəcəf özünü çox sakit aparır, daxildə keçirdiyi gərginliyi büruzə vermirdi. Əksinə, ətrafdakıları sakitləşdirir, hər şeyin qaydasında olduğunu deyir, qorxulu heç bir şey baş vermədiyi fikrini aşılayırdı. Məsələn, qanında baş verən mənfi dəyişikliklər barədə o bir neçə yaxın dostuna, onları restorana dəvət edib, masa arxasında, sözgəlişi xəbər vermişdi. O belə bir bəd xəbərlə dostlarının qanını qaraltmamaq üçün bu məlumatı belə “orijinal” formada çatdırmaq qərarına gəlibmiş. Söhbət əsnasında o həm də birmənalı tərzdə dedi: “Yenə yığışıb pul toplamaq, xüsusən, kimlərəsə müraciət etmək lazım deyil”. Təbii ki, biz hamımız buna qəti etiraz etdik və o gündən başlayaraq Nəcəfin müalicəsi məsələsi yenə bizim bir nömrəli qayğımıza çevrildi. Tezliklə Nəcəf yenə Almaniyaya yola düşdü. Ancaq orada keçmiş olduğu yeni müalicə kursu demək olar ki, heç bir nəticə vermədi. Amma Nəcəf bu xəbəri də bizə çatdırmağa tələsmirdi.

Geri dönəndən sonra Nəcəf məni yenə restorana dəvət etdi, adi bir şeyi xəbər verirmiş kimi müalicənin heç bir xeyir vermədiyini, qan analizlərinin isə get-gedə pisləşdiyini söylədi. Bununla əlaqədar 2000-ci il yanvarın 1-də ilk nömrəsinin buraxılmasını nəzərdə tutduğumuz yeni qəzetlə əlaqədar işləri təxirə salmaq lazım olacağını dedi. Səmimi desəm, Nəcəfin səhhətinin ağırlaşdığını mən artıq bilirdim. Lakin məni sarsıdan onun bu xəbəri mənə çatdırması oldu: yüksək dərəcədə diplomatik bir incəliklə, heç bir şeyi öz adı ilə çağırmadan. Kənardan baxana elə gələ bilərdi ki, xəstə olan o deyil, mənəm. O, dostlarını qorumağı, hətta ən ağır anlarda belə onların əhval-ruhiyyəsini korlamamağı bacarırdı.

Nəcəfin həyatda ən vacib məqam onun ailəsi idi – uşaqlarının, həyat yoldaşının, bacısının gələcəyi. Bu, onu hər şeydən çox narahat edirdi. O axşam Nəcəf çox qəribə bir söz işlətdi: “Bilirsənmi, uşaqların gələcəyi üçün rahatam. Əminəm ki, Lalə (həyat yoldaşı) onları mənsiz boya-başa çatdıra biləcək”. Sonralar o bu fikri başqa yaxınlarına da söyləmişdi.

Nəcəfin pisləşən səhhətinə baxmayaraq, biz onunla Quba rayonuna, Babadağ pirinə, eləcə də Nəcəfin tələbəlik illərində tez-tez getdiyi Şahdağın ətəklərinə səyahət etməyi planlaşdırdıq. O, bu yerləri çox sevir, oralarda bir də olmaq istəyirdi. Lakin həkimlər fiziki gərginliyi onun üçün zərərli saydığından biz həmin səfərləri təxirə saldıq. Mən ona söz vermişdim ki, özümlə ova aparım. Qaşqaldaq kababını, ümumiyyətlə təbiət qoynunda istirahət etməyi necə sevdiyini mən çox yaxşı bilirdim. Verdiyim sözü yerinə yetirmədiyim üçün özümü bağışlaya bilmirəm...

Onun həyatını xilas etmək olardımı? Bu sual mənə rahatlıq vermir və yəqin ki, həyatımın sonunadək verməyəcək. Həkimlərin gəldiyi nəticəyə görə, Nəcəfə ancaq onurğa beyninin köçürülməsi kömək edə bilərdi. Bunun üçün qan göstəricilərinin 100 faiz üst-üstə düşdüyü donor lazım idi. Yaxın qohumların heç birində belə göstəricilər aşkar edilmədi (ən yaxın göstərici 75 faiz təşkil etmişdi). Avropa ölkələri və ABŞ-ın daxil olduğu dünya donor bankındakı axtarışlar da heç bir nəticə vermədi. Vəziyyətdən yeganə çıxış yolu 75 faiz uyğunluq göstəricisi olan onurğa beyninin köçürülməsi idi. Lakin bu əməliyyatı yalnız ABŞ-ın yeganə bir klinikasında həyata keçirmək mümkün idi. Nəcəfin yaxınları artıq riskə gedib belə bir köçürməyə razılıq verməyə meyl edirdilər. Həkimlər isə müsbət nəticənin mümkünlüyünü qeyd etsə də, 100 faizlik zəmanət verməkdən çəkinirdi. Bundan başqa belə bir əməliyyatın keçirilməsi fantastik bir məbləğ – 360 min ABŞ dolları tələb edirdi. Azərbaycanın keçmiş rəhbərliyinin adından klinikanın rəhbərliyinə bu əməliyyatın pulsuz, ya da bir qədər aşağı qiymətlə keçirilməsi barədə müraciətlər heç bir nəticə vermədi. Bu əməliyyatın maliyyələşdirilməsinə kömək barədə Azərbaycanın hazırkı rəhbərliyinə edilmiş müraciətlər də cavabsız qaldı. O günlər Nəcəf mənə demişdi: “Uşaqlar kömək üçün Onun oğluna ağız açmaq istəyirlər. Xahiş edirəm elə elə ki, belə şey olmasın”.

Yaranmış vəziyyətdə bir o qalırdı ki, müalicəni adi üsullarla davam etdirib 100 faizli donorun tapılacağını gözləyək. Lakin oktyabr ayında Nəcəfin vəziyyəti kəskinləşməyə başladı. Türkiyədə tələblərə tam cavab verən donorun tapıldığı barədə xəbər bizdə Nəcəfin vəfatına 2 gün qalmış, onun vəziyyəti artıq ümidsiz olduğu bir vaxtda gəlib çatdı.

Ədalət xatirinə qeyd etməliyəm ki, Nəcəfin Almaniyadakı ilk müalicəsinin maliyyələşdirilməsi (17 min dollar) haqqında sərəncam dövlət başçısı tərəfindən verilmişdi və Nəcəf buna görə minnətdarlığını gizlətmirdi. Lakin bununla belə, Nəcəfin dostları, onun jurnalist həmkarları, bir sıra siyasi partiyaların liderləri, Nəcəfi istəyən və hörmət edən adamlar tərəfindən də 26 min dollara yaxın vəsait toplanmışdı. O zaman maliyyə yardımı göstərmiş şəxslər içərisində elələri var idi ki, Nəcəf onları heç tanımırdı da. Nəcəf onların hamısına minnətdardı.

Nəcəf üçün donor axtarılması əməliyyatının xərci (təxminən 14 min dollar) dostlarının topladığı vəsaitdən ödənildi. Çünki respublika rəhbərliyi birinci kurs qurtarandan onun müalicəsini maliyyələşdirmədi. Ona görə də Almaniyada və Bakıda çoxsaylı müayinə və müalicə kurslarının davam etdirilməsinin xərcini dostları ödəyirdi. Haydelberq şəhərindəki klinikada son kurs müalicəyə görə alman həkimləri pul almadılar.

Nəcəf etiraf edirdi ki, xəstəlik dövründə ona qəlbindəki tarazlığı saxlamağa kömək edən dindir. Həyatın son ili Quran onun stolüstü kitabı idi. O hətta bir dəfə belə bir cümlə işlətmişdi: “Xəstəliyim məni Allaha yaxınlaşdırdı” . Qəlbindəki tarazlıq Nəcəfə onun əvvəlki Nəcəf kimi qalmağına kömək edirdi. O tez-tez zarafatlaşır, filosofluq edir, özünü qismətə, qəzavüqədərə inanan bir adam kimi aparırdı. Vaxtsız dünyasını dəyişənlər haqqında söhbət düşəndə o, işgüzarcasına əlavə edirdi: “Narahat olma, tezliklə biz onlarla görüşəcəyik”.
Onun təmkini, sakitliyi ətrafdakılara da sirayət edirdi. Mənə elə gəlir ki, onun fikrini çəkənlərin, narahat olanların əhvalını qaldırmaq Nəcəfə müyəssər olanda özünü çox rahat hiss edirdi.

O hətta həyatının son dövründə belə gələcək üçün planlar cızırdı, ailəsi ilə birgə xaricə getməyə hazırlaşırdı. Lakin dediklərim heç də o demək deyil ki, Nəcəf həyatının sonuna yaxın təzadlı şəkildə dəyişmiş, daxilindəki üsyankar alovu söndürmüşdü. Zənn edirəm ki, o, sadəcə olaraq, daha müdrik olmuş, həyatı əvvəlkindən bir qədər fərqli olaraq qavramağa başlamışdı.

O, tədricən belə bir fikrə gəlmişdi ki, hazırkı iqtidar Azərbaycana böyük ziyan vurub və gələcəkdə üsuli-idarənin vurduğu ziyanın nəticələrini aradan qaldırmaq çox çətin olacaq. Bugünkü rejimi əvəz edə biləcək qüvvələr isə bilməlidir ki, populizm, yerlibazlıq, korrupsiya və aşağı səviyyəli siyasi mədəniyyət – bütün bunlar tək bugünkü iqtidarın deyil, ümumiyyətlə, bugünkü nəslin səciyyəvi cəhətləridir. Bu problemlərin həllinə onilliklər lazım olacaq. Və bu məsələdə Nəcəf pessimist idi. O, ətrafda baş alıb gedən qanunsuzluq və özbaşınalığı görüb hiddətlənər və tez-tez deyərdi: “Bu ölkədə hələ 60 il qayda-qanun olmayacaq”. Əvvəlki məqaləmdə mən Nəcəfin itkisini ümummilli, çoxlarının (bəlkə də hamının) Azərbaycanda dövlət xadimi kimi qəbul etdikləri bir kəsin itkisi kimi qiymətləndirdiyimi bildirmişdim. Elə bir adamın itkisi ki, o həm müxalifət, həm iqtidar, həm də sadə insanlar arasında yüksək nüfuza malik idi. Əgər şəxsiyyətin qiymətləndirilməsinə məhz bu meyarla yanaşsaq görərik ki, Azərbaycanda, demək olar ki, Nəcəf kimi ikinci bir adam yoxdur. Belə bir insanın istedadından, işgüzar keyfiyyətlərindən cəmiyyətimizin bəhrələnməməsi çox böyük qəbahətimizdir.

Mən Nəcəfi mütləq müsbət bir şəxs, heç vaxt səhvə yol verməmiş bir insan kimi qələmə vermək fikrindən uzağam. Bəzən o, hadisələrə, əşyalara münasibətdə tərs və pedant olurdu, hərdən lap çürükçülük də edirdi.

Dəfələrlə olmuşdu ki, səhv qərar qəbul etdiyini, kiminsə haqsız olaraq xətrinə dəydiyini boynuna almışdı. Tez-tez insanlara verdiyi qiymətdə yanılırdı. O hesab edirdi ki, dünyada yaxşı insanlar pislərdən daha çoxdur və insan haqqında mənfi fikirdə olmaqdansa onun haqqında yaxşı düşünmək daha düzgündür. Bu, onun həyat mövqeyi idi və Nəcəf xəyanət etmiş şəxsləri bağışlayırdı.

Heç nəyə baxmayaraq Nəcəf ən ağır günlərində öz xalqı ilə birlikdəydi, düşünmədən öz mənafeyini ali məqsədlərə qurban verirdi.

80-ci illərin axırlarında bizi diz üstündən qaldırıb özümüzü dəyərli bir millət kimi hiss etməyə kömək edənlərdən biri də Nəcəf idi. Sonralar da o, bunu dəfələrlə etmişdi. Gələcəkdə Azərbaycanı həll edilməmiş daha mürəkkəb məsələlər gözləyir və biz dizlərimiz üstündən yenə qalxmalı olacağıq. Lakin bu dəfə bunu etmək əvvəlkindən daha çətin olacaq. Çünki Nəcəf artıq bizimlə olmayacaq.

Bizi bağışla, Nəcəf.

(“525-ci qəzet”, 26 yanvar 2000)


MUXTAR KAZIMOĞLU

ÖLÜM-İTİM BOŞ SÖHBƏTDİR...

90-cı ildə “Azadlıq”ın redaksiyası Çapayev küçəsində, köhnə bir məktəb binasında yerləşirdi. O vaxt mənim də çalışdığım o yığcam kollektivin yer sarıdan heç bir korluğu yox idi – hər əməkdaşa az qala bir sinif otağı düşürdü. Di gəl ki, bu boyda genişlikdə rahat nəfəs almaq və yazı-pozu ilə sərbəst şəkildə məşğul olmaq çox çətin idi. Çətinlik təkcə kommunist rejimində müxalif qəzet çıxarmağımızdan və 20 Yanvardan sonra “Azadlıq”a təzyiqlərin daha da güclənməsindən irəli gəlmirdi. Çətinlik həm də ondan irəli gəlirdi ki, “Azadlıq” AXC-nin qəzeti idi və bu təşkilatın diqtə elədiyi şərtlərlə hesablaşmalı idi. Cəbhənin qərargahı ilə eyni binada yerləşməyimiz və hərəkatçılarla gündə neçə yol üz-üzə gəlməyimiz məsələni bir az da qəlizləşdirirdi. Ayrı-ayrı rayon şöbələrində ad çıxarmış bir çox cəbhəçilərimiz saatlarla redaksiyada oturub qəzet əməkdaşlarına “dərs deməyi” özlərinə “inqilabi” borc bilirdilər, sicilləmələri qabırğamıza döşəyib, “bunu təcili çap etmək lazımdır”, – deyib dururdular. Sicilləmə çap olunmayanda, söz yox ki, hörmətli bəylərimizin qəzəbinə tuş gəlirdik. Adlı-sanlı bəylərdən hər hansı birinin bostanına daş atmaqsa əsl həngamənin başlanmasına səbəb olurdu.

Cəbhə Çapayevdən “Sovetski”yə köçəndə Nəcəf Nəcəfov “Azadlıq”ın ayrıca bir binada yerləşməsinə nail ola bildi və Ketsxoveli küçəsindəki yeni “mənzil”imizdə ciddi nizam-intizam yaradıb redaksiyanın “karvansara”ya dönməsinin qabağını aldı. Əlbəttə, nizam-intizam hələ hər şeyi həll eləmirdi. Normal qəzet çıxarmaq üçün cəbhədaşlarımızın – ağ və qaradan başqa heç bir rəng tanımaq istəməyən bəylərin qəzəbinə sinə gərib, “ar olsun, var olsun” üslubundan mümkün qədər uzaqlaşmaq lazım idi. Heç də asan olmayan bu işi həyata keçirərkən nəzərə almalıydın ki, sicilləməsini geri qaytardığın sıravi cəbhəçilərlə bərabər, Cəbhənin liderləri ilə toqquşa bilərsən. Liderlərlə toqquşma artıq bir dəfə baş vermişdi və Nəcəf bəy “Azadlıq”ın redaktorluğundan imtina eləməli olmuşdu. Onun yenidən redaktorluğa qayıtması Ə.Elçibəyin təkidiylə Cəbhənin İdarə Heyəti və Ali Məclisində bir neçə dəfə müzakirə edilmişdi. Qızğın mübahisələrdən sonra Nəcəf bəy redaktorluğa bir şərtlə qayıtmışdı: ona sərbəstlik verilsin. AXC rəhbərliyi şərtə əməl eləyib, qəzetin işinə qarışmasa da Nəcəf bəyin vicdanla baş-başa verib sərbəst şəkildə işləməsi, adi məntiqə görə, əvvəl-axır münaqişəyə gətirib çıxarmalı idi, çünki vicdan siyasət adamlarına heç də hər yerdə sərf eləyən məsələ deyil... Zalım məntiqin qabaqcadan dedikləri düz çıxdı: AXC daxilindəki çəkişmələrə və ciddi fikir ayrılığına “Azadlıq”ın yazılar həsr eləməsi və silahdaşlarımızın demokratik mübarizə ilə bir araya sığmayan zorakılıq meyillərinin qəzetdə təhlil və tənqid olunması Cəbhə rəhbərliyi ilə növbəti toqquşmanın əsas səbəbinə çevrildi. Etibar Məmmədovun “milli diktatura” tezisinə qarşı çıxan bir əməkdaşımızı – İsrail Musayevi “dəmir müstəqillik” tərəfdarı olan bəylərimiz günün günorta çağı Cəbhənin qərargahında döydülər. Nəcəf bəy hadisədən xəbər tutan kimi Cəbhənin İdarə Heyəti qarşısında kəskin tələb irəli sürdü: İdarə Heyəti jurnalistin döyülməsinə öz münasibətini bildirməyincə, “Azadlıq”ın bir guşəsi ağ buraxılacaq və bu ağ guşə nömrədən-nömrəyə daha da böyüyəcək... Qəzetdə ağappaq saxlanılmış yerin get-gedə böyüdüyünü görən İdarə Heyəti jurnalistin AXC qərargahında döyülməsini rəsmən pisləməli oldu...

“Perestroyka” dövründə Nəcəf bəy komsomolun “Molodyoj Azerbaydjana” adlı qəzetində redaktor olmuşdu. Mahiyyəti heç Mixail Qorbaçovun özünə də düz-əməlli aydın olmayan “perestroyka”nı respublika rəhbərləri sovet hökumətinin növbəti siyasi şüarlarından biri kimi qəbul etmişdilər və redaktorlardan onların əsas tələbi, heç şübhəsiz, bundan ibarət olmuşdu ki, yenidənqurma və aşkarlıq qəzet-jurnallarda adicə şüar kimi təbliğ edilsin. Amma Nəcəf bəy digər redaktorlardan fərqli olaraq şüardan əməli işə keçmişdi – həyatımızın gerçək faktlarını qəzet səhifəsinə çıxarmaqdan çəkinməmişdi. Redaktorun “özbaşınalığ”ı Mərkəzi Komitədə narazılıqla qarşılanmışdı və Nəcəf bəy “Molodyojka” ilə vidalaşmalı olmuşdu... Bütün bunlar arxada qalsa da köhnə ilə yeninin oxşarlığı göz qabağında idi. Komsomol və Cəbhə siyasi cəhətdən bir-birinə zidd təşkilatlar olsa da, bu qurumların mətbuata münasibətində üst-üstə düşən məqamlar az deyildi. “Əsas məsələ siyasi təbliğatdır, mənəviyyat-filan sonranın işidir”. Bu cür təlimatı qəzet redaktoruna komsomol katibi də keçə bilərdi, hansısa cəbhəçi lider də. Özündə güc tapıb komsomol katibinə müqavimət göstərən qəzet redaktoru cəbhəçi liderin də təzyiqinə duruş gətirməyi bacarmalıydı. İş burasındadır ki, cəbhəçi liderin iradəsinə qarşı çıxmaq komsomol katibinə müqavimət göstərməkdən qat-qat çətin idi. Çünki komsomolun yıxılan, Cəbhənin yüksələn vaxtı idi; komsomol katibiylə toqquşmada məşhurlaşmaq ehtimalı vardısa, Cəbhə lideriylə toqquşmada gözdən düşmək təhlükəsi vardı... Qəflətən gözünü açıb bütün bəlaların günahını sovet hökumətində görən və “təkcə neftimiz özümüzə qalsa, qızıl içində üzərik” xülyası ilə meydanlara axışan camaat hökumət adamlarını lənətləyib, hərəkat başçılarını bağrına basırdı. “Molodyojka”da redaktor olarkən “hökumətə zidd getmək”lə və bütün millətin gözü qarşısında respublika rəhbərlərinə cavab qaytarmaqla Nəcəf bəyin özü də camaat arasında xeyli populyarlıq qazanmışdı. Bəli, yüksəliş dövrünü yaşayan Cəbhənin bəzi nüfuzlu liderləri ilə toqquşmaq ad-sanın, şan-şöhrətin itirilməsinə gətirib çıxara bilərdi. Nə olsun ki, Nəcəf bəy özü Cəbhənin yaradıcılarından və liderlərindən biriydi?! Nə olsun ki, Cəbhənin sədri onun xətrini çox istəyirdi və İdarə Heyətində Nəcəf bəyin Sabit Bağırov və Hikmət Hacızadə kimi dəyanətli dostları və yaxın həmfikirləri vardı?! Nəcəf bəydən narazı liderlərin anti- Nəcəf kampaniyası başlamayacağına və dünənəcən bağrına basdığı bir redaktordan camaatın birdən-birə üz döndərməyəcəyinə heç kim zəmanət verə bilməzdi. Nəcəf bəy bunu çox gözəl başa düşürdü. Amma neyləməli ki, daxildəki cavabdehlik hissi hər şeyə güc gəlirdi və başqalarının atmadığı vacib addımı atarkən Nəcəf bəy şəxsi yöndə nəyi qazanıb, nəyi itirəcəyinin bir o qədər də fərqinə varmırdı. AXC İdarə Heyətinin üzvü, “Azadlıq” qəzetinin redaktoru və millət vəkili kimi həmişə siyasi proseslərin içərisində olsa da, Nəcəf bəy siyasi dəstəbazlıqdan uzaq olmağı bacarırdı. “Azadlıq”ı siyasi kampaniya vasitəsinə çevirmək istəyənləri yerində oturtmaq məhz mənəviyyatı qrup mənafeyindən qat-qat üstün tutmağın nəticəsiydi...

... Nəcəf bəylə axırıncı dəfə keçən ilin iyulunda – Cəbhənin on illiyinə həsr olunmuş yubiley şənliyində görüşdüm. Bənizinin bir az solmağına fikir verməsəydin, ürəkdən deyib-gülməyini, iştahla yeyib-içməyini görüb, həmişəki Nəcəf bəydir, - deyərdin... Elə bil Nəcəf bəy o məclisə dost-tanışı nigarançılıqdan qurtarmaq üçün gəlmişdi. Gümrah görünüşü ilə sanki bizə ürək-dirək verirdi: qorxmayın, top kimiyəm, ölüm-itim boş söhbətdir...

Ölüm-itim boş söhbətdirmi? Allah bilir. Mənim bildiyim budur ki, bu riyakarlıq dünyasında Nəcəf bəyin axıracan ləyaqətlə yaşamağı adama həqiqətən ümid verir...

(“Avropa” qəzeti, 1-7 aprel 2000)


ƏHMƏD QƏŞƏMOĞLU

NƏCƏF BƏY HAQQINDA İKİ XATİRƏ

Nəcəf bəylə “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru təyin olunan gündən tanış olmuşuq. Redaktor işlədiyi vaxt aramızda sosiologiya, sosioloji araşdırmaların, sosioloji təhlillərin incəlikləri barədə dəfələrlə geniş fikir mübadiləsi olub. Aramızda səmimi, qarşılıqlı hörmət olub.

Bu yazıda onu bir insan kimi xarakterizə edən iki xatirəni oxucuların diqqətinə çatdırmaq istəyirəm.

1993-cü ilin may ayının əvvəlində o zaman Azərbaycan Respublikası Ali Sovetinin sədri işləyən İsa bəy Amerika Birləşmiş Ştatlarına dəvət olunmuşdu. Çox da böyük olmayan nümayəndə heyətinin tərkibində Azərbaycan prezidentinin müşaviri kimi Nəcəf bəy və Ali Sovetin elmi-araşdırma mərkəzinin rəhbəri kimi mən də vardım. Səfərimiz 9 gün çəkdi və o zaman Nəcəf bəylə çox təmasda olduq. Bu səfərdə Amerika tərəfi mənim tutduğum vəzifəyə daha çox önəm verir, məni İsa bəydən və Dövlət Neft Şirkətinin sədri Sabit bəydən sonra nümayəndə heyətinin digər üzvlərindən fərqləndirirdi. Bu, müxtəlif mehmanxanalarda ayrılan otaqlarda, ziyarət məclislərində ayrılan yerlərdə, rəsmi görüşlərdəki münasibətlərdə özünü büruzə verirdi.

Qeyri-rəsmi görüşlərin birində ziyafətdən əvvəl nümayəndə heyətinin üzvlərinə adətə uyğun olaraq hədiyyələr – büllurdan olan suvenirlər bağışladılar. Mənə bağışlanan qutu həm həcmi, həm də tərtibatı ilə o biri nümayəndələrinkindən fərqli oldu. Nəcəf bəy bir qədər kənarda olduğundan kimə hansı qutunun təqdim olunduğunu görmədi. Biz hədiyyələrimizi bir stolun üstə qoyub ziyafətdə iştirak etdik. Ziyafətdən sonra o zaman respublikamızın Amerikadakı səfirliyində çalışan Ceyhun Mollazadə bizim hədiyyələri götürüb onu yenidən bizə payladı və mənə verilmiş hədiyyəni Nəcəf bəyə təqdim etdi. Nəcəf bəyin məsələdən xəbəri yox idi və mən də, təbii ki, bu işin üstünü vurmadım.

Həmən axşam mehmanxanada Nəcəf bəy telefonla mənə zəng etdi ki, Əhməd bəy, bu gün bir anlaşılmazlıq olubdur, gərək biz indi bu işi yoluna qoyaq. Mənim otağıma gəlmək istəyini bildirdi. Bir azdan qoltuğunda həmin qutu içəri girdi. Demə, həmin axşam Ceyhun bəy “ədaləti necə bərpa etdiyini” ona danışıbmış.

Nəcəf bəy də çox hirslənib ki, əgər bu hədiyyə Əhməd bəy üçün ayrılmışdırsa ona da çatmalıdır. Mən qutuları dəyişməyi israr etsəm də faydası olmadı.

Qeyd etmək istəyirəm ki, sonrakı səfərlərdə də mənim başıma iki dəfə buna bənzər hadisə gəlib. Amma hər iki halda nəinki qarşı tərəflər ədaləti bərpa etməyə çalışıblar, əksinə, mənə çatacaq suvenirləri yerli-dibli danıblar.

İkinci xatirə Nəcəf bəyin dünyasını dəyişməsindən bir qədər əvvələ bağlıdır. Ötən ilin payızında mən Nəcəf bəyin həyat yoldaşı Lalə xanıma rast gəldim. Xaricdə müalicə olunan Nəcəf bəyin səhhətini soruşdum. Onun xəstəliyi barədə bir qədər söhbət etdik. Sonra mən son ümid yeri kimi Şərq təbabətinin imkanlarından istifadə etməyi məsləhət gördüm. Lalə xanım bildirdi ki, Nəcəf bəy bu kimi müalicələrə bir o qədər də əhəmiyyət vermir. Mən Lalə xanıma Maya Qoqulanın yapon Nişi sistemindən bəhs edən “Xəstəliklə vidalaşın” kitabı haqqında danışdım. Kitab onu çox maraqlandırdı. İki gündən sonra mən bu kitabı tapıb Lalə xanıma çatdırdım.

Bir neçə gündən sonra Nəcəf bəy də xaricdən qayıtdı.

Mətbuat klubuna getmişdim. Klubun əməkdaşları mənə dedilər ki, Nəcəf bəy Sizi təcili axtarır. Telefonunuzu tapa bilməyib. Özünün və bacısıgilin telefonunu qoyub. Xahiş etdi ki, mümkünsə ona zəng edəsiniz.

Təbii ki, dərhal Nəcəf bəyi axtardım və axşamüstü onunla telefonla danışdım. Kefini soruşub, məni axtarmasının səbəbi ilə maraqlandım. Demə, o, mənim Lalə xanıma verdiyim kitabı ona olan diqqətim kimi qiymətləndirərək mənə öz təşəkkürünü çatdırmaq istəyirmiş. Mən bunun kiçik bir şey olduğunu və Azərbaycan Aydınlar Birliyinin üzvləri ilə birlikdə ona baş çəkmək istədiyimizi bildirdim. O bizim hamımız üçün qəribsədiyini bildirdi. Amma təəssüflə dedi ki, həkimlər onu yoluxucu viruslardan qorumaq üçün bir müddət ətraf mühitdən təcrid ediblər. Bu təcrid müddəti başa çatan kimi hökmən bizimlə görüşəcək.

Təəssüf ki, biz onunla tezliklə vidalaşmalı olduq.

20 noyabr 2000-ci il.



ƏDALƏT TAHİRZADƏ
 

ƏRƏNLƏR

Əbülfəz Elçibəy və Nəcəf Nəcəfov. Hamı elə bilirdi ki, mən siyasətdəyəm, çünki həmişə onlarla birgə görünürdüm. Ancaq mən onları SİYASƏTÇİdən daha çox İNSAN kimi sevir, onlarla dostluq və əməkdaşlıq münasibətlərimi də məhz mənəvi amillər üzərində qurmağa can atırdım, çünki müqəddəs insan olduqlarını hələ sağlıqlarında dərk etmişdim...

Tanrı onları bir-biriyçün yaratmışdı. Aralarında 17 illik yaş fərqi olsa da hər baxımdan bir-birinə uyğun gəlir, bir-birini tamamlayır, bütövləşdirirdilər.

İkisi də dünyaya eyni gündə – 24 iyunda göz açmışdı. Dünyadan da eyni vaxtda – səhər saat 8.23-də köçdülər.

İkisi də Allahın ən sevimli bəndələri, Seyid Nəsiminin, Şah Xətainin, Mövlana Füzulinin sufi fəlsəfəsində tərənnüm edilən KAMİL İNSANlar, ƏRƏNlərdi, çünki HAQQın sevgisinə qovuşmuşdular. ŞƏRİƏTdən başlanan uzun və əzablı özünüdərk yolunu – TƏRİQƏTi keçərək MƏRİFƏTə yiyələnməklə HƏQİQƏTə çatmış, ərmiş, yetmiş HAQQın aşiqi olmuş bu müqəddəslərdən birinin 63, o birinin 45 illik şərəfli ömrü başdan-başa HAQQa, HƏQİQƏTə qulluqdan, ibadətdən ibarətdir. Yalnız HAQQı sevmiş, Onun uğrunda varlıqlarını fəda etmiş, İBLİSə, onun törətdiyi ŞƏRə, YALANa, ƏSARƏTə, ZÜLMə qarşı cihada çıxmış, HAQQın barışmaz düşməni olan bu şeytani qüvvələrlə savaşa öz bayraqları altında yüz minlərcə, milyonlarca insanı da aparmış bu ərənlər son nəfəslərinədək soydaşlarına da yorulmadan, usanmadan HAQSEVƏRLİK aşıladılar.

İkisi də Azərbaycanda İNSANLIQ, KİŞİLİK rəmzi kimi ad qazandı. “XALİQə ən qısa yol XALQı sevməkdən keçir” inancını başlıca yaşam şüarına çevirmiş hər iki ərən şəxsi həyatlarını xalq mənafeyi uğrunda çarpışmayla əvəzlədi, xalqı ailələrindən, millət övladlarını özlərindən üstün tutdu, doğma xalqa qulluqdan heç zaman heç bir TƏMƏNNA ummadı, ona heç vaxt minnət qoymadı, ondan bircə dəfə də gileylənmədi. Onlar NƏFSləriylə mübarizədən – dinimizcə, ən böyük cihaddan daim qalib çıxdılar, MƏNƏVİ TƏMİZLİK örnəyi kimi tanındılar, çünki hər cür dünyəvi ehtiraslarını boğdular, xalqın onlara sevgisindən heç zaman özləriyçün yararlanmadılar, bu sevgiylə bazarlıq yapmadılar, hakimiyyətə, şöhrətə və sərvətə uymadılar, el malını yeməyə, rüşvətxorluğa qənim kəsildilər. Onlar qardaşın-qardaşla üz-üzə duraraq vuruşacağı, günahsız qanlar tökülə biləcəyi başitirimli, sarsıntılı anlarda həm sonsuz SƏBR, DÖZÜM, TƏMKİN yiyəsi olduqlarını, həm fövqəladə durumlarda ən doğru çıxış yolunu tapa bildiklərini, həm də hətta ən qəddar düşmənlərini də el yolunda bağışlamağı bacardıqlarını işdə göstərdilər və bu üzdən də hamımız onlara UZAQGÖRƏNLİK, UMACAQSIZLIQ, TƏMİZLİK, DÖZÜMLÜLÜK və BARIŞCILLIQ təcəssümü kimi də inandıq. Bu keyfiyyətləriylə və bütövlükdə də dünyadakı yaşamalarıyla ikisi də doğulduqları torpağın qüdsiyyətini, övladı olduqları millətin şərəfini HAQQ yanında yüksəltdi.

İkisi də Tanrının insana bəxş etdiyi ən böyük təbii nemət olan AZADLIĞa tapındı, onun uğrunda savaşı yaşamalarının mənası saydı. Onlar heç vaxt heç kimin qarşısında susmadılar. DOĞRU SÖZü deməkdən utanmadılar, dediklərinə, etdiklərinə kimlərinsə güləcəyindən çəkinmədilər, HAQQı qorumaqda acizlik göstərmədilər, nəinki çağdaş olduqları qəzəbli hökmdarlara (I katiblərə), hətta o müstəbidləri yetişdirən çağın, dövranın özünə də baş əymədilər, onları dəyişdirməyə girişdilər və bunu bacardılar! Onlar heç zaman BUGÜNLÜK cari uğurlar deyil, SABAHKI ümummilli qələbələr uğrunda çarpışdılar, üç-beş-on il sonra xalqı, ölkəni, hərəkatı nə gözlədiyini öncədən duyaraq qurtuluş yollarını müəyyənləşdirirdilər və siyasətçilərimiz içərisində əsl STRATEQ olduqlarını sübut etdilər. HAQQ yolundakı ağır savaşda həmişə bir-biriylə məsləhətləşdilər, bir-birinə dayaq, arxa durdular, bir-birinə söykəndilər – Nəcəf bəysiz Elçibəy, Elçibəysiz Nəcəf bəy olmadı.

İkisini də HAQQın düşməni olan allahsız kommunist rejiminin 70 illik zülmü altında inləmiş, milli hüquqlardan məhrum edilmiş uca xalqımızın 1988-dəki möhtəşəm MEYDAN hərəkatı bir-birinə tanıtdı, doğmalaşdırdı. AZADLIQ, ƏDALƏT və İNSAN HAQLARI uğrunda ölüm-dirim savaşına qalxmış xalqın müzakirəsini ikisi də bir an belə tərəddüd keçirmədən dəstəklədi. Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, özünü tanıyandan ŞƏR dünyasını yıxmaq istədiyinə görə “KQB” zindanlarına atılmış dünənki siyasi məhbus Əbülfəz Elçibəy vüsalını neçə illərdir məcnuncasına həsrətlə gözlədiyi açıq mübarizə meydanının qoynuna ehtirasla atıldı və yenidən sürəkli təqiblərə uğradı. Rəsmi dövlət ideoloqu – respublika komsomolu Mərkəzi Komitəsinin orqanı olan “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru Nəcəf Nəcəfovsa həmin qəzeti “a-zad-lıq!” hayqıran millətinin ruporuna çevirdi və onun kommunist xəmirindən yoğrulmadığını görən allahsız hakimiyyət onu guya cəzalandıraraq “saray”dan dışarı atdı, əslindəsə HAQQa gedən yolunu daha da kəsə etdi. HAQQın Ona ərmişlərə buyurduğu, göstərdiyi yol birdi – MEYDAN! Elçibəylə Nəcəf bəy məhz burada görüşdülər, əl-ələ verdilər və bu əllər bir də 1999-un 17 dekabrında – Nəcəf bəy HAQQ dünyasına qovuşan zaman ayrıldı...

İkisi də yerli kölə kommunist hakimiyyətinin təslimçilik siyasəti nəticəsində məhvə məhkum edilmiş məzlum millətimizin taleyinin tükdən asılı olduğu dönəmdəki yeganə qurtuluşçunun – AZƏRBAYCAN XALQ CƏBHƏSİnin yaradıcılarındandı. Elçibəy AXC-nini ilk (və əbədi) sədri, Nəcəf bəysə ilk İdarə Heyətinin üzvüydü. Onlar AZADLIQ MEYDANInda milləti azadlığı, demokratiyaya birlikdə çağırdılar, erməni işğalına uğramış Qarabağı birlikdə kəndbəkənd gəzərək soydaşlarımıza HƏRTƏRƏFLİ yardım göstərdilər, onların qorunmasını təşkil etdilər.

İkisi də Azərbaycanda ilk HAQQ SÖZün banisi oldu – adını Elçibəyin qoyduğu “AZADLIQ” qəzetini redaktor Nəcəf bəy çıxarmağa başladı (24 dekabr 1989). Elçibəylə Nəcəf bəyin düşüncə və əməl qardaşlığı “AZADLIQ”dan millətimizə HAQQa inam, AZADLIĞa sevgi, İBLİSə nifrət, YALANa lənət aşıladı. Kommunistlərin 70 illik müdhiş yalan şəbəkəsinin torunda çırpınan milyonlarca soydaşımızın dünya HƏQİQƏTlərini dərk etməsində bu ərənlərin qardaşlığının ölçüyəgəlməz əməyi oldu!

İkisi də candan artıq sevdikləri doğma millətin xoşbəxtliyi yolunda ölümü şirin şərbət kimi içməyə hər an hazırdı. Ölümsaçan rus tankları 20 Yanvar gecəsi dağ-daşı lərzəyə gətirən zaman Bakının girişində onların qarşısını kəsən əliyalın soydaşlarımızın ən qabaq cərgəsində duran şəxs məhz Nəcəf bəydi. Moskvanın dilsiz-ağızsız qullarına çevrilmiş Azərbaycan KP MK I katiblərinin xalqımızın mənafeyini erməni ayaqları altına atmasına ən böyük əngəl törətmiş şəxsin məhz Əbülfəz Elçibəy olduğunu görən kommunist rejimi 23 avqust 1991-də onu öldürtmək, cismən yox etmək istədi. Hələ neçə yol ölümqabağı (14 may 1992 gecəsi, Kələkidəki neçə belə gecələr!..) “bəlkə bir də görüşmədik” deyə son dəfə halallaşdılar. Tanrının sevgisindən, ikisi də sağ-salamat qaldı və çarpışmalarını sürdürdü. 18 oktyabr 1991-də Milli Məclis Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edərkən ona səs verənlərin önündə millət vəkili Nəcəf Nəcəfov qürurla dayanmışdı, həyatını Vətəninin bu azadlıq gününü görməyə həsr etmiş AXC sədri Əbülfəz Elçibəyinsə sevincindən gözləri yaşarmışdı!

İkisi də allahsız kommunist rejiminin çöküşündən sonrakı ilk milli Azərbaycan dövlətinin beşiyi başında dayandı. Elçibəy ölkənin ilk HALAL prezidenti, Nəcəf bəysə onun müşaviri olaraq HAQQın, ƏDALƏTin bərpasına əllərindən gələni etdilər. Ən çətin müşkülləri həll edərkən, ən mühüm vəzifələrə kadrları təyin edərkən Elçibəy Nəcəf bəyin heç zaman YALAN, TƏMƏNNA və QƏRƏZ qarışmamış rəyini öyrəndi, daim ona inandı, ona güvəndi.

HAQQın qəddar düşməni olan İBLİS meydana çıxaraq özünün oddan yaranmış MƏLƏK olduğunu yüz minlərcə insana təlqin edə bildiyi zaman artıq Ağ evdən getmiş Nəcəf bəy yenə öz artıq yalqız qalmış dostunu tək qoymadı, ona hayan oldu, daha hakimiyyətin bütünlüklə uduzulduğunu, indi başlıca vəzifənin ölkəni qan dənizində boğulmaqdan qurtarmaqçün xalqı vətəndaş müharibəsindən qorumaqdan və indiyədək yetişmiş çox dəyərli demokratik qüvvələri qorumaqdan ibarət olduğunu ona inandırdı. Elçibəy məhz ona qulaq asdı və çox keçmədən Kələkini seçdi.

İkisi də Kələki acılarını uzun müddət birgə yaşadı. İBLİS Kələkini də qan çanağına çevirmək istədikdə iki qardaş birlikdə bütün fitnələrin, qan-qadanın qarşısını səbirlə, dözümlə aldı.

İkisi də 1997-nin oktyabrından sonra Bakıda çəkici bir zindana vurdu. Yeni siyasi durumda mübarizəyə başlayan Elçibəy artıq siyasətdən uzaqlaşmış Nəcəf bəylə yenə vaxtaşırı görüşdü, ondan məsləhətlər aldı.

İkisi də bir-birini hədsiz istəyir, bir-birinə sonsuz sayğı bəsləyirdi. Elçibəy Nəcəf bəyi tükənməz məhəbbətlə sevdiyini və onun məsləhətlərinə tərəddüdsüz qulaq asdığını təkrar-təkrar söylədi. 60 yaşının qeyd edilməsini qəti yasaqlamış Elçibəy 61 illiyini təntənəli şəkildə keçirməyə birdən-birə razı oldu və çoxlarını təəccübləndirdi. Həmin qeyri-yuvarlaq yubiley tədbirinin təşkilatçıları sonralar bildirdilər ki, sən demə, Elçibəy artıq Nəcəf bəyin xəstəliyinin umudsuzluğundan xəbər tutubmuş və həmin yubileyin keçirilməsinə də yalnız Nəcəf bəyə görə razılıq veribmiş ki, ikisinin də ad günü bir yerdə qeyd olunsun (Onlar ad günlərini Kələkidə də bir yerdə qeyd edərdilər). Bu halda Nəcəf bəyə xəbər verdikdə o, qəti etiraz edibmiş ki, məni Elçibəylə eyniləşdirmək, onunla bir səviyyədə tutmaq doğru deyil və o yığıncaq ikimizin də ad günü sayılsa oraya gəlməyəcəyəm. Beləliklə, həmin məclis rəsmən yalnız Elçibəyin yubileyi adlandı, ancaq Bəy onu tədricən həm də Nəcəf bəyin ad gününə çevirməyi ustalıqla bacardı...

Elçibəyin xalq arasında son dəfə görünməsi də məhz Nəcəf bəylə bağlıdır – artıq özü də ağır xəstə olsa da 22 iyun 2000-də “Nəcəf Nəcəfov Fondu”nun Bakı Mətbuat Klubunda keçirdiyi Nəcəf bəyi anım gününə qatılmış, onun millətimizin və Vətənimizin tarixindəki şərəfli yerindən danışmışdı...

İkisi də yetirmələrindən narazı getdi – əllərindən yapışaraq özlərinin səviyyəsinə qaldırdıqları dünənki tələbələr bu həyat müəllimlərinin onların üzərindəki HAQQı dandılar, onlara dönük çıxdılar. Doğrudur, ərən xisləti Elçibəyi də, Nəcəf bəyi də incikliklərini üzə vurmaqdan çəkindirdi, ancaq içlərində gizlətdikləri başqalarına da bəlli oldu, çünki ömürlərinin sonunda onların “Xaqani, 33” ünvanından uzaq qaçmasını, oraya ayaq basmaqdan əzab duymasını dostları, yaxınları da görürdülər...

İkisi də eyni xəstəliyə – xərçəngə tutuldu. İkisi də həm xəstəliyi, həm də ölümü HAQQ ƏMRİ, Tanrının göndərdiyi müqəddəs nemət sayaraq onları qətiyyən təşviş keçirmədən, ərənə yaraşan ləyaqətlə, sayğıyla qarşıladı. Onlar indiyədək yaşayışlarındakı hər şeydən: sevinclərindən və dərdlərindən, qələbələrindən və məğlubiyyətlərindən, dostlarından və düşmənlərindən... aldıqları LƏZZƏT və ZÖVQü indi də öz xəstəlik və ölümlərindən aldılar! HAQQa ərməyin, Ona qovuşa bilməyin adi insanlarçün əlçatmaz olan bu təzahürü yalnız MÜQƏDDƏSLƏRdə üzə çıxır, çünki təkcə onlar belə HAQQ lütfünə, xoşbəxtliyə ərir, yetişir – axı onlar bizim kimi suçlular yox, HAQQIN SEVDİYİ ƏRƏNLƏRdir!!!

Artıq özünün son günlərini saymağa başlamış Nəcəf bəy “bu zəhrimar xəstəlik səni haradan tapdı!” deyə gileylənmiş həyat yoldaşına “xahiş edirəm mənim möhtərəm xəstəliyimin kefinə dəymə” söyləyərkən əslində zarafat etmir, tam ciddi fikrini bildirirdi. O, yaşayışın mənasını yalnız cismani mövcudluğun sürdürülməsində görən sıravi insanlara xas olmayan qeyri-adi təmkinlə bütün ailə üzvlərinə, dost və tanışlarına özünün cismani yoxluğunu təlqin edir, ömrünün son çağlarını yalnız Tanrının dərgahına ləyaqətlə getməkçün hazırlaşaraq sanki Onun qarşısında imtahan verəcəkmiş kimi sonsuz həvəslə QURANı öyrənməyə, Allahın (c.c.) fərz buyurduğu ibadətləri yerinə yetirməyə, Məhəmməd peyğəmbərin (s.ə.s.) həyatıyla tanış olmağa can atırdı. (Onu yoluxmağa gəlmiş Elçibəylə bu dünyadakı son görüşündə – 30 noyabr 1999-da öz mənzilində söhbətləri də yalnız QURAN və HAQQ mövzusunda olmuşdu). Doğrudur, Nəcəf bəy Allahın hökmlərini bu çağacan Qurandan öyrənməsə də, müqəddəs kitabı anlamağa nisbətən gec başlasa da əslində o, bütün yaşayışını, düşüncə və əməl prinsiplərini İLAHİ BUYURUQLAR üzərində qurmuş və yalnız Tanrıya xoş gedən işlər görmüşdü. Bu baxımdan Nəcəf bəyi ərənliyin ŞƏRİƏT mərhələsindən də uğurla keçmiş saya bilərik.

Elçibəy HAQQın az-az millətlərə nəsib etdiyi müqəddəs bir ərən, mükəmməl bir sufi şeyxi, mürşiddi. (Bu haqda Tofiq Türkelin “Kamil insan” yazısını oxumağı tövsiyə edirik. Bax: “Savalanda görüşənədək, Bəy!” kitabı. Bakı, 2000, 11-17-ci səhifələr). Nə yazıqlar ki, xalqımız onun bu keyfiyyətindən xəbərsiz qaldı, çünki özü bunu bir-iki müridindən başqa hamıdan gizlətdi, müridlərinəsə danışmağı qəti yasaqladı. Soydaşlarımız onu yalnız bir siyasətçi, dövlət adamı, yaxud alim kimi tanıdığına, onu bizim kimi sıradan bir insan kimi saydığına görə hərəkətlərinin, sözlərinin bir çoxunu anlaşılmaz müəmma kimi qarşıladı, bəzən hətta bəyənməyənlər, dodaq büzənlər, lağ edənlər, şəbədə qoşanlar da oldu. Düşünürəm ki, bizlər – adi öləri insanlar müəmma saydığımız həmin hikmətlərin əsl mahiyyətini heç zaman aça bilməyəcəyik, onları yalnız HAQQın özü zaman-zaman xalqımıza bir-bir başa salacaq.

Bəli, Elçibəy də əsl ərən kimi davranaraq, cismini qapsamış xərçəng xəstəliyinin mərdliyini öyür, insanlara ondan qorxmamağı aşılayır, əslində bu dəhşətli xəstəliyi məğlub etməyin asanlığına inanmağa çağırır, ölümün mövcud olmadığını – əbədi RUHun müvəqqəti cismi tərk etdiyini söyləyir, yalnız bəzi yarımçıq işlərini başa vura bilmədiyinə görə ölümünə təəssüflənir. Millətinə qoyub getdiyi müraciətlər də göstərir ki, Elçibəy əslində özünün yoxolmazlığını bildirir – axı RUHu ölməyəcək, həmişə bizimlə olacaq, bizə yardım göstərəcək!

Təkrar edirəm: Tanrı onları bir-biriyçün yaratmışdı. Nəcəf bəy 17 dekabr 1999-da HAQQa qovuşdu. Həmin gün Elçibəy həyatında ən ağır şəxsi itkisinin göynərtisini yaşadı – bütün gün qapını içəridən bağlayaraq heç kəsi yanına buraxmadı, heç nə yeyib-içmədi və yalnız Nəcəf bəyin RUHuyla baş-başa qaldı. Adətən insanların qarşısında gözüyaşlı görünməyi sevməyən Elçibəy onun dəfni günü – 18 dekabrda Aktyor evindəki dəfn törənində tez-tez göz yaşlarını silirdi...

Ürəkdən inanıram – onlar bir-birindən ayrı yaşaya bilməzdilər! Təsadüfi deyil ki, Elçibəyin xəstəliyi məhz Nəcəf bəy dünyasını dəyişən gündən başlayıb. Əminəm ki, HAQQa Nəcəf bəydən öncə Elçibəy qovuşsaydı onda çox keçmədən Nəcəf bəylə vidalaşmalı olacaqdıq...

Hər ikisini Tanrı bu dünyaya HƏQİQƏT, ƏDALƏT elçisi kimi göndərmişdi. İkisi də HAQQın buyurduqlarını ləyaqətlə, şərəflə yerinə yetirirdi. İkisini də HAQQ sevdi, əbədi xoşbəxtliyə qovuşdurdu. Həmin SEVGİ, XOŞBƏXTLİK onları sevənlərə, onların YOLunu gedənlərə də nəsib olsun. Amin!

18 noyabr 2000.

P.S. Tanrı bəzən böyük bir toplumun, millətin günahlarını onların içərisindən çıxmış bir, ya bir neçə ƏRƏNin ruhuna bağışlayır. İnanıram ki, torpaqlarının itkisinə, zülm və təhqirlərə dözməklə ağır günahlar qazanmış millətimizi dəhşətli 25 noyabr zəlzələsindən sağ-salamat çıxaran da məhz Elçibəylə Nəcəf bəyin ruhları oldu!

 

 

ANA SƏHİFƏ | NƏCƏF NƏCƏFOV | FOND | LAYİHƏLƏRİMİZ | MEDIADA BIZ | Press-relizlər | KİTABXANA | PRESSA | ƏLAQƏ | Linklər | FORUM                                    

© 2005. Nəcəf Nəcəfov Fondu.